İnsana yalan söyləməyən kəs Allaha yalan söyləməz
Peyğəmbərimzin belə bir hədisi var:
“Bu üç şeydən biri kimdə varsa, o şəxs namaz qılsa da, oruc tutsa da münafiqdir: Yalan söyləmək, sözündə durmamaq, əmanətə xəyanət.” (Əbu Davud)
Həzrət Əlinin də belə bir sözü var: “Allah qatında ən böyük xəta yalan danışmaqdır.”
Şabi isə belə deyir: “Yalançı ilə xəsis cəhənnəmə girər. Lakin hansının daha dərinə atılacağını bilmirəm.”
Quran və sünnənin gətirdiyi bir çox prinsiplər vardır ki, bu prinsiplər İslam dinindən öncə də vardı. İslamdan əvvəlki dinlər və mədəniyyətlər də bu ortaq prinsiplərə yer vermişdi. Lakin İslam dini bəşəriyyətin ortaq dəyərləri olan bu prinsipləri bir daha xatırladaraq, formalaşdırmaq istədiyi müsəlman şəxsiyyətinin əvvəlcə bu insani keyfiyyətlərə sahib olmasını istəmişdir.
Belə bir söz var. Müsəlman olmaq üçün əvvəlcə insan olmaq lazımdır. Yəni bəşəriyyətin ortaq keyfiyyətlərinə sahib olan insan. Məhz yalan danışmamaq, sözündə durmaq, əmanətə xəyanət etməmək və. s. bu keyfiyyətlərdəndir.
Bəzən görürük ki, yediyi konfetdə və ya içdiyi meyvə şirəsində spirt olub-olmadığını və yaxud işlətdiyi diş fırçasında donuz tükündən istifadə edilib-edilmədiyini axtaracaq dərəcədə həssas olan müsəlman çox rahatlıqla yalan danışa bilməkdə, verdiyi sözə əməl etməməkdə və ya tapşırılan bir işə məsuliyyətsiz yanaşmaqdadır. Bir də bu dinin Peyğəmbərinin bir adı da “Əmin” olduğu və Quranda açıq şəkildə: “Yalan sözdən çəkinin” (əl-Həcc, 30) buyurulduğu halda… Axı yalan münafiqin əlamətlərindən biridir. (Buxari)
Bəs bu cür təzadlı din anlayışına bizi sövq edən nədir? Bəzən digərlərinə nisbətən çox da mühüm olmayan məsələlərdə son dərəcə həsas olan müsəlmanın daha önəmli məsələlərə belə biganə yanaşmasının səbəbi nədir?
Belə bir yanlış din görüşünün əsas səbəbi İslamı -Quran və sünnəni- yanlış öyrənmək, qavramaq və öyrətmədir. Ya da dini öz mənfətinə görə izah etmədir.
İslam dininin əsaslarına, İslam elmihalı adlı kitablara nəzər saldıqda gürürük ki, ibadət və etiqad mövzuları şox geniş şəkildə ələ alınır. Əxlaqi mövzulara isə çox az yer verilir. Halbuki bunlar bir bütündür. Biri olmadıqda digərlərinin bir mənası qalmaz. Hətta əxlaq bunların təməl daşıdır.
Yalan, sözündə durmamaq və s. kimi məsələlərdə dinimizin nə qədər həssas olduğunu göstərmək və ibrət almaq üçün aşağıdakı Əbu Süfyanla Roma imperatoru Herakl arasındakı dialoq çox mühümdür.
Allah Rəsulu (s.ə.s.) qonşu ölkələrin hökümdarlarına İslama dəvət məktubları göndərirdi. Belə məktublardan birini də Roma imperatoru Herakla göndərmişdi. Herakl məktubu başdan sona qədər oxudu. O əsnada Şamda olan Əbu Süfyanı yanına çağırtdı və onların arasında belə bir dialoq baş verdi.
Herakl:
- Ona ən çox kimlər tabe olur, zənginlər, yoxsa kasıblar?
Əbu Süfyan:
- Kasıblar.
- Ona inandıqdan sonra üz çevirənlər oldumu?
- İndiyə qədər olmadı.
- Sayları artır, yoxsa azalır?
- Hər gün daha da artırlar.
- Heç yalan söylədiyini eşitdinizmi?
- Xeyr! Heç birimiz onun yalan söylədiyinə şahid olmadıq.
Aldığı məktubun təsirindən sonra, müsəlmanların ən amansız düşməni olan Əbu Süfyanın verdiyi cavablardan da heyrətə düşən Herakl belə dedi:
- Bu qədər vaxt insanlara yalan söyləməyən bir insanın Allaha yalan söyləməsi qeyri-mümkündür. (Buxari, "Bədul-vəhy", 6) Bu cümləni bir də tərsinə oxuyaq: İnsanlara yalan söyləyən Allaha da yalan söyləyər.
Çünki Hz. Aişənin də dediyi kimi yalanla iman bir yerdə ola bilməz.
ŞƏRHLƏR