Dünya, yoxsa regional müharibənin ərəfəsində?

Dünya, yoxsa regional müharibənin ərəfəsində?

     Məlumdur ki, klassik politoloji anlamda dünya müharibəsi ikidən çox dövlətin qatıldığı müharibəyə deyilir. Bu gün Yaxın və Orta Şərqdə gedən proseslərə nəzər salanda,  istər-istəməz sual meydana çıxır: biz regional müharibənin şahidiyik, – ən pisi, məzhəb elemetlərinin də iştirak etdiyi, – yoxsa artıq dünya müharibəsinin ərəfəsindəyik?

Terminlər dayanıqlı da ola bilər, eləcə də zaman və reallığa uyğun dəyişə də bilər. Bu baxımdan, Suriya, İraq, Liviya və Yəməndə hər gün baş verən ağır döyüşlər, Misir və hətta dünyəvi dəyərlərin hökm sürdüyü Tunisdə son aylar ərzində terror dalğasının güclənməsi ən azından regional ziddiyyətlərin pik həddinə çatdığının sübutudur.

Suriya böhranı həll edilməmiş, bu ilin mart ayının 26-dan başlayaraq Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra körfəz ölkələrinin, eləcə də Misirin Yəmənin Aden şəhərini ələ keçirməyə çalışan Xusilərə qarşı hava zərbələrini endirməsi növbəti regional böhranın yaranmasından xəbər verir.  

Əgər 3-5 il öncəyə qədər söhbət super güclərin və region dövlətlərinin beynəlxalq terrora qarşı mübarizəsindən gedirdisə, indi sözügedən bölgədə müharibənin özü terrorun daha da çiçəklənməsinə və ən dəhşətlisi, İŞİD kimi qəddar və anti-İslami bir hərəkatın dövlət yarada bilməsinə aparıb çıxarmışdır. Bir sözlə, Ərəb Baharının gözləntiləri, təəccüf ki, acı reaksiyadan başqa heç nə doğurmadı.

Həmişəki kimi, ortaya konseptual suallar meydana çıxır. Proseslərin bu həddə gəlib çıxmasına aparan səbəblər hansılardır? Və hadisələrin bu həddə gəlib çıxmasında hansı aktorlar daha çox məsuliyyət daşıyır?

İstər adıçəkilən ölkələrdə, istərsə də Ukraynada baş verən hadisələr bir şeyi sübut edir. Dünyada gedən qlobal inteqrasiya proseslərinə baxmayaraq, geosiyasət, milli maraqlar, eləcə də Realpolitik anlayışları hələ də siyasi liderlərin şüurlarında dominantlıq təşkil edir. Biz “Hər şeyin arxasında duran ABŞ və onun müttəfiqləridir” fikrindən uzağıq, sadəcə, bir şeyi deyə bilərik ki, geosiyasi hadisələr elə bir məcrada inkişaf edə bilər ki, sonda müsəlman dövlətləri indikindən də acınacaqlı duruma düşə bilər. Bu səbəbdən, yaranmış problemlərinin həllində ciddi nailiyyət əldə etmək üçün elə region dövlətlərinin qarşılıqlı kompromislər əsasında razılaşma əldə etməsinə ehtiyac var. Aprelin 2-də Qərb və İran arasında imzalanan nüvə razılaşması (bu barədə növbəti məqalələrimizdən birində ayrıca bəhs edəcəyik) göstərdi ki, dövlətlər lazım olanda kompromis əldə edə bilir. Bəs nədən müsəlman dövlət başçıları öz aralarında razılaşmaya gəlməsinlər?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz