Əmanət Şüuru

Əmanət Şüuru

Uca Allah Qurani-Kərimdə belə buyurur:

“Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir.

Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qadınları əzaba uğratsın, mömin kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə (əmanəti öz razılığı ilə Adəm övladına tapşırdı). Allah (möminləri) bağışlayandır, rəhm edəndir!” (əl-Əzhab, 72-73)

Allahın xəlq etmə sənətindəki möcüzəsi olan kainatın hər bir ünsüründə, hər bir zərrəsində ilahi ehtişamın sərgilədiyi saysız-hesabsız məqamları sezmək mümkündür. Bu məqamların idrak edilərək Allahın qarşısında həqiqi bir təslimiyyətə səbəb olan itaət və ibadət bəxtəvərliyinə çevrilməsi, Adəm övladının daşıdığı əmanət yükünü dəyərləndirməyə imakan verən gözəl bir nəticədir.

İlahi yaranışın bənzərsiz nümunələrindən olan arının üç həftəlik həyat hekayəsi, əmanətə riayət etmə mövzusunda insan üçün xüsusi bir örnəkdir. Az qala iynənin ucu böyüklüyündə beyinə malik olan arılar, dünyaya göz açdıqları zaman onları əhatə edən aləm haqqında ani olaraq tam təfsilatı ilə məlumat almağa başlayırlar. Beyinciklərində yerləşən 170000 neyron ilə ətraf aləmi qavrayan arıların, ilahi həyat ritminə sədaqətini yoxlamaq üçün milyardlarla neyrona sahib olan insan tərəfindən yaradılan mümkün, hətta qeyri-mümkün hesab edilən bütün sınaqlardan ağlagəlməz bir məntiq və dəqiqliklə çıxması, bu varlıqların Allahın əmrinə olan təslimiyyətini göstərən qibtə ediləcək bir örnəkdir. Arılar üzərində dünyanın elm mərkəzləri tərəfindən aparılan və ağılları heyran qoyan nəticələr aşağıdakıları əminliklə söyləməyə əsas verir: Allahın əmrinə tam bir təslimiyyət göstərən arılar ilahi əmanətə riayət bəhsində insana utancverici dərs keçir.

Əmanət şüurunun insan mənliyində əks-səda verməsi üçün aparılan mücadilənin bütün ağırlığını üzərinə götürən peyğəmbərlərin və onların göz bəbəyi olan Hz. Məhəmməd (s.ə.s)-in bu istiqamətdəki çalışmaları önəmli məqamları ilə seçilir. Rəsulullahın əbədi qurtuluşumuzun əsasını təşkil edən Allaha iman həyəcanını əmanətə riayətlə sıx şəkildə bağlılığını bəyan edən hədisi insan övladına edilən ən şiddətli xəbərdarlıqdır:

“Əmanəti olmayanın imanı da yoxdur. Əhdə vəfası olmayanın da dini yoxdur.” (Əhməd, III, 134; Bəzzar, 100)

Rəsulullahın mübarək həyat səlnaməsi ilə əhatələnən zaman kəsimi, İslam dininin böyük bir şövqlə yaşandığı əsri idi. Rəsulullahın rəhmət əsintiləri ilə bəslənən insanlıq münasibətləri nəinki kainatı, hətta ərşi belə titrədəcək möhtəşəm bir səviyyə qazanmışdır. Maddi və mənəvi sıçrayışla yüksəlış əzəmətini yaşamış olan səhabə nəslinin sahib olduğu əmanət şüuru, qiyamətə adəm övladlarını doğru yöndən qidalandıracaq gücdədir.

Söylədiklərimizin ən parlaq misalı Rəsulullahın haqqında: - “Quranı bu dörd zatdan: İbn Məsud, Salim, Übey və Muazdan öyrənin!” -dediyi Abdullah bin Məsud həzrətləridir. Onun əmanət haqqında söylədikləri sözlər istisnasız olaraq duyğulu qəlbləri silkələyəcək ölçüdədir:

“Allah yolunda şəhid olmaq borc xaric hər şeyin əfv edilməsinə səbəb olur. Biri Allah yolunda şəhid olmuşsa, ona “əmanəti sahibinə ver” deyilir. O, -“Allahım! Bütün dünyalıq əlindən çıxdığı halda mən onu necə ödəyim, -söyləyincə -“onu cəhənnəmə atın” -deyilir.” Daha sonra Almış olduğu əmanət təslim aldığı gündə olan şəkli ilə özünə göstərilir. O da onu tanıyar, arxasınca düşər və alaraq çiyninə yükləyər. Onunla birlikdə çıxacağını təxmin edərkən (əmanət) çiynindən düşər. Yenə də almaq üçün əyildikdə davamlı əzab görənlərin içinə düşər və qalır.” Bu dəhşətverici sözlərdən sonra Abdullah bin Məsud həzrətləri insanın yüklənmiş olduğu əmanət mükəlləfiyyətinin əsaslarını belə dilə gətirir:

- “Namaz əmanətdir! Dəstəmaz əmanətdir! Ölçü əmanətdir! Tərəzi əmanətdir...” Bundan başqa çox şeyləri saydı. Saydıqları şeylərin ən şiddətlisi əmanət olaraq verilən əşya idi.

Əmanət şüurunun sərhədləri, yerləri, dağların yüklənməkdən çəkindiyi üfüqləri əhatə etdiyindən onun bəşər idrakında daima diri tutulması və Quranla Sünnənin məna iqlimində dəyərləndirilərək haqlarının qorunması, nəfslərimizi dünyadakı son anımıza qədər məşğul edən ən önəmli vəzifə olmalıdır. Hər birimiz açıq şəkildə dərk etməliyik ki, əmanət şüurunun mənliyimizə qırılmaz bağlarla sarılması ilahi qanunların mahiyyətini anlamağa və onu qiymətləndirməyə imkan verən bir nailiyyətdir. Unutmayaq ki, bu nailiyyəti xüsusi bir həssaslıqla qorumağı əmr edən Rəbbimiz bizdən xəyanətdən uzaq olan şüuru istəyir:

“Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə (Onun Peyğəmbərinə) və aranızdakı əmanətlərə xəyanət etməyin! (Allahın əmrlərinə, Peyğəmbərin şəriətinə, dini vəzifələrinizə və borclarınıza sadiq olun!)” (əl-Ənfal, 27)    

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz