Allah Rəsulunun (s.ə.s) comərdliyi və infaqı
Tabiunun böyüklərindən Abdullah əl-Hərəvi Allah Rəsulunun comərdlik keyfiyyətinə bələd idi. Ancaq bunu daha yaxından öyrənmək istəyirdi. Bir gün Abdullah Hələbdə Bilal Həbəşiyə (r.a) rast gəldi. Əlinə fürsət düşmüşdü. Dərhal soruşdu:
“- Ey Bilal! Allah Rəsulunun infaqı necə idi?”
Hz. Bilal dedi:
“- Allah tərəfindən peyğəmbər olaraq göndərildiyi gündən vəfatına qədər Rəsulullahın bir çox işini, onun adından mən idarə etdim. Yanına kasıb bir müsəlman gələndə gedib borc alıb o adama ərzaq və paltar almağımı tapşırardı. Bir gün bir müşrik qarşıma çıxıb:
“- Ey Bilal! Mən zəngin bir adamam, imkanlıyam. Bundan sonra başqalarından borc istəmə, gəl məndən borc al!” - dedi. Mən də elə etdim. Bir gün dəstəmaz alıb azan oxumağa hazırlaşırdım ki, həmin müşriki bir qrup tacirlə qarşıdan gələn gördüm. Məni görən kimi; “Ey Həbəşi!” -deyə səsləndi. “Nə var?” - deyə soruşdum. O mənə sifətini turşutdu, sərt-sərt baxdı, bəzi ağır sözlər söyləyərək:
“- Ayın başına nə qədər var?” - dedi. Mən də “Az qalıb” - dedim. O:
“- Cəmi dörd gün qalıb. O gün gələn kimi səndən alacaqlarımı tələb edəcəyəm. mən o pulları sənin və o adamın xətrinə vermədim. Mənim köləm olasan deyə verdim. Qaytara bilməsən qoyunlarımı otaracaqsan!” - dedi.
Bu sözləri eşidəndə pis oldum. Yatsı namazından sonra Rəsulullaha:
“- Ya Rəsulallah! Atam-anam sənə fəda olsun! O borc aldığım müşrik gəlib mənə belə sözlər dedi. Nə sənin, nə də mənim pulları ödəmək imkanımız var. Mənə izin verin İslamı yeni qəbul edən qəbilələrdən birinə sığınım. Allah Peyğəmbərinə ruzi verərək mənim yerimə borclarımı ödəyənə qədər onların yanında qalım.” - dedim.
Rəsulullahın icazəsiylə evimə gəldim. Qılıncımı, süngümü, mizrağımı və nəleynlərimi başımın altına qoyub uzandım. Çox narahat idim, iki dəqiqədən bir oyanırdım. Gecədən xeyli keçəndən sonra birtəhər yuxuya getdim. Səhər tezdən getməyə hazırlaşırdım ki, bir nəfərin:
“- Bilal! Rəsulullah səni çağırır!” - dediyini eşitdim. Allahın Elçisinin qapısına çatanda dörd yüklü dəvə gördüm! İcazə istəyib içəri daxil oldum. Hz. Peyğəmbərimiz (s.ə.s):
“- Bilal, müjdə var! Allah-Təala borcunu ödəmək üçün mənə mal bəxş etdi.” - dedi. Mən Allaha şükür etdim. Rəsulullah:
“-Qapının önündəki dörd dəvə yükləriylə birlikdə sənindir. Fədək bölgəsinin sahibi göndərib. Get, borclarını ödə.” -dedi. Allah Rəsulunun dediklərinə əməl etdim. Yükləri boşaltdım, dəvələrə yem verdim və sübh azanını oxumağa getdim. Rəsulullah namazı qıldırıb qurtaran kimi Baqi qəbiristanlığına getdim, barmaqlarımı qulaqlarıma qoyub:
“- Kimin Rəsulullahdan alacağı varsa gəlsin!” – deyə qışqırdım. Əşyaları satmaq, nağd pula çevirmək, borc yerinə vermək kimi yollardan istifadə edərək Peyğəmbərimizin (s.ə.s) bütün borclarını ödədim. Beləliklə də Allah Rəsulunun yer üzündə heç kimə borcu qalmadı. Hətta bir qədər də pul artıq qaldı. Axşamüstü məscidə getdim. Gördüm ki, Hz. Peyğəmbərimiz (s.ə.s) məsciddə tək-tənha oturub. Salam verdim. Məndən:
“- Nə oldu, nə etdin?” -deyə soruşdu.
“- Allah Peyğəmbərinin bütün borclarını ödədi, heç bir borcu qalmadı” – dedim.
“- Yaxşı, artıq heç nə qalmadı?” -deyə soruşdu.
“- Qaldı, iki dinar qaldı” -dedim.
“ – Tez ol məni o iki dinardan da qurtar. Onları da sədəqə ver, o iki dinarı əldən çıxararaq məni rahat etmədikçə ailəmin yanına getməyəcəyəm!” -dedi.
Amma o iki dinarı verə biləcəyim kimsə gəlmədiyi üçün Hz. Peyğəmbərimiz (s.ə.s) uzun müddət məsciddə gözləməli oldu. Nəhayət, axşama yaxın iki süvari gəldi. Onları götürüb bazara getdim. O iki dinarla onlara pal-paltar və yemək aldım. Peyğəmbərimiz yatsı namazını qıldıran kimi məni çağırıb:
“ – Yanındakılar nə oldu?” -deyə soruşdu.
“ – Allah səni rahatlığa qovuşdurdu” -dedim.
Bu cavab müqabilində təkbir gətirdi. Öhdəsində iki dinar varkən ölmək qorxusundan azad olduğu üçün Allaha həmd etdi. Sonra ayağa qalxdı. Mən də onun arxasınca getdim. Bütün ailə üzvlərinə tək-tək baş çəkib salam verdi. Sonra gecə qalacağı otağına daxil oldu.
Ey Abdullah, sualın cavabı budur!” (Əbu Davud, Xərac, 33-35/3055; İbn Hibban, Səhih, XIV, 262-264)
MƏSNƏVİDƏN
İbrahim bin Ədhəmin iynəsi
İbranim bin Ədhəm dəniz sahilində oturmuş, iynəsi ilə cübbəsini tikirdi. Gözlənilmədən İbrahim bin Ədhəmin padşahlığı zamanı sarayındakı əmirlərdən biri oraya gəldi. Bir vaxtlar padşah olan bu adamın iynə ilə öz cübbəsini tikdiyini görüb təəccübləndi. Öz-özünə:
“Sultanlığı tərk etdi, yoxsulluğu seçdi. Adam da padşahlığı tərk edib yoxsullar kimi cübbəsini tikər?” deyə düşündü.
İbranim bin Ədhəm o əmirin ağlından keçənləri sezdi. Dərhal iynəsini dənizə atdı və yüksək səslə iynəsini istədi. Yüzlərlə balıq ağzında qızıldan bir iynə suyun üzünə çıxıb ona yaxınlaşdılar. İbranim bin Ədhəm o əmirə belə dedi:
“Könül səltənəti daha yaxşıdır, yoxsa qara qəpiyə dəyməyən o adi səltənət?”
Əmir bunu görüncə vəcdə gəldi və dərindən bir ah çəkib ağlaya-ağlaya belə dedi:
“Dənizdəki balıqlar belə həzrəti Piri tanıyır, biz isə ondan xəbərsizik”.
ŞƏRHLƏR