Cəmiyyətin Xilasi: Təlim-Tərbiyə Və Mənəviyyat
Hər axşam olduğu kimi yenə də televizorun qarşısına keçib, bəlkə tərbiyəvi və faydalı bir veriliş taparam deyə, kanalları bir-bir gözdən keçirirəm. Çevirdiyim bir çox kanaldakı verilişlərin məzmunu eynidir.
Cavab gözləyən eyni məzmunlu suallar. Boşanmaların sayı niyə çoxalıb? Gənclərimiz niyə milli və mənəvi dəyərlərə sahib çıxmır? Qız-oğlan münasibətləri necə olmalıdır? Avropanın hansı dəyərlərini təqlid etməliyik? İnsanlar niyə öz ata və analarını küçələrə atır? İnsanlar görəsən niyə öz xanımını, qızını və ya bəzi hallarda anasını öldürür? Bu sualların sayını artıra bilərik. Amma önə çıxan başlıca suallar yuxarıda saydığımız kimidir. Bəs görəsən bu suallara necə cavab tapa bilərik? Görəsən bizi bu hallara salan nədir? Çıxış yolumuz nədədir?
Bu həqiqətdir ki, bir millətin inkişafında milli və mənəvi dəyərlərin və yüksək əxlaqın rolu əvəzolunmazdır. Bir millət öz keçmişinə, milli adət və ənənəsinə, mədəniyyətinə, dilinə, dininə hörmətlə yanaşmasa, böyüklərinə hörmət, kiçiklərinə şəfqət və mərhəmət göstərməzsə, bu millətdə milli şüur və vətənpərvərlik kimi yüksək dəyərlərə rast gəlmək olmaz. Öz mədəniyyətinə sahib çıxıb ona dəyər verməyən şəxs, istər-istəməz digər millətlərin mədəniyyətlərini rahatlıqla və sorğulamadan qəbul edər. Dünən olduğu kimi, bu gün də cəmiyyətimizdə digər millətlərin dilinə və mədəniyyətinə maraq daha çoxdur. Sovet hakimiyyəti dövründə rusların mədəniyyəti, dili təqlid olunurdusa, bu gün də hər kəs Avropa mədəniyyətindən danışır. Hər dəfə sual qoyulanda ki, biz Avropanın nəyini təqlid etməliyik? Cavab eyni olur: elmini və texniki tərəqqisini. Bəs gənclərimiz nəyi təqlid edir? Geyimini və yaşayışını. Bu da həqiqətdir ki, insan həmişə özünün ziyanına olan şeylərə və nəfsinə xoş gələn işlərə meyillidir. Təbii ki, burada təbliğat da önəmlidir. İnsanların üzərində ən çox təbliğat gücünə və onlara təsir etmə gücünə malik olan vasitələrdən başlıcası televizordur. Bu gün azyaşlı uşaqlar belə televiziya kanallarından əl çəkmir. Onunla yatır və onunla qalxırlar. Belə olan halda biz hansı mənəviyyatdan, mədəniyyətdən milli şüurdan, gözəl əxlaqdan danışa bilərik? Çünki övladlarımızı biz yox, televiziya verilişləri, oradakı aldadıcı xəyali obrazlar tərbiyə edir.
Körpələrin və uşaqların beyni ağ kağız kimidir. Nə görsə, nə eşitsə onu da qeyd etməkdədir. Yaxşı olar ki, biz özümüz övladımızın tərbiyəsi ilə məşğul olaq. Ona gözəl əxlaq, təhsil və tərbiyə verək. Bir valideynin övladına qoyub gedəcəyi ən böyük miras, var-dövlət deyil məhz gözəl əxlaq, sağlam xarakter və şəxsiyyətdir. Əgər biz onların təlim-tərbiyəsi ilə məşğul olmasaq, bu boş qalan yeri başqaları dolduracaq. Hz. Əlinin (r.a) belə bir sözü var; “Uşaqlar ata-analarından çox zamanələrinə oxşayarlar.” Həqiqətən də ətraf mühit və uşağın düşdüyü yollar onu tərbiyə edir. Görürsən ki, ata-ana tərbiyəli və normal bir insan olduğu halda, övladlarında bu tərbiyədən əsər əlamət də yoxdur. Həmin ata-ana öz övladının hərəkətlərindən utanır, cəmiyyət arasına çıxmağa da həya edir. Bu da onu göstərir ki, övladları evdəki tərbiyəni yox, düşdüyü mühüti örnək aalmışdır.
Hz. Əlinin (Allah ondan razı olsun) belə bir sözü də var ki; “ Övladlarınızı zamanın tələbinə görə yetişdirin.” Bu gün zamanın tələbi yalnız kompyuter proqramları, ingilis dili və sadəcə ticarət yollarını öyrənərək daha çox qazanc əldə eləmək deyil, eyni zamanda bu gün ən çox tələb olunan keyfiyyət, mənəviyyat, gözəl əxlaq sahibi olmaq böyük-kiçiyə ehtiramla yanaşmaqdır.
Elə buna görə də dahi liderimiz H. Əliyev bir çıxışında, xalqımızın gələcək taleyini milli və mənəvi dəyərlərin qorunmasından asılı olduğunu söyləyərək belə deyirdi: “ Biz azərbaycanlılar heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq.”
Məqaləmizin əvvəlindəki suala cavab olaraq deyə bilərik ki, bu gün içinə düşdüyümüz mənəvi böhrandan xilas olmağımızın yolu elmə və biliyə sahib olmaqla yanaşı yüksək əxlaqi keyfiyyətlərə və mənəviyyata da sahib olmaqdadır. Bu əxlaqi keyfiyyətləri də bizə Uca Rəbbimiz, peyğəmbərimiz və əxlaq sahibi fəzilət əhli insanlar öyrətməkdədir.
Allah təala bir ayətində belə buyurur; “ Ey iman gətirənlər şeytanın addımlarını izləməyin. Kim şeytanın addımlarını izləyərsə, şübhəsiz ki o, ədəbsizliyi ( üz qızardıcı günahları) və pis şeyləri əmr edər. Əgər sizin üzərinizdə Allahın lütüf və mərhəməti olmasaydı, içinizdən heç bir şəxs əsla təmizə çıxa bilməzdi. Fəqət Allah istədiyini arındırıb (təmizləyər). Allah eşidir və bilir. (Nur ; 21)
Bu gün cəmiyyətimizdə baş verən hadisələrin əksəriyyəti içgidən, əxlaqsız yollara düşməkdən, narkomaniyadan, qısqanclıqdan, yalandan, dedi-qodudan və müftəxorluqdan meydana gəlməkdədir. Bütün bu işlərin hamısı da şeytan əməlləri və onun etdirmək istədiyi vəsvəsələdir. İnsanlar nə zamana qədər ki, şeytanın izindən gedəcəklər, fərdlər arasında hər zaman düşmanlıq, kin, küdurət və ədavət varlığını qoruyacaqdır. Belə olan halda da cəmiyyət mənəvi böhrana uğrayacaq, yuxarıda saydığımız sualların sayı daha da çoxalacaq. Bu gün daha da dərindən düşünməli, övladlarımıza, eyni zamanda gənclərimizə mənəvi dəyərlərimizi daha çox aşılamalıyıq. Əgər sabah biz də ömrümüzün sonunu küçələrdə və ya qocalar evində keçirmək istəmiriksə bu məsələni bir daha düşünməliyik.
ŞƏRHLƏR