İslam Qardaşliğı

İslam Qardaşliğı

Uca Allah Qurani-Kərimdə belə buyurur:

“Mömin kişilərlə mömin qadınlar bir birinə dostdurlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri qadağan edər, namaz qılıb zəkat verər, Allah və Peyğəmbərinə itaət edərlər. Allah əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah həqiqətən yenilməz qüvvət sahibi, hikmət sahibidir.”

1400 il bundan öncə cərəyan etmiş hadisələrin yaddaşlarda dərin izlər buraxması, insanları bu gün dədüşündürən və onları heyran buraxan məqamları özündə birləşdirməkdədir. Doğrudan da necə oldu ki, coğrafi şəraiti və insan ehtiyatları baxımından o qədər də tanınmış olmayan bir bölgənin sakinləri qısa vaxt ərzində ilahi həqiqətin əsl carçılarına çevrilərək bəşəri münasibətlərə yüksək əxlaq və insanpərvərlik ruhunu bəxş edə bildilər. Təbiidir ki, bu sualın cavabları sırasında mütəşəkkilliyi və hərəkətliliyi ilə seçilən İslam qardaşlığı da öz layiqli yerini almaqdadır. Məhz bu qardaşlıq münasibətlərinin sarsılmaz bir təməl üzərində bina edilməsi onun əsrlərlə davam edən qələbələrinə inanılmaz bir dəstək saxlamışdır. İslam qardaşlığının əzəməti aşağıdakı örnəklərdə necə də möhtəşəm görünməkdədir:

Musa (ə.s):

- Ya Rəbb! Mən Lövhələrdə insanlar arasından çıxarılmış yaxşılığı əmr edən, pislikləri qadağan edən ən xeyirli bir ümmətdən bəhs edildiyini görürəm. Allahım, onları mənim ümmətimdən eylə! - deyə dua etdi.

Allah-Təala:

- Onlar Əhmədin (s.ə.s) ümmətidir! - buyurdu. Musa (ə.s) son Peyğəmbərin ümmətinin üstünlüklərini saydıqca onların öz ümmətindən olmasını istəməsinə baxmayaraq uca Allah hər dəfə beyə buyurur:

- Onlar Əhmədin ümmətidir.

Müqayisəyə gəlməyəcək ölçülərdə fəzilət, əxlaq və qardaşlıq münasibətlərinin daşıyıcıları olan bu ümmət Musanın (ə.s) qəlbində o dərəcədə yer edir ki, əlindəki Lövhələri bir kənara qoyaraq:

- Allahım! Məni də Əhmədin ümmətindən eylə! - deyərək yalvarır. (İbn Kəsir, II, 259)

Bir gün Rəsulullah (s.ə.s) əshabı ilə birgə qəbristanlığa getmişdi. Orada:

“Allahın salamı üzərinizə olsun, ey möminlər diyarının sakinləri. İnşallah bir gün biz də sizə qatılacağıq. Qardaşlarımı görməyi çox istərdim. Onları nə qədər də arzulamaqdayam.” - buyurdu.

Əshabi-Kiram:

- Biz sənin qardaşların deyilikmi, ya Rəsulallah? - dedilər.

Rəsulullah (s.ə.s):

“- Siz mənim əshabımsınız! Qardaşlarım isə, hələ (bu dünyaya) gəlməmiş olanlardır.” -buyurdu. (Müslim, Təharət, 39)

Əziz oxucular! Hz. Musanın (ə.s) bu ümmətdən olmaq istəyi və Aləmlərə Rəhmət olaraq göndərilən Hz. Məhəmmədin (s.ə.s) bu bu mübarək ümmətdən olan qardaşlarını yetkin bir səviyyəyə qaldırmaqdadır. Qardaşlıq məsuliyyətini şanlı əshabın yaşadığı kimi yaşamaq üzərimizə düşən ən mühüm vəzifə olmalıdır!

Həzrət Ömər bin Xəttab (r.a) bir yerə vali təyin etdiyi zaman həmin ərazidə yaşayanlara ünvanlanmış anlaşmalarda bunları yazardı: “Göndərdiyim vali aranızda ədalətlə hökm etdiyi müddət ərzində onu dinləyin və ona itaət edin.” Hüzeyfəni də Mədainə vali təyin etmişdi. Onun barəsində isə yerli əhali üçün nəzərdə tutulmuş anlaşmaya bunları yazdırmışdı: “Onu dinləyin və ona itaət edin. Sizdən istədiyini də ona verin.” Mədainlilər onu qarşılamağa çıxdıqlarında gördülər ki, vali minik heyvanının üzərində əlindəki çörək parçasını yeyərək onlara Hz. Ömərin (r.a) anlaşmasını oxumağa hazırlaşır. Onu dinləyən mədainlilər Hüzeyfədən (r.a) öz vəzifəsini necə icra edəcəyini soruşduqda o, belə buyurdu:

- Mənim sizdən istədiyim budur: İçinizdə olduğum müddətdə məni çörəklə, minik heyvanımı isə yemlə təmin etməniz, bir də xəracınızı toplayıb gətirmənizdir!

Valilik müddətini bitirib Mədinəyə dönən Hüzeyfənin gəliş xəbərini duyan Hz. Ömər: -Görəsən valilik müddətində Hüzeyfənin hal-əhvalı dəyişibmi? - deyə maraq etdi. Elə buna görə də yolda oturaraq onu gözləməyə başladı. Onu əvvəlki hal-əhval üzrə görüncə boynuna sarılaraq: “Sən mənim qardaşımsan, mən də sənin.” -dedi və bu sözünü dəfələrlə təkrar etdi. (Əhməd bin Hənbəl, Kitabüz-Zöhd, s. 212)

İbn Abbasın (r.a) İslam qardaşlığının sərhədlərini göstərən aşağıdakı etirafı, Hz. Musanın (ə.s)  bu ümmətdən olma istəklərinin dərinliklərinə işıq salmaqdadır:

1. Allahın kitabından bir ayə oxuyanda: Kaş ki, bütün insanlar bu ayədəki məna və hikmətləri biləydilər, - deyə dua edirəm.

2. Müsəlman bir hakimin ədaləti bərpa etdiyini eşidəndə çox sevinirəm. Halbuki o hakimlə heç bir maddi-mənəvi əlaqəm yoxdur.

3. Müsəlmanların məskənlərinə yağış yağdıqda da çox sevinirəm. Halbuki o yerlərdə nə otlayan heyvanım, nə də bir ərazimvardır. (Heysəmi, IX, 284)

XX əsrin əvvəllərində baş vermiş amansız erməni qırğınları zamanı yaşanmış olan aşağıdakı hadisə yaddaşlara həkk edilməyə ən layiq bir örnəkdir: Qubada at oynadan erməni cəlladları şəhərin sünni və şiə icmalarının nümayəndələrini meydanda bir araya yığırlar. Erməni komandirlərindən biri şiə icmasının rəhbərinə yaxınlaşaraq ona verəcəyi silahla sünni icmasının rəhbərini qətl etməyi təklif edir. Təklifi qəbul edən şiə icmasının rəhbəri süngünü öz din qardaşının deyil, ani olaraq erməni cəlladının sinəsinə sancaraq onu param-parça edir. Bu hadisədən sonra azğınlaşan ermənilərin gücü yalnız İslam qardaşlığının və şəhidliyinin hərarəti içində çırpınan insanları vəhşicəsinə qətlə yetirməyə çatır.

İslam qardaşlığının və həmrəyliyinin bütün mümkün rəng çalarları ilə əziz millətimiz tərəfindən şərəfli bir şəkildə yaşanması bizləri bir daha bu həqiqətə səsləməkdədir: Ata və babalarımızın son nəfəslərinə kimi inanılmaz bir fədakərlıqla İslam qardaşlığını sinələrində yaşatması və onu əməlləri ilə təsdiq etməsi daşınılması həddən ziyadə çətin, lakin çətin olduğu qədər də dəyərli bir mirası bizlərə buraxmaqdadır. Allah-Təala hər birimizi bu müqəddəs qardaşlıq mirasına həqiqi varis olan qullarından eyləsin! Amin.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz