“Bir”-“lə”-“mək”/Tövhid

“Bir”-“lə”-“mək”/Tövhid

Varlıq aləmi xüsusiyyətləri baxımından müxtəlifdir. Canlı-cansız aləm, bərk-maye-qaz aləmi, mikrokosmos-makrokosmos aləmi, şəhadət-qeyb aləmi və sairə.

 Bu növ sinifləndirmələrin hər biri müxtəlif sahənin elm adamları tərəfindən müşahidə olunaraq müəyyənləşdirilmişdir. Filosofların bir qismi varlığın üç ontoloji (varlıq baxımından) və epistemoloji (bilgi baxımından) mərhələsi olduğunu söyləmişlər: Varlığın həqiqətdəki halı; varlığın zehn(imiz)dəki halı və varlığın dildəki halı.

Birinci halda varlıq necədirsə, elədir. Onun həqiqəti yalnız Tanrı tərəfindən bilinir. Bu düşüncəni bəzi istisnalar olmaqla yanaşı pre-sokrat yunan düşüncəsi təmsil edir. Dövrün əsas problemi belə idi: “Həqiqətən var olan şey nədir?”. Cavablar müxtəlifdi: “Su” (arkhe/Fales), “torpaq” (apeyron/Amaksimandros), “hava”  (Anaksimenes),  “od” (Heraklit).

 İkinci halda varlıq artıq yalnız həqiqətdə deyil həm də zehndə mövcuddur. Ancaq ikinci dərəcəli bir varlıqdır. Əşyanın həqiqətini tam əhatə etməmişdir, beləcə əskikdir. Bu düşüncəni “cogito ergo sum/düşünürəm, deməli varam” deyən Dekart təmsil edir. Dövrünün sualı isə belədir: “Nəyi dəqiq bilə bilərəm”. Cavab çox sadədir: “Düşündüyümü”.

Varlığın dildəki ifadəsi onun sözləşməsi, kəlmələşməsi və terminləşməsidir. İnsanlar varlığı sözlə “görür”, sözlə “eşidir” və sözlə “tanıyır”.  Ontoloji varlıq mərtəbələrinin son halqasını təşkil edən “varlığın dildəki mövcudluğu” ən zəif halqa hesab olunur. Bu düşüncə  Witqenşteynin gənclik dövrü ilə bağlıdır. Sual belədir: “Nəyi doğru söyləyə bilərəm”. Cavab sadə deyil: “Kimə nə zaman və nə dediyinə baxır”. 

Bu qısa girişdən sonra bu düşüncəyə bənzədiyini düşündüyüm başqa bir kəlmə toplusu diqqəti cəlb edir.  Buna “kəlmeyi-tövhid” deyilir. Hər nə qədər yuxarıdakılar mənşəyi etibarilə bəşəri görüşlər olsa da, mənşəyi ilahi olan kəlmeyi-tövhidin də bənzər həqiqətləri ifadə etdiyini düşünmək mümkündür. Belə ki:

Quran düşüncəsində həqiqətə yaxın olmağın üç mərhələsi mövcuddur:. Elməl-yəqin, eynəl-yəqin və həqqəl-yəqin. Elməl-yəqin bir şeyin var olduğunu oxuyaraq, eşidərək öyrənməkdir. Eynəl-yəqin bir şeyin var olduğuna şahid olmaqdır. Onu “gözlə” görməkdir. Həqqəl-yəqin isə bir şey (şeylə, şeydə) olmaqdır. Bu mərhələdə düşünən (aqil), düşünmə (ağıl) və düşünülən (məqul) eyniləşir. Bu mərtəbə mütləq birlik və vəhdət mərhələsidir. Bu birliyin (bişləşmə deyil) reallaşmasının bizim dünyamızda olmayacağına şübhə yoxdur. Elə isə tövhid bu birliyin hansı mərhələlərini təşkil edir?

Tövhid - varlığın həqiqətdəki halıdır. Onun mahiyyəti nə elmən, nə eynəl bilinə bilməz. O, necədirsə elədir. Fərabi, “bu mərhələ barəsində nə desək əskik söyləmiş olarıq” -deyir. İki şey istisnadır. “O vardır və birdir”. Bu, tövhidin birinci mərhələsidir. Sufilərdən bəziləri bu dərəcəyə “vəhdəti-vücud” (varlığın birliyi) adını vermişdir.

Tövhidin ikinci mərhələsi “kəlmeyi-tövhid” mərhələsidir. Kəlmə insana xasdır. Kəlmeyi-tövhid bu mənada  həqiqi mahiyyəti bilinməyən, amma gerçək həqiqətin  bəşər tərəfindən “birlənməsi” deməkdir. Onu bütün nöqsan xüsusiyyətlərdən uzaq görməkdir. Kainatdakı bütün güc, elm və iradənin yalnız Ona məxsus olduğunu görməkdir. Sufilərdən bəziləri bu dərəcəyə “vəhdəti-şühud” (yalnız Biri görmə) adını vermişlər.

Tövhidin üçüncü mərhələsi “kəlmeyi-şəhadət” mərtəbəsi sayıla bilər. Bu “Bir” olanın həqiqətdə var olduğu, zehndə görülməsi və dildə söylənməsidir. İmanın dildəki ifadəsi məqbul (kafi) sayılmaqla yanaşı ən zəif halqası kimi qəbul edilmişdir. Çünki ilk ikisi ilə əlaqəsi qurulmadan söylənən söz, doğru söylənsə də əskikdir. Məsələn:

“Kəlmeyi-şəhadət” söz birləşməsinin tərkibindəki şəhadət kəlməsi diqqətəlayiqdir. Şəhadət görmək deməkdir. Bu kəlmələri ilk dəfə tələffüz edənlərdən biri də Hz. Bilaldır.  Qızğın daşların altında söylədiyi “Əhəd (Bir), Əhəd” kəlmələri Bilalın sadəcə nə qədər mətin, dözümlü və inadkar olduğunu göstərmir. “Əşhədu”- sözü bir çox dini qaynaqlarda “şahidlik edirəm ki” şəklində tərcümə olunsa da, əslində “görürəm” deməkdir. Yəni “Allahdan başqa ilahi olmadığını görürəm” deməkdir kəlmeyi-şəhadət. Bilal gördüyünü inkar edə bilməzdi, bilmədi də. Çünki  o, “görmə” dərəcəsində inanmışdı.

Belə bir qənaətə gəlmək mümkündür ki, varlıq aləminin hər sahəsində eyni Yaradıcının izini görmək tövhid əqidəsinin əsasını təşkil edir. Maddi kainatı və mənəvi aləmi vəhdətdə bilmək, görmək və söyləməkdir tövhid.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz