ƏDƏB və NƏZAKƏT
Ədəb insanı digər məxluqatdan fərqləndirən bir xüsusiyyətdir. İnsan ədəb, nəzakət, zərafət və təqvası ilə Haqq qatında dəyər qazanır. Elə buna görədir ki, Haqq dostlarının gözəl vəsfləri arasında ədəb və nəzakət fəzilətinin müstəsna bir yeri vardır. Belə ki, bir çox mənəviyyat rəhbərləri də təsəvvüfü “gözəl əxlaq və ədəbdən ibarət” görmüşlər.
Əmir Külal həzrətlərinin mənəvi tərbiyəsi altında kamil bir ədəb və nəzakətlə yetişən Məhəmməd Bahauddin -qüddisə sirruh- mənəvi bağlılığının ilk illərində nəfsinin qürur və təkəbbürünü qırıb Rəbbinə qarşı “heçlik” halını layiqiylə hiss edə bilmək üçün xəstə və dərdli insanlara, yaralı heyvanlara xidmət etmək və insanların gəzdiyi yolları təmizləməklə vəzifələndirilmişdi. O özü, halını belə anladır:
“Mürşidimin əmr etdiyi yolda uzun müddət xidmət etdim. Mənliyim o hala gəldi ki, yoldan keçərkən Allahın hər hansı bir məxluqu qarşısında olduğum yerdə qalır, əvvəlcə onun gəlib keçməsini gözləyirdim. Ondan əvvəl addım atmazdım. Bu xidmətim yeddi il davam etdi. Bunun müqabilində elə bir hal təcəlli etdi ki, onların inilti şəklində həzin-həzin səslər çıxarıb Haqqa yalvarmalarını his etməyə başladım.”
Məhz hikmətlə nurlanan könüllər üçün kainatdakı hər şey ilahi qüdrət və əzəməti elan edən təcəllilərdən ibarətdir. Bu hala qovuşa bilmək üçün də mənəvi tərbiyə ilə ruhun riqqət və incəlik qazanması, ruhani mənzərələri görüb onlardan ibrət alacaq hala gəlməsi və hikmətdə dərinləşməsi şərtdir. Belə ki, ağılla qavranmayan bir çox sirlər hikmətlə açılır. Hikmətdə dərinləşmədən mənəvi sirlər ayan olmaz.
Ədəb Haqq yolçusunun ən qiymətli azuqəsidir. İnsan həm dindar, həm də kobud, yola getməz və nəzakətsiz ola bilməz. Çünki İslamın ruh etibarı ilə əsası etiqadda tövhid, əməldə isə ədəb, istiqamət və mərhəmətdir. Elə buna görə də deyə bilərik ki, bütün əsasları ilə İslam dini başdan sona qədər nəzakət, zəriflik və saflıq ölçülərindən, yəni “gözəl ədəb”dən ibarətdir. Haqq dostu Mövlana həzrətləri bunu necə gözəl ifadə edir:
“Gözünü aç və Allahın kəlamına başdan-başa bir bax! Ayə-ayə bütün Quran ədəb təlimindən ibarətdir!”
Haqq dostları da nail olduqları dərəcələrə ancaq yüksək ədəbləri ilə sahib olmuşlar. İmam Rəbbani həzrətləri buyurur ki:
“Ədəbə riayət etməyən heç kimsə Allaha vüslət yolunda məsafə qət etməz, yəni Haqq dostu ola bilməz. Din böyüklərinin yolu başdan sona qədər ədəbdir.”
Ən mühüm ədəb isə bizi xəlq edən:
ALLAH-TƏALAYA QARŞI ƏDƏB
Unutmamaq lazımdır ki, şeytan ilahi hüzurdan elm və əməl nöqsanlığı səbəbiylə yox, ədəbsizliyinə görə qovuldu. Buna görə də şeytanı məhv edən ən gözəl fəzilət ədəbdir.
Həzrət Mövlana bunu belə izah edir:
“İblis, Həzrət Adəmə səcdə etməyib Allahın əmrinə qarşı gəldikdə:
“-Mənim zatım oddan, onunku isə palçıqdandır. Yüksək olanın aşağı olana səcdə etməsi necə ola bilər?” -dedi.
Məhz İblis, Allaha qarşı ədəbsizlik etdiyi üçün lənətləndi və ilahi hüzurdan qovuldu. Hələ bir də axmaqlıq edib özünü yaradan uca varlıqla mübahisə etmək fikrinə düşdü.” (Fihi Ma Fih, s. 159)
Əbu Əli əl-Dəqqaq -rəhmətullahi aleyh- buyurur ki:
“Ədəbi tərk etmək ilahi hüzurdan qovulmağı vacib etdirir. Hər kim sultanın hüzurunda ədəbsizlik edərsə qapıya, qapıda ədəbsizlik edərsə, axura göndərilər.”
Atalar: “Ədəbi ədəbsizdən öyrən.” -deyərək ədəbə riayət etməyənlərin hal və aqibətlərindən ibrət almağı nəsihət etmişlər. Biz də şeytanın düşdüyü vəziyyətdən lazımi dərsi çıxarmalıyıq.
Haqq-Təalaya qarşı layiqiylə ədəb sahibi olan bəndə yersiz hərəkətlərdən çəkinər. Bu səbəblə ibadət və müamiləsindəki qüsur, xəta və qəflətini dərk edər. Əməllərinə güvənmə xəstəliyinə tutulmaz.
Unutmayaq ki, nə qədər gözəl əməlimiz olursa olsun, bütün bunlar okeana atılan bir damla suya bənzəyər. Allah-Təalanın lütfləri qarşısında bütün ibadət və xidmətlərimizi az görməliyik. Qulluq məsuliyyətimizi cəmiyyətdəki səviyyə ilə yox, səhabə və övliyaullahın halı ilə müqayisə etməliyik. Çünki Haqq-Təala ənsar və mühacirləri bizə nümunə göstərir.
Digər tərəfdən, qulluq ədəbini layiqiylə yaşayanlar bütün gözəlliklərin Haqdan, bütün qüsurların da öz nəfsində qaynaqlandığı şüuruna çatarlar.
İbadətləri tərk edən və ya pis yola düşən bir şəxsin: “Nə edim, qədərim beləymiş!” deməsi nəfsani və şeytani bir qəflət ifadəsidir. Haqq-Təala məsələn, namaz qılmaq istəyən bir şəxsə qılma səbəblərini ehsan edər, qılmaq istəməyənlərə də mane olacaq səbəblər verərək qıldırmama təcəllisini təzahür etdirər. Elə buna görə də özümüzü etdiyimiz günahlar xüsusunda üzrlü hesab etmək, “qədərə böhtan” atmaq olur ki, bu da Haqqa qarşı böyük bir ədəbsizlik və axmaqlıqdır. Şeytanın ayağını sürüşdürən də bu xüsusda göstərdiyi ədəbsizlik idi.
Ona görə şeytanı ən çox məhv edən şey, özünün xətaya düşdüyü nöqtədə möminin Haqqa qarşı göstərdiyi itaət, riza, təslimiyyət, yəni “qulluq ədəbi”dir.
Təsəvvüfün ən mühüm qayələrindən biri, insanı “ehsan duyğusu”na, yəni daim Haqqın hüzurunda olduğu idrakına yüksəldərək Allaha qarşı zahirdə və batində ədəb sahibi etməkdir. Mənəviyyat ərləri demişlər ki:
“Zahirən və batinən ədəbə sarıl. Çünki bir kimsə zahiri ədəbdə qüsur edərsə zahirən cəza görər. Batini ədəbdə qüsur edərsə batində cəza görər. Kim ədəbi hədər edərsə, özünü Haqqa yaxın zənn etsə də uzaqdır, məqbul zənn etdiyi halda mərduddur (rədd edilmişdir).” (Ruhul-Bəyan, X, 401)
Dolayısı ilə Rəbbimizin bizim üçün təqdir etdiyi şeylər haqda şeytan kimi bir axmaqlıqla cihada getmək əvəzinə, həmin anda boyun əyib riza və təslimiyyət göstərmək və bizim üçün o təcəllinin ən xeyirlisi olduğunu düşünmək, ən mühüm batini ədəblərdəndir.
***
Bir gün hədis alimlərindən bir zat, gənc yaşadan Bəyazid Bistamini gördükdə çox xoşuna gəldi. Zəka və anlayışını ölçmək üçün soruşdu:
“- Gözəl uşaq! Tam mənada namaz qılmağı bilirsənmi?”
Bəyazid Bistami də ona:
“- Bəli, Allahın izni ilə bilirəm!” -deyə cavab verdikdə, həmin zat:
“- Necə qılırsan?” -deyə soruşdu.
Bəyazid Bistami belə cavab verdi:
“- Buyur, ya Rəbbi, əmrini yerinə yetirmək üçün hüzurunda durdum, hissi ilə təkbir gətirirəm; Allahu Əkbər deyirəm; Qurani-Kərimi dənə-dənə oxuyuram; təzim ilə rükuya gedirəm; təvazö ilə səcdə edirəm; vidalaşaraq salam verirəm.”
Həmin zat heyranlıqla:
“- Ey ağıllı uşaq! Səndə belə dərin anlayış varkən, insanların gəlib başını oxşamalarına niyə izin verirsən?” -deyə soruşdu. Belə ki, bu təqdir və iltifatların nəfsani qürura sövq edə biləcəyini və buna yol verməməsinin zəruriliyini düşünürdü.
Bəyazid Bistami isə bu arifanə cavabı verdi:
“- Onlar məni yox, Allah-Təalanın məni bəzədiyi o gözəlliyi oxşayırlar. Mənə aid olmayan bir şeyə toxunmalarına necə mane ola bilərəm?”
Məhz könlün çatması lazım olan qulluq ədəblərindən biri də, bütün gözəllikləri Allahdan bilmək, onu nəfsinə aid etməməkdir.
Ən böyük ədəb Allah-Təalanın zatına qarşı təzim göstərməkdir. Bunun ən gözəl təzahürü isə ibadətlərdə özünü göstərir. Allah dostları belə deyirlər:
“İbadət insanı cənnətə aparır. İbadətdə təzim və ədəb isə Allaha aparır, Haqqa dost edər.”
Ənəs bin Malik t isə:
“Əməldə ədəbli olmaq onun qəbuluna işarə edir.” -buyurmuşdur.
Xızır u da belə dua etməyi tövsiyə edir:
“Allahım! Sənə qullu etməyim xüsusunda mənə gözəl ədəb ehsan et!”
Haqq dostları bütün bu batini ədəb hallarına əlavə olaraq, daim ilahi hüzurda olma şüuru ilə yaşadıqları üçün zahiri ədəbə də son dərəcə etina göstərmişlər. Bu isə, ibadətdəki xüşu və ədəb halını ibadətdən kənar vaxtlarda da mühafizə etmək şəklində olur. Belə ki, Allah-Təala buyurur:
“O kəslər ki, daim namaz qılarlar...” (əl-Məaric, 23)
“...o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər...” (əl-Məaric, 34)
Həzrət Mövlana bu ayələrə işari məna verərək belə deyir:
“Bəndə namazdakı halını namazdan sonra da hifz edər. Beləliklə də, bütün ömrünü ədəb, xüşu, dilini və qəlbini mühafizə içində yaşayar. Bu həqiqi aşiqlərin, yəni Haqq dostlarının halıdır...”
Mənəvi tərbiyənin məqsədi də insana daim ilahi kameralar qarşısında olduğu şüurunu qazandırmaqdır. Bu sayədə nəzakət, zərafət, ədəb və həya kimi yüksək xislətləri onun təbii həyat tərzi halına gətirə bilməkdir.
Davud Tai həzrətləri belə nəql edir:
“İyirmi il Əbu Hənifə həzrətləri ilə birlikdə oldum. Bu zaman ərzində diqqət etdim, nə yalnızkən, nə də yanında kimsələr varkən başı açıq olaraq oturduğunu və istirahət məqsədiylə də olsa ayaqlarını uzatdığını heç görmədim. Ondan soruşdum ki:
“- Yalnız olduğunuz zaman ayağınızı uzatmağınızda nə qəbahət var?” O:
“- Allah-Təalanın qarşısında ədəbli olmaq daha mühümdür!” -dedi.”
Haqq dostu Mahmud Sami Ramazanoğlu həzrətləri də ömrü boyu ayağını uzadaraq oturmamış, arxasını bir yerə söykəyərək yemək yeməmişdir. Həyatı boyunca yüksək bir ədəb və nəzakət timsalı olan Sami Əfəndi -rəhmətullahi aleyh- söhbətlərində tez-tez:
Ədəb bir tac imiş nuri-Xudadan,
Gey o tacı əmin ol hər bəladan...
beytini təkrar edərdi.
Həyatı ədəb, nəzakət və zərafət ilə taclanmış Haqq aşiqlərindən Samsunlu Hüseyn Əfəndinin cənazəsini yuyan Mustafa Okutan qardaşımız da, şəxsən şahid olduğu bir halı belə ifadə etmişdi:
“Hüseyn Əfəndini yuyarkən sağ ayağı sinəsinə bitişmişdi. Heç cür aça bilmədik. Qəbirə qoyduğumuz zaman isə dərhal sağ tərəfə çevrildi.”
Şübhəsiz ki, bu: “İnsan yaşadığı hal üzrə ölür və öldüyü hal üzrə həşr olunur.” Həqiqətini xatırladan müstəsna bir təcəllidir. Haqq-Təala bəzi sirləri ibrət alınması üçün bəzən belə nümayiş etdirir.
Bir cahan sultanının və ya yüksək vəzifə sahibinin hüzurunda olanlar başqa zaman və məkanlarda olduğu kimi sərbəst hərəkət edə bilməzlər. Haqq dostları da daim Allahın hüzurunda olduqlarını bilən, bunu sübuta ehtiyac duymadan hiss edən arif könüllərdir. Yəni onlar:
“...Siz harada olsanız, O sizinlədir...” (əl-Hədid, 4) sirrinə aşina olaraq hər anlarını Haqq-Təala ilə bərabərlik şüuru ilə yaşayarlar. Elə buna görə də ədəb halı onların bütün davranışlarını əhatə edir.
Həmçinin Haqq dostları bəşər nəzərlərindən uzaqda tənha olsalar belə, müstəsna bir ədəb üzrə olurlar. Məsələn, namazda Haqqa qarşı bir ehtiram ifadəsi olan başı örtmək, daimi bir ibadət iqlimində yaşayan Haqq dostlarının namaz xaricində də riayət etdikləri bir ədəbdir.
Bir səhabə, heç kimin olmadığı bir yerdə geyim xüsusunda rahat davranıb davrana bilməyəcəyini soruşduqda, Peyğəmbərimiz r:
“Allah həya edilməyə insanlardan daha layiqdir.” -buyurmuşdur. (Əbu Davud, Hammam, 2/4017)
Könül dünyaları İslami tərbiyə ilə yoğrulan əcdadımız da ədəb, iffət və namus mövzusunda bütün cahanın heyran olduğu möhtəşəm bir əxlaqi səviyyə nümayiş etdirmişlər.
Belə ki, son dərəcə təəssübkeş bir protestan papazı olan Salomon Schweigger Səyahətnaməsində müsəlmanlardan bəhs edərkən belə demişdir:
“Müsəlmanlar hamamda belə bir örtüdən istifadə edirlər. Onlar necə də ədəbli insanlardır! Ədəb və namusu bu barbar dediyimiz insanlardan öyrənməliyik.”
Örtünmək insana aid keyfiyyətdir. Digər məxluqat üçün örtünmək mövzusu xarakterik deyil. Bundan başqa örtünmək fitri bir qulluq ədəbidir. Belə ki, Həzrət Adəm ilə Həzrət Həvva cənnətdə başqa insanlar olmadığı halda həya etdilər, təlaş içində yarpaqlarla örtünməyə çalışdılar. Deməli, örtünmə və onun mənəvi təşviqatçısı olan ədəb və həya insan oğlunun fitrətində olan ən köklü vəsflərdəndir.
Allaha qarşı duyulması lazım olan ədəb hissi, Ona yaxınlıq dərəcələrinə görə bütün varlıqları da əhatə edir. Allahın zatına qarşı ədəbdən sonra gələn ikinci böyük ədəb isə, Allah Rəsuluna r qarşı olan ədəbdir.
PEYĞƏMBƏRƏ QARŞI ƏDƏB
Əshabi-kiram Allah Rəsuluna r qarşı bəslənməli olan hörmət və ədəb hissinin ən mükəmməl nümunələrini nümayiş etdirmişlər. Bu qəbildən olaraq Peyğəmbərimizin söhbətlərində yaşadıqları xüşu və ədəb halını:
“Sanki başımızın üstünə bir quş qonmuşdu, tərpənsək, uçardı zənn edərdik.” şəklində ifadə edərdilər.
Əshabın Allah Rəsuluna r qarşı ədəbi o dərəcədə idi ki, çox vaxt ona sual soruşmağa belə cürət edə bilməzdilər. Ona görə də, bir bədəvi gəlib sual verərək söhbətə səbəb olsa, biz də Peyğəmbərimizin söhbətindən feyz alsaydıq, deyə gözləyərdilər.
Rəsulullah r ilə davamlı bərabər olanlar arasında belə, ədəbləri səbəbiylə onun nur üzünü doya-doya seyr edənlər çox azdır. Hətta söhbət halında ikən Həzrət Əbu Bəkr və Həzrət Ömər istisna olmaqla, əshabın daima önlərinə baxdıqları, yalnız bu iki səhabənin Həzrət Peyğəmbər r ilə göz-gözə gələ bildikləri rəvayət edilir. (Tirmizi, Mənaqib, 16/3668)
Bu halı, sonralar tarixdə Misir fatehi olaraq bilinən Amr bin As t ömrünün sonlarında belə dilə gətirmişdir:
“Rəsulullah ilə uzun zaman birlikdə oldum. Lakin onun hüzurunda hiss etdiyim təzim və həya səbəbiylə başımı qaldırıb nurlu üzünü doya-doya seyr edə bilmədim. Əgər bu gün mənə “Bizə Rəsulullahı təsvir et.” desələr, inan ki, edə bilmərəm.” (Müslim, İman, 192)
Biz də Kainatın Fəxrini r kəlmələrin məhdud imkanları daxilində anlatmağa cürət edərkən, acizliyimiz səbəbiylə ədəb və nəzakət xüsusunda fərqində olmadan meydana gələn qüsurlarımıza Rəbbimizin əfv dəryasına sığınırıq.
Digər tərəfdən Allah Rəsulunun r şərəfli adı hər dəfə zikr edildikdə salət və salam gətirmək də Allah-Təalanın ümməti-Məhəmmədə əmr etdiyi ədəblərdəndir. Ayeyi-kərimədə buyurulur:
“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!” (əl-Əhzab, 56)
Necə hikmətlidir ki, Qurani-Kərimdə digər peyğəmbərlərə adları ilə xitab edildiyi halda, Həzrət Peyğəmbərə r “Ya Məhəmməd!” deyə xitab edilməmişdir. Ona “Ya Nəbi, ya Rəsul” şəklində xitab edilmişdir. Haqq-Təala bütün möminləri də bu ədəbə dəvət edir:
“Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın.)” (ən-Nur, 63)
İbn Abbas t bu ayə haqqında belə buyurmuşdur:
“İnsanlar Allah Rəsuluna “Ya Məhəmməd, ey Əbul-Qasım” deyə xitab edirdilər. Allah-Təala, Nəbisinin şərəfini ucaltmaq üçün onları belə xitab etməkdən çəkindirdi. Bundan sonra insanlar “Ya Nəbiyallah, ya Rəsulallah!” deyə xitab etdilər.” (Əbu Nuaym, Dəlail, 1, 46)
Doyayısı ilə, Həzrət Peyğəmbərin r təkcə adı ilə yad edilməsi, ona ümmət olma ədəbinə ziddir. Onun mübarək adı ilə bərabər ülvi və qüdsi vəsfləri də tələffüz edilməlidir. Bundan başqa, Allah Rəsuluna r yaxınlığı olan hər kəsə və hər şeyə qarşı da ədəb və nəzakət göstərmək lazımdır.
Peyğəmbər aşiqi olan Osmanlı sultanlarından Yavuz Sultan Səlimin bu halı necə də gözəl ədəb təlimidir:
Yavuz Sultan Səlim 1517-ci ildə Misiri fəth etmiş və xəlifəlik məqamına sahib olmuşdu. 20 fevral cümə günü Məlik Müəyyə camesində oxunan xütbədə xətib onun adının önündə:
“Hakimul-Harameyniş-Şərifeyn / iki şərəfli bölgə olan Məkkə və Mədinənin hakimi” ifadəsini işlətdikdə, o, dərhal xətibə müdaxilə edərək göz yaşları içində:
“- Xeyr, xeyr! Əksinə, xadimul-Harameyniş-Şərifeyn / iki şərəfli bölgə olan Məkkə və Mədinənin xidmətçisi” dedi. Bundan sonra da xalçanı qaldırıb torpaq üzərinə səcdə edərək Rəbbinə şükür etdi. Hamameyniş-Şərifeynin xidmətçisi olduğunun bir ifadəsi olaraq da, sarığının üzərinə süpürgə şəklində bir lələk taxdı.
Allah Rəsulunun bölgəsinə olan ədəb və hörmət hisslərinin zirvə təzahürlərindən biri də Osmanlının məzlum və şəhid sultanı Əbdüləziz xana aiddir:
Bir gün xəstə yatağında saralmış və taqətsiz bir halda yatarkən ona:
“- Mədineyi-Münəvvərə əhalisindən bir məktub var!” -deyildi.
Əbdüləziz xan yavərlərinə:
“- Dərhal məni ayağa qaldırın! Hərameyndən gələn məktubu ayaqüstə eşitmək istəyirəm! Allah Rəsuluna qonşu olanların tələbləri, belə ayaq uzadılaraq ədəbsiz bir şəkildə dinlənməz!..” -dedi.
Hər dəfə Mədineyi-Münəvvərədən məktub gəldikdə də yenidən dəstəmaz alar, məktubları: “ -Bunlarda Mədineyi-Münəvvərənin tozu var!” -deyə öpüb alnına qoyar, ondan sonra katibə verib: “- Aç, oxu!” -deyərdi.
HAQQ DOSTLARINA QARŞI ƏDƏB
Əbul-Leys -rəhmətullahi aleyh-: “Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın!” (ən-Nur, 63) ayəsinin təfsir edərək deyir ki:
“Bu ayədə, faydalı elm öyrədən saleh müəllimlərə də hörmət etməyə işarə edilir. Müəllimlərin və fəzilət sahibi olan insanların haqlarına riayət etmək bildirilir.
Elə buna görədir ki, Haqq dostlarının adı xatırlanarkən hansı dildə olursa olsun, onlar üçün hörmət və ehtiram ifadə edən sözlər işlənməlidir. Çünki maddi atalarımızı belə adları ilə çağırmaq ədəbsizlik olduğuna görə, mənəvi atalarımız olan Haqq dostlarının yalnız adlarını demək də ədəbsizlik olar.” (Ruhul-Bəyan, VII, 447)
Yəni Peyğəmbərimizə qarşı ədəbin ən mühüm təzahürlərindən biri də onun varisləri olan Haqq dostu alim və ariflərə qarşı ədəb və nəzakət göstərməkdir.
Mənəvi inkişaf üçün peyğəmbər varisi alimlərin, ariflərin və Haqq dostlarının rəhbərliyinə təvazö və ədəblə müraciət edib, tövsiyələrini cani-dildən tətbiq etməyə səy göstərilməlidir. Haqq dostlarının yaxınında və tərbiyəsi altında olmaq nemət olaraq görülməlidir. Çünki onların hüzuruna ədəblə gələnlər, lütflə gedərlər.
Peyğəmbərimiz r:
“Möminin fərasətindən çəkinin! Çünki o, Allahın nuru ilə baxar.” -buyurmuşdur. (Tirmizi, Təfsir, 15)
Hədisi-şərifdəki “Çəkinin!” xəbərdarlığı “Kamil möminlərin hüzuruna gizli hesablar və könül bulanıqlığı ilə girməyin! Onlar, müstəsna bir fərasətlə sizin gizlətməyə çalışdığınızı da görürlər.” mənasını ifadə edir. Elə buna görədir ki: “Alimlərin yanında dilinə, övliyanın yanında qəlbinə sahib ol!” deyilmişdir.
Ona görə də, könülləri Haqq-Təalanın xüsusi rəhmət nəzərlərinə müxatəb olan Haqq dostlarına qarşı daha böyük bir həssasiyyətlə ədəbə riayət edilməlidir. Onların hüzurunda izin almadan danışmaq, oturmaq, qalxmaq, kobud davranışlar nümayiş etdirmək mənəvi istifadəni zəiflədəcəyi kimi, Haqqın qəzəbini də cəlb edər.
Osmanlının arif könüllü sultanlarından Yavuz Sultan Səlim, vəlilərin hüzuruna girdiyi zaman böyük bir ədəb və ehtiram göstərir, lazım gəlmədikdə bir kəlmə belə danışmazdı. Belə ki, Şamda böyük vəlilərdən Məhəmməd Bədahşi həzrətlərini ziyarət etdikdə heç danışmamış, yalnız qulaq asmış, sonra da oradan ayrılmışdı. Onunla birlikdə olanlar:
“- Sultanım! Yalnız qulaq asdınız. Nə hikmətdir ki, bir kəlmə də olsa danışmadınız?” -deyə soruşmuşlar. Yavuz xan da belə cavab vermişdir:
“- Böyük övliyaullahın məclisində onlar danışarkən başqalarının danışması (padşah olsa belə) uyğun olmaz. Biz sultan olsaq da, belə mənəviyyat sultanlarının yardımlarına hər zaman möhtacıq. Əgər hüzurunda danışmağım lazım gəlsəydi, bunu bəlli edər və söz deməyimi təmin edərdi.”
Məhz Yavuz Sultan Səlim, əhli-qəlbə qarşı belə yüksək bir ədəb və hörmət götərirdi. Onlara qarşı olan heyranlığını şeirlərinin bir bir beytində belə ifadə etmişdir:
Padişahi aləm olmaq bir quru qovğa imiş,
Bir vəliyə bəndə olmaq cümlədən əla imiş...
Padşahından xalqına qədər Haqq dostlarına qarşı müstəsna bir ədəb və məhəbbətlə seçilmiş olan Osmanlının son günlərinə qədər Boğazda dəniz səfəri edən kapitanlar yolçularını Üsküdardan keçərkən Əziz Mahmud Hüdayi -qüddisə sirruh-un, Beşiktaşdan keçərkən Yəhya Əfəndi həzrətlərinin dərgahlarına, Beykozdan keçərkən də Yuşaya u “Fatihə” oxumağa dəvət edirdilər. Bir zamanlar İstanbul əhalisinin torpaqlarında dəfn edilən böyük vəlilərə qarşı ədəbi məhz belə idi!
Bir sözlə, ədəb İslamın insanlara təlim etdiyi və son dərəcə əhəmiyyət verdiyi bir xüsusdur. Bu həssasiyyət başda Allaha, Peyğəmbərə, Haqq dostlarına olmaqla, ataya, anaya, möminlərə və silsilə halında bütün məxluqata qədər gedir.
Qızıl və gümüşün zənginliyi yox olar, lakin ədəbin zənginliyi hər zaman əbədi qalar. Dolayısı ilə, möminlər olaraq ədəb qaydalarını öyrənməli, bunları canlı saxlamağa etina göstərməli və başqalarına da şəxsən yaşayaraq nümunə olmalıyıq. Ona görə də ədəbə aid yazılmış kitablara müraciət edərək halımızı necə gözəl hala gətirə biləcəyimizi öyrənməli, ən əsası isə canlı bir kitab olan ədəb əhli saleh möminlərlə həmhal olaraq onların gözəl xüsusiyyətləri ilə bəzənməyə səy göstərməliyik.
Haqq-Təala ilahi tərbiyəsi ilə ədəbləndirdiyi Rəsulunun gözəl halları ilə bəzənməyi hər birimizə nəsib etsin! Haqq dostu alim və arif bəndələrinin könül aləmindən pay alaraq zərif, rəqiq, nəzakət və ədəb əhli bir mömin ola bilməyimizi lütf etsin!
Amin...
ŞƏRHLƏR