- İSLAMOFOBİYANIN ACI NƏTİCƏLƏRİ
Qədim yunan dilindən gəlmiş olan və günümüzün ingilis dilində də yüzlərlə kəlmənin yanında işlədilərək yeni kəlmələr törədən “fobia” kəlməsi “qorxu” mənasına gəlməkdədir. Məsələn, zoofobiya: heyvan qorxusu, antlofobiya: sel qorxusu və s. Verdiyim misallardan da anlaşılacağı kimi, nəzər nöqtəsinə qoyduğumuz “islamofobiya” kəlməsi, “islam qorxusu”, “islamlaşma qoxusu” kimi tərcümə edilir.
Bu kəlmə avropada yazılı olaraq, qəzetlərdə və siyasilərin çıxışlarında ilk dəfə 1920-ci illərin əvvəllərində işlənmiş olsa da, əslində məna baxımından keçmişi daha qədimdir. Məsələn, Avropanın, daha doğrusu İspaniyanın tarixi keçmişinə baxacaq olsaq, 711-1492-ci illər arasında bu bölgə müsəlman ərəblərin hakimiyyəti altında olub. 1492-ci ildə son Endülüs dövləti də süqut edəndən sonrakı yüz otuz il müddətində oradakı müsəlman əhalininhamısı İspaniyanı tərk eləmək üçün məcburi köçürülməyə məruz qalıb. O dövrdə avropadakı yerli xanlıqların və papazların xalqı müsəlmanlara qarşı mübarizədə ayağa qaldırmaq üçün işlətdikləri bir vasitə idi, islamofobiya. Daha sonrakı “xaçlı səfərləri”ndə də bu atmosferdən çox istifadə edildi.
Bu ifadənin günümüzdəki yerini başa düşmək üçün bir daha əsrimizin əvvəllərinə qayıdaq.Bu nifrətin yazılı adı 1920-ci illərdə qoyulmuş olsa da, bundan sonrakı doxsan il müddətində demək olar ki, yaddan çıxır, kitabxanaların tozlu rəflərinə çəkilir. Niyə; çünki artıq birinci dünya müharibəsi sona çatmış, qüdrətli Osmanlı imperiyası dağıdılmış, müsəlman ölkələrinin demək olar ki, hamısı müstəmləkələrə çevrilərək avropa ölkələri arasında bölüşdürülmüşdü. Yəni artıq “qorxulacaq” bir din, “çəkiniləcək” bir qüdrətli millət qalmamışdı. Otuzuncu illərdə bütün dünyada tüğyan edən iqtisadi böhran, arxasınca baş göstərən ikinci dünya müharibəsi, sonra da alovlanan soyuq müharibə bu termini dərin yuxusundan ayıltmadı. Elə ki, soyuq müharibə qurtardı, suyu buraxılan su bəndinin dibindəki batıq gəmilərin çürük dirəkləri kimi, daha əvvəl böyük münaqişələrin kölgəsində qalan köhnə mübahisələr yenidən gündəmə gətirilməyə başlandı. Müsəlman ölkələrin inkişaf etmə həvəsi, daha yaxşı yaşamaq üçün iqtisadi cəhətdən daha irəlidəki ölkələrə axın eləməsi bəzi mənbələri narahat eləməyə başladı. Kommunist təhlükəsi bitmişdi, amma indi avropa üçün yeni bir təhlükə baş göstərirdi: islamlaşma. Milli-mənəvi dəyərləri çökmüş olan avropa və amerika ölkələri mənəviyyata ac nəsillərinin islamda nicat tapmalarından ehtiyat edirdi. Niyə?İslam, böyüyə-kiçiyə hörməti, qadın və ailə haqlarına riayət etməyi, kasıba əl tutmağı, əxlaqsızlıq və çirkin işlərdən uzaq durmağı, haqsızlığa razı olmamağı, qonşularına, bütün insanlara qarşı yaxşı münasibət göstərməyi əmr etdiyi üçünmü; təəssüf ki, yox. Dini özünümüdafiədən əlavə olaraq bunun altında yatan ən böyük səbəblər: “örtüsünə bürünmüş olan irqçilik” və kapitalizmin “kirli qazanc mənbələri”nin təsiri idi. Amerika və avropa bütün dünyada anti-irqçi çıxışlar edərkən, orta asiyadan gələnlərə əlinin tərsini göstərə bilməzdi. Geridəqalmış bölgələrdən gələn, köhnə müstəmləkələrindən çıxan “qara”ların istilasını dayandırmaq lazım idi. İçkidən, qumardan, əxlaqsızlıq yuvalarından ciblərini dolduran böyük kapital sahibləri də bu qaynaqlarının qurumasına göz yuma bilməzdilər. Yeni düşmənin adını qoymaq lazım idi. Elə bir ad ki, insanların içindəki insani duyğularını dəyişsin, içindəki səsi dəyişsin. Bu söz yeni dönəmin mediasında ilk dəfə 1991-ci ildə yenidən gündəmə gətirilsə də effekti az olur. Elə ki, 11 sentyabr 2011, Nyu Yorkdakı Ekiz Qüllələr vurulur, arxasınca “mədəniyyətlər çatışması” daha güclü bir tonda dilə gətirilir, artıq bu sözü bütün dünya məharətlə və cəsarətlə ifadə edir: “islamofobiya”. Yeni əsrin astanasında olan dünyanı idarə edib yönlədirmə mübarizəsi aparan “media” artıq nələri gündəmdə tutub, nələri arxa plana atmaq təlaşına düşür. Güclünün yanında durmaq onlar üçün rahat bir seçim idi. Son illər izlədiyimiz xəbər programlarını bir yadımıza salaq: fəlakət, yanğın, daşqın, münaqişə, müharibə, iğtişaş, hiddət, şiddət və ən əsası da, terror. Son illərin gənc nəsillərinin nə ilə böyüdülduyünün fərqindəsinizmi?Bir müsəlman ölkəsində, bir nümayişdə bir nəfərə daş dəysə, onu bütün xəbər kanallarında baş xəbər olaraq izləyə bildik. Müsəlmanlaşmaqdan təşvişə düşməyə başlayanbəzi qüvvələr səslərini yüksəltməyə başladılar, həm də elə yüksəltdilər ki, artıq onların səsindən başqa heç nə eşidilməməyə başladı: ey müsəlmanlığı seçmək istəyən gənclər, onlardan çəkinin! Əgər onların yanında yer alsanız, o zaman bizi qarşınıza almış olacaqsınız. Əgər onların yanında yer alsanız, qarşıdakı səngərdə yatacaqsınız. Əgər, əgər.... Bunu o qədər təkrarladılar ki, artıq içimizdəki sülhsevər, insansevər səsin ayarları ilə, sağlam düşüncəmizin parametrləri ilə oynadılar. Hər halda bu sözün yeri var; birinə qırx gün dəli desələr, axırda dönüb dəli olar. İndi siz deyin, son illərdə internet başda olmaqla həyatımıza yön verən medianın yetişdirdiyi gəncliyin halı necə olmalı idi? Niyə bu gün, son illərdə müsəlman olmağı seçən avropalı gənclər, belə desək, “İSLAMOFOBİYANIN UŞAQLARI” əllərinə imkan keçən kimi münaqişə ocaqlarına üz tutub qarşı səngərdə özünə yer axtarır?
Deyirlər ki, “insan umduğundan küsər”. İndi siz deyin, “İslam” deyəndə, “müsəlman” deyəndə, “Quran” deyəndə ancaq barbarlığın, şiddətin və nifrətin şüur altına yeridildiyi bu dünyada insanlar necə İslamdan küsməsinlər ki!? Bəlkə də, dünya elə bizdən ən nümunəvi əxlaqı, ən mərhəmətli insanı, ən adil qərarı, ən comərd əli, qısacası ən gözəl cəmiyyəti gözlədiyi, amma görə bilmədiyi üçün küsür!? Əgər bunu verə bilməməyin günahı bizdədirsə, onda, Allah köməyimiz olsun!
ŞƏRHLƏR