İbrətli Mesaj
Yaxın günlərdə bir söhbət məclisində iştirak edirdim. 20-25 nəfər bütün diqqətimizi verərək söhbətə qulaq asırdıq. Həmişəki kimi yenə Qurani-Kərim oxuyub dualar edərək başladıq.
Ustadın anlatdıqları boks rinqində gücsüz rəqibə ardarda vurulan sərt yumruqlar kimi üzümüzə, gözümüzə, bütün bədənimizə dəyirdi. Bizimsə bu sərt zərbələr qarşısında əlimiz-qolumuz bağlı idi. Həmçinin almamız gərəkən ibrətləri, həyatımızda necə yaşamalı olduğumuza aid verilən ip uclarını qaçırmamağa çalışırdıq. Ustad özünəməxsus şirin diliylə, xoş üslubuyla söhbətinə davam edirdi. Söhbətdən uzaqlaşan, yatan, darıxan yoldaşlarımızı görükdə isə tez mövzunu fərqli istiqamətə çevirirdi. Özlərinin oyandırılmağa çalışıldığını anlayanlar və mövzunun dəyişdiyini fərq edənlər isə dərhal özlərinə gəlirdilər. Fikirlər çox dağılmadan yenə söhbət ətrafında cəmləşir, gözlər bir az sərt, bir az xəfif təbəssümlü üzə dikilirdi. Müəllimin bu üsulu əslində çox gözəl bir taktika idi. Yataraq bu həqiqətlərdən, gerçəklərdən yayınmağa çalışanlar söhbətin dəyişməsi ilə ustada qulaq asırdılar. Sonra isə ani manevrlə söhbət əvvəlki yerə gəldikdə bir daha ayrılmırdılar. Diqqətlə dinləyənlərsə bu dəyişikliyi gülərək qarşılayır, yorğunluqlarını çıxarırdılar.
Çox mühüm olmadığı təqdirdə ustad telefonuna gələn zəngləri qəbul etməzdi. Bu dəfə də eyni hal təkrar oldu. Bir-iki dəfə telefon çaldı, kim olduğuna baxdı və söhbətə qaldığı yerdən davam etdi. Lakin söhbətin tam ortasında telefonuna gələn bir mesajla bir anda diqqəti dağıldı. Beş-on saniyə dayandıqdan sonra “Aleykum salam” deyərək söhbətinə davam etdi. Əslində bu mesaj və ustadın bu mesajı oxuması heç kimi maraqlandırmıdı. Ta ki, söhbətin sonunda müsajı bizimlə paylaşana qədər.
Mesajı yollayan bizim çox yaxından tanıdığımız və bir neçə gün əvvəl atasını dəfn edən dəyərli bir qardaşımızdı. Mesaj həqiqətən kədərli və bir o qədər də ibrətli idi. Gələn mesajda bunlar yazılmışdı: “Müəllim, dünən axşam atamın telefonuna zəng etdim. Telefonu bağlıydı. Telesekretar “bu nömrəyə zəng çatmır” deyirdi. Atamın öldüyünü, bu həyatda atasız qaldığımı bir daha xatırladım. Çox ağladım və dua etdim.” Bu mesajı eşidən kimi mesaj göndərənin, atası ölənin yerinə özümü qoydum. Allah uzun ömür versin, bizi atadan məhrum etməsin –deyə dua etdim. Çox qorxdum, tüklərim biz-biz oldu. Bu, mənim baxış prizmamdı. Ustadsa mesajı fərqli yozdu: Gün gələcək heç birimizə zəng çatmayacaq, hamımızın telefonu bağlı olacaq.
Əslində o məclisdəki hər kəsin bu prizmadan baxması lazımdı. Çünki həqiqət bu idi. Biz bu həqiqəti görüb gələcəyimiz üçün sərmayaə toplamalıyıq. Telefonumuza zəng çatmadığı zaman cənnətin minlərlə nemətlərindən faydalana bilmək, Həzrət Peyğəmbərə qonşu ola bilmək üçün tədarük görməliyik.
Bəli, ölüm haqdır və biz nədənsə bu haqdan qorxuruq. Qapımızı döyməsini heç vaxt istəmirik. Telefonlarımız hal-hazırda açıqdır, həyatımıza heç ölməyəcəkmiş kimi davam edirik. Lakin gün gələcək telefonumuz tamamən bağlanacaq və biz telefonumuzdakı məlumatlardan, proqramlardan, yazılardan hesab verəcəyik. Gözəllik, müşk-ənbər içindəki cənnət nemətlərindən faydalansaq da bunlara görə faydalanacağıq, cəhənnəm alovunda odun kimi yansaq da bunların nəticəsində yanacağıq.
Bir ölüyük artıq, amma heç kimin can atmadığı “ölü”nü yuxarı başda oturdacaq Biri var. Hər kəsin gözdən çıxardığı cənazəni əbədi sevimlisi edəcək Biri… Ən yaxınlaırnın belə üzünə baxmaq istəmədiyi cəsədin üzünə baxan Biri. Ən çox sevdiklərinin və sevənlərinin belə unutduğu və hətta unutduğunu da unutduğu cəsədin qədrini bilən Biri… “O, ölüdən diri çıxardır.” (əl-Ənam, 95)
Çox bəyəndiyim və hər dəfə ağlıma gəldikdə əllərimi səmaya qaldırıb etdiyim bir dua var. Allah bizə ölümün xeyirlisini, gözəlini nəsib etsin. Xeyirlisi, gözəli necə olur? Namaz qılarkən, mənəvi söhbət məclisində və s. kimi hallarda gözəl simasıyla və xoş ətirlərlə gəlib bizimlə birlikdə əbədiyyətə, bu sonsuz yolçuluğa ağrısız, sancısız, kəlmeyi-şəhadət gətirib son nəfəsimizlə birlikdə alıb götürərək. Budur gözəl ölüm.
Allah-Təala canımızı rahatlıqla təslim etməyi və öldükdən sonra yenidən dirildiyimizdə cənnətlə mükafatlandırılmağı hamımıza nəsib etsin. Amin…
ŞƏRHLƏR