İmani Tövhidləşdirmək

İmani Tövhidləşdirmək

Ən mükəmməl din olan İslama görə iman hər işin əsli və qəbul şərtidir. İmansız edilən heç bir əməl Allah dərgahında qəbul görülməmişdir. Yəni İslama görə sevmək də, nifrət etmək də Allah üçündür. Eyni zamanda imanı olmayan şəxsin də Allah dərgahında milçəyin qanadı qədər dəyəri yoxdur. Daha açıq şəkildə ifadə etsək, cəmiyyətimizdə məşhur olan “Qəlbim təmizdir” ifadəsi mücərrəd mənada bir dəyər ifadə etmir, ancaq imanlı olub qəlbini bütün mənfi xislətlətdən təmizləmək qurtuluş vəsiləsidir. Bizi Allah qatında dəyərli edən amil “iman”dır. İmanın əsası da tək kəlmə ilə ifadə etsək “Lə iləhə illəllah”, yəni kəlmeyi-tövhiddir.

Lə iləhə illəllah kəlməsindən ibarət olan kəlmeyi-tövhid şəkli cəhətdən çox sadə və qısa görünür. Ancaq daşıdığı ahəng və məna baxımından kəlmə və cümlələrlə ifadə edilməyəcək qədər dərin və genişdir. Peyğəmbər əleyhissalam əhəmiyyətinə diqqət çəkmək üçün kəlmeyi- tövhidlə əlaqəli bir çox müjdələr vermişdir. Bu kəlmə hər bir şəxsin dünya və axirətinin sığortasıdır. Bu hədislərə əsasən kəlmeyi-tövhidi söyləyən hər kəsi müsəlman  qəbul etməli və onlara müsəlman kimi rəftar edilməlidir. Odur ki, Həzrət Peyğəmbər əleyhissalam “Mən insanlarla lə iləhə illəllah deyənə qədər mücadilə etməklə əmr olundum. Kim lə iləhə illəllah deyərsə məndən malını, canını zəmanət altına almışdır. Həqiqi hökm və hesab Allaha məxsusdur. “Biz zahirə görə hökm verərik” qaydasına əsasən də kəlmeyi-tövhidi dili ilə ifadə edən şəxsi müsəlman qəbul etməliyik. Səmimiyyət Allah və bəndəsi arasındadır. Həzrət Peyğəmbəri Qızı Zeynəbi dəvədən yıxaraq şəhid edən Habbar bin Əsvədi, sevimli əmisi Həzrət Həmzəni şəhid edən Vəhşini və müsəlmanlara hər cür əzab əziyyəti rəva görən Əbu Cəhlin oğlu İkriməni əfv etməyə vadar edən bu kəlmə və bu fikirdir.

Bu xüsusla əlaqəli olaraq Həzrət Üsamənin hekayəsi məşhurdur. Rəvayətə görə bir döyüş əsnasında Üsamənin düşməni məğlub olarkən kəlmeyi-şəhadət gətirdi. Ancaq Üsamə onun bu şəhadətini ölümdən qorxduğu üçün söylədiyini düşünərək onu öldürdü. Mədinəyə qayıtdıqda bu hadisədən xəbər tutan Həzrət Peyğəmbər əleyhissalam çox kədərləndi və Üsaməni “Ey Üsamə, lə iləhə illəllah deyən adamı niyə öldürdün? -deyərək danladı. Hətta bunu o qədər təkrarladı ki, Üsamə kədərindən, “Kaş o günə kimi İslama girməmiş olaydım və bu cinayəti işləməkdən uzaq qalaydım” deyə ağlından keçirdi. Bəzi rəvayətlərdə isə Həzrət Peyğəmbərin “Sən onun səmimi olub-olmadığını öyrənmək üçün qəlbini yardınmı?” -dediyi ifadə olunur.

Həzrət Peyğəmbər “Kim lə iləhə illəlah deyərsə cənnətə girər”- buyurmuşdur. Yuxarıda da ifadə etdiyimiz kimi dünyada sadəcə lə iləhə illəllah kəlməsi bir insan üçün qurtuluş ola bilər, ancaq Allah dərgahında bu kəlmənin dəyər qazanması üçün sadəcə söyləmək kifayət deyil. Ancaq bu kəlmənin içi doldurulduğu, mənasının haqqı verildiyi zaman nicat səbəbidir. Qurtuluş kəlmədə deyil, kəlmənin mənasındadır. Bu baxımdan Vəhb bin Münəbbihə verilən sual çox mənalıdır. Həzrətdən soruşurlar ki, “Lə iləhə iləllah” kəlməsi cənnətin açarı deyilmi? O da “bəli elədir, amma hər açarın mütləq dişləri də olur. Əgər dişləri olan açarı gətirsən qapı üzünə açılar, gətirməzsən açılmaz” cavabını verir. (Buxari) Dişsiz açar sadəcə dəmir çubuqdan ibarət olduğu kimi, haqqı verilməyən kəlmeyi-tövhid də sadəcə hərflərdən ibarət bir kəlmə olar.

Tövhid açarının dişlərini saymaqla bitirmək olmaz. Lə iləhə illəllah açarının bir dişi Allahdan başqa ilah olmadığını qəbul edərək, bütün hökm və hakimiyyətin ona aid olduğunu qəbul etməkdir. Bir digər dişi Ondan gələn hər şeyə razı olmaq, hər şeyin Ondan olduğuna inanmaqdır. Sadəcə sıxıntılı anlarda deyil, bolluq və rahatlıqda da Onu zikr etmək, Ona şükür etməkdir. Digər dişi həyatın hər anını Ona görə tənzimləyib, Ona görə yaşamaqdır. Onun razı qalacağı əməllər işləməkdir. Dünyada “Mən cinləri və insanları ancaq mənə ibadət etsinlər deyə yaratdım” (Zariyat Surəsi 56) ayəsini anlayaraq və tətbiq edərək yaşamaq, sadəcə Ona sitayiş etməkdir. Könlünü sadəcə Ona həsr edib, digər bütün varlıqları uzaqlaşdırmaqdır.

Başqa bir dişi mal və mülk sahibinin Onun olduğunu qəbul etmək və ruzinin ancaq Onun verə biləcəyinə inanmaqdır. Hər səhər qursaqları boş halda çıxıb, dolu halda geri qayıdan quşlardakı təslimiyyət ruhu ilə yaşamaq və dünyanı sadəcə ruzi qazanma məkanı olaraq görməməkdir. Bu açarın bir digər dişi halal qazanmaq və halal yeməkdir. Yetimlərin haqqını yeməmək, yoxsulların haqqına əl uzatmaamq, möhtacların haqqını qəsb etməmək, rüşvət yeməmək ... dir. Bu an öləcək kimi axirət üçün, heç ölməyək kimi dünya üçün çalışmaqdır, kəlmeyi-tövhidin digər dişi. Dişlərdən biri də  Allah üçün, Onun kəlamı üçün, namus üçün, vətən üçün, millət üçün, din üçün canını fəda edə bilməkdir. Qeybətdən, dedi-qodudan, paxıllıqdan, kobudluqdan, kin-küdurətdən, həsəddən... uzaq yaşamaqdır, lə iləhə illəllah.

Əgər saymaqla bitməyəcək olan bu xüsuslar bizim “Lə iləhə illəllah”ımızda varsa, o zaman canımız, malımız, qanımız boşa getməyəcək. O zaman tam mənada imanın və ibadətin ləzətini alarıq.  Allah və Rəsulunun bizdən istədiyi tövhid kəlməsi və iman bu xislətlərlə dolu olandır.

Sözün əsl mənasında qurtuluşumuzun əsli olan “LƏ İLƏHƏ İLLƏLLAH”ı anlamaq,  yaşamaq və yaşatmaq təmannalarıyla...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz