Mədinənin ilk müəllimi Musab bin Ümeyr

Mədinənin ilk müəllimi Musab bin Ümeyr

Yaşadığımız dövrdə yaxşı və ya pis, hamımızın nümunə götürdüyü bir adam vardır. Kimisi bir futbolçunu, kimisi bir jurnalisti, kimisi də bir elm adamını özünə ideal seçər və həyatında ona bənzəməyə çalışar. Çox sevdiyim can dostumun həyatında da nümunə götürdüyü bir insan var. Bu insan Hz. Peyğəmbər zamanında yaşamış Musab bin Ümeyrdir. Yoldaşımın Musaba olan sevgisini isə Musab bin Ümeyrin həyatını izah edərək xatırlamaq və sizlərə xatırlatmaq istəyirəm.

O, əshabi-kiramın qabaqcıllarındandır, ləqəbi Əbu Məhəmməddir. Məkkənin zəngin ailələrindən olub, yaraşıqlı və gözəl geyinən bir gənc idi. Valideynləri üstündə titrəyərdilər. Xüsusilə, Məkkənin ən zənginlərindən sayılan anası, oğuluna gözəl paltarlar geydirər və gözəl qoxular sürərdi. Məkkəlilər də onu heyranlıqla seyr edərdilər. Bir dəfə Hz. Peyğəmbər onun haqqında belə buyurmuşdu: “Məkkədə Musab bin Ümeyrdən daha gözəl geyinən, daha yaraşıqlı və daha çox nemətlər içində üzən başqa bir gənc görmədim.” (İbn Sad, ət-Tabaqatul-Kübra, Beyrut, 116)

Musab Məkkədə o günün şərtlərinə görə zənginlik və ehtişam içində yaşayarkən, Hz. Peyğəmbərin insanları İslama dəvət etdiyini öyrəndi. Çox vaxt itirmədən Hz. Peyğəmbərin yanına gedərək müsəlman oldu. O əsnada məkkəlilər müsəlmanlara sıx güclü təzyiq göstərdikləri üçün, Hz. Musab müsəlman olduğunu ailəsindən gizləmək məcburiyyətində qalmışdı. Amma gizlincə Peyğəmbərimizi ziyarət edirdi. Bir gün Musabın namaz qıldığını görən Osman bin Talha vəziyyəti qohumlarına xəbər verdi. Qohumları Musabı tutub həbs etdilər. Məkkənin zəngin və yaraşıqlı gənci üçün artıq əziyyət dolu çətin günlər başlamışdı.

Həbəşistana hicrət edən ilk karvana qoşulana qədər həbsdə saxlanan Hz. Musab hicrət imkanı tapan kimi, dinini daha rahat yaşaya bilmək üçün Həbəşistana hicrət etdi. Həbəşistandan qayıdanda onun vəziyyəti tamamilə dəyişmiş və əvvəlki Musabın yerini ürəyi İslam və imanla dolu, mətin və iradəli bir gənc almışdı. Anası onun bu mətanəti qarşısında təzyiqlərini bir az yüngülləşdirmək məcburiyyətində qaldı.

Artıq I Aqabə Beyəti olmuş və bir qrup mədinəlilər İslamı qəbul etmişdi. Onlar İslamı izah etmək və digərlərinə də təbliğ etmək üçün Rəsulullahdan bir müəllim istədilər. Hz. Peyğəmbər də bu əhəmiyyətli vəzifə üçün Hz. Musab bin Ümeyri vəzifələndirdi. Hz. Musab onlara həm namaz qıldıracaq, həm Quran öyrədəcək, həm də digər insanlara İslamı izah edəcəkdi və yeni insanları İslama dəvət edəcəkdi.

Beləcə, Mədinəyə ilk hicrət edən səhabə Musab oldu. Mədinədə ilk cümə namazını da onun qıldırdığı rəvayət edilir. (İbn Sad, 118)

Bir il sonra həcc mövsümündə yetmiş müsəlmanla Məkkəyə gələn Musab Hz. Peyğəmbərə İslamın Mədinədəki sürətli yayılışının müjdəsini verərkən belə demişdi: “İslamın girmədiyi və danışılmadığı ev qalmadı.” Oğlunun Məkkəyə qayıtdığını eşidən anası onu təkrar həbs etmək istəsə də, Musab imanından dönməyəcəyini qətiyyətlə bildirərək anasını bundan imtina etdirdi. Onun anasını İslama dəvəti bir nəticə vermədiyi kimi anası da Musabı yolundan döndərə bilmədi.

Bədir döyüşündə mühacirlərin bayrağı onun əlində idi. “Rəsulullahın bayraqdarı” kimi ad çıxarmışdı. Uhud döyüşündə də bayrağı o daşıyırdı. Döyüş əsnasında müsəlmanların geri çəkildiyini görən Musab atını sağa-sola sürür və yüksək səslə bu ayəni oxuyurdu: “Məhəmməd ancaq bir Peyğəmbərdir. Ondan əvvəl də bir çox Peyğəmbərlər gəlib keçmişdir.” (Ali-İmran, 144; İbn Sad, 120,121). Uhudda İslam ordusunun bayrağını daşıyan Musabın əvvəlcə sağ qolu kəsildi. Dərhal bayrağı sol əlinə alaraq döyüşə davam etdi. Lakin sol əli də kəsildi. Bu dəfə bədəniylə bayrağa sıx sarıldı və yuxarıdakı ayəni oxumağa davam etdi. Sonunda müşriklərin bir mizraq zərbəsiylə şəhid oldu. Bayrağı dərhal Suveybit bin Sad və Əbur-Rum bin Ümeyr adlı səhabələr götürdülər.

Hz. Musab şəhid olaraq yerdə yatarkən, günün sonlarına doğru, Hz. Peyğəmbər Musabı əlində bayraqla gördü və “İrəli, ey Musab!” deyə səsləndi. Lakin o adam geri dönərək “Mən Musab deyiləm” dedikdə Hz. Peyğəmbər onun Musab qılığında döyüşən Allahın mələklərindən biri olduğunu anladı (İbn Sad, 121).

Uhud döyüşündə bir çox qabaqcıl səhabələr şəhid oldu. Hz. Musab da şəhidlər arasında idi. Hz. Peyğəmbərin nə qədər kədərli olduğu üzündən oxunurdu. Musabın mübarək cəsədinin yanında oturub, Uhud şəhidləri haqqında nazil olduğu bildirilən bu ayəni oxudu: “Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər.” (əl-Əhzab 23) Sonra Hz. Peyğəmbər digər səhabələrə tapşırdı ki, şəhidlərə yaxınlaşıb salam versinlər. Verilən salamların şəhidlər tərəfindən alınacağını ifadə etdi. (İbn Sad, 121).

Hz. Musab şəhid edildikdə qırx yaşlarında idi. Bir zamanlar zənginlik və rifah içində yaşayan bu qiymətli insanı kəfənləyəcək bir parça tapılmırdı. Hz. Peyğəmbər yanına gəldikdə Musab bin Ümeyr köhnə bir əbasında, saçları dağılmış, bədəni isə qılınc və mizraq zərbələriylə parçalanmış bir vəziyyətdə yatırdı. Hz. Peyğəmbər kədərli halda bunları söylədi: “Səni Məkkədə gördüyümdə, səndən daha gözəl geyinən, səndən daha yaraşıqlı heç kim yox idi. İndi isə, kəfənləndiyin əbadan başın çölə çıxır.”

Allah ondan razı olsun. AMİN.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz