FACE FACE ALLAHın DİNİNƏ ÇAĞIRMAQ
“Gənclər nə edir?” deyə soruşduğumda, gənclərin problemləri ilə yaxından maraqlanan bir böyüyümüz “Gənclər virtual aləmdə yaşayır. Orada yeyir, içir, orada yatır, orada dost-tanış qazanır.” -deyə cavab vermişdi.
Bu ümumi fikirləri bütün gənclərə şamil etmək nə qədər doğrudur bilmirəm, ancaq bu gün dünyada yüz milyonlarla ölçülən kütlələr sosial şəbəkələrdə ictimai (!) amma özünə qapalı bir həyatı mənimsəmiş vəziyyətdədirlər. Dolayısı ilə, XXI əsrin gəncliyi zamanını harada və necə keçirir sualı sosial şəbəkələrdə cavabını tapır.
Sosial şəbəkə nə deməkdir?
İnsanların internet mühitində görüb bəyəndikləri şəkil, yazı, musiqi, video, sənəd və s. kimi materialları öz siyahılarındakı dostları ilə paylaşmalarını təmin edən virtual aləmə deyilir. Bu səhifələrdə qruplar qurula bilir, platformalar meydana gətirə bilirsiniz. İstər fərdi, istər bir təşkilat adı ilə öz səhifənizi meydana gətirib bir qrupu idarə edir, onlara istədiyiniz an mesajınızı çatdıra bilirsiniz.
Paylaşmaq insanın təbiətində vardır. İnsan, interneti də bir istehlak vasitəsi olaraq istifadə edərək öz maraqları istiqamətində bir sıra ünsürləri paylaşma ehtiyacı hiss edir. Bu, bir növ buna bənzəyir: Yaxşı bir söz, faydalı bir məlumat, komik bir lətifə, ya da acı bir xəbər eşidirsiniz və dostlarınızla bunları paylaşırsınız. Bu, bir mənada içinizdəki insani bir xüsusiyyətin özünü zahirə vurmasıdır. Ancaq internet mühitində nəyi, kimlərlə paylaşdığınız, nə üçün və nə şəkildə paylaşdığınız qədər əhəmiyyətlidir. Bu, sizin şəxsiyyətinizlə, idrakınızla, məqsədlərinizlə əlaqəlidir.
Dünyada ən çox istifadəçisi olan sosial şəbəkələrin başında Facebook və Twitter gəlir. Video paylaşma saytı olaraq da Youtube irəlidədir. İndi az qala hər kəsin bildiyi sosial şəbəkə olan Facebookun dünya üzərində 500 milyondan artıq üzvü var. Bu rəqəmin 25 milyonu Türkiyədəndir. Yəni Türkiyədə hər üç nəfərdən biri Facebookun üzvüdür. Facebookun bazası milyonlarla insanın xüsusi və ya ümumi məlumatları ilə dolu. Bu social şəbəkəyə üzv olaraq yalnız bir hesab açmış olursunuz. Daha çox insanla əlaqə qurmaq üçün özünüzə bir səhifə açırsınız. Ya da bunu, sizin adınızdan bəziləri edir. Məhz bu səhifədən bütün virtual fəaliyyətlərinizi apara bilirsiniz. Burada istər xüsusi, istər ümumi sahədə paylaşmalarınızı görə bilər, siyahınızdakı insanlara mesaj göndərə bilərsiniz.
Burada əsl diqqət çəkmək istədiyimiz mövzu bu social şəbəkələri səmərəli şəkildə necə istifadə edə bilərik sualıdır.
Bu mövzularda tədqiqat aparan bir dostum bir gün mənə bu işin ölçülərini izah etmək üçün misal olaraq bir neçə adı Facebook üzərindən axtarmağımı istədi. Əldə etdiyimiz nəticə çox maraqlı idi: Bir insanın bu sayt vasitəçiliyi ilə milyonlarla insanla əlaqə qura bildiyini gördük.
Məsələn məşhur musiqiçi Eminemi 35.665.775 nəfər izləyir. İkinci sırada, 29 milyon təqibçisi ilə Lady Gaga və Micheal Jackson gəlir. Məşhur musiqi qrupu U2-ni, 8.591.370 nəfər izləyir. Yusif İslamı 260.301 nəfər izləyir. Allahın Evi Kəbə (Ka'aba - The House of Allah) qrupunu 1.643.804 nəfər izləyir.
Yuxarıdakı rəqəmlər bizə bir həqiqəti ifadə edir: Bu virtual mühitlərdə əslində İslamın təbliği üçün çox gözəl layihələr həyata keçirilə bilər. Milyonlarla insan buralarda gəzdiyinə görə bu insanlara ilahi mesajı təqdim etməyin bir vəzifə olduğu şüuru ilə hərəkət edilib nələr edilə biləcəyi planlana bilər.
Məsələn bu imkan Həzrət Peyğəmbərin yaşadığı dövrdə olsaydı nə edərdi?
Böyük ehtimalla səhabənin ən gənc və fəallarını seçər və onlara sosial paylaşma şəbəkələrində fərqli-fərqli qruplar qurdurar, İslama dəvəti bu sahədə də davam etdirərdi.
Necə ki, Peyğəmbərimiz insanın əhyası üçün hər sahədə fəaliyyət göstərmişsə, bu sahədə də səhabələrindən yeni-yeni fəaliyyətlər istəyərdi.
Peyğəmbərimizin gənc səhabələri vardı: başda Musab bin Umeyr, Hanzala, Ammar, Habbab bin Ərət kimi. Bəlkə insanların dəstə-dəstə İslama gəlmələri üçün onlar bu imkanları var gücləri ilə istifadə edib üsyan dənizində boğulan bir insana hidayət aparardılar.
Peyğəmbərimizin “qardaşlarım” deyə tərif etdiyi bizlər, bu imkanları necə və nə şəkildə istifadə edirik?
Çünki internet öz dilini, öz insan tipini, öz fəlsəfəsini meydana gətirir. Milyonlarla insan, bir düymə ilə hər şeyə çata bilir. Bu dünya, “azadlıq” adı altında hər şeyi mübah görür. Bu dünyaya öz mevziinizi təyin etmədən, öz qaydanızı qoymadan girsəniz hazır yem olub sosial paylaşma şəbəkələrində ov ola bilərsiniz. Onun üçün bu sosial paylaşma şəbəkələri insanların İslamla görüşməsi üçün bir vasitə olaraq görülə bilər. Virtual dünyanın haqqını vermək bir məsuliyyətdir. Bunu bir nemət bilməliyik. Təbliğ qrupları meydana gətirməli və milyonlara çata biləcək səhifələr açmalıyıq. Bu da İslamı təbliğ etməyin başqa bir ölçüsüdür.
ŞƏRHLƏR