Bütün Dinlərin Əsas Prinsipi

Bütün Dinlərin Əsas Prinsipi

Allah hər ümmətə şübhəsiz bir peyğəmbər göndərmişdir. Bütün bu peyğəmblərin təkcə bir göndəriliş məqsədi vardı: İnsanları yalnız Allaha ibadət etməyə dəvət etmək və Ona ortaq qoşmaqdan çəkindirmək…

Bütün Peyğəmbərlərin dini birdir. O din isə “Tövhid dinidir”. İnsanın şəhadəti söyləyib tövhidə bağlılığı bütün ilahi dinlərdə əsas prinsipdir.

İslamın əsası tövhid, tövhidin əsası Allahın birliyidir. Allahı tək, uca, mütləq güc sahibi və hər şeyin maliki olaraq qəbul etməkdir. Bu inancı təsdiq edən hər bir şəxs hər yerdə, bütün hərəkət və düşüncələrində Allahı ön planda tutar. Allahın varlığı və birliyi onun şüurunu doldurar və həyatını dəyişər.

Mükəmməl şəkildə yaradılan, Allahın xəlifəsi olaraq məmur edilən insan daim ilahi vəhyin müxatəbidir. Bu vəhyin təhrif edildiyi və ya unudulduğu hər yerdə azğınlıq var. İnsan üçün yeganə nicat yolu xəlifəliyini ona bildirildiyi şəkildə ifa etməkdir.

Tirmizi və Təbəraninin rəvayət etdiyinə görə: İbn Məsud (r.a) deyir ki: “Üzərində Rəsulullahın (s.ə.s) möhrü olan vəsiyyətini görmək istəyən bu ayəni oxusun:

“De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şeyi ortaq qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin...” (əl-Ənam, 151)”

Uca Allah bu ayədə sevimli Peyğəmbərimizə buyurur ki: Ya Rəsulum! Allahdan başqasına ibadət edən, Allahın onlara verdiyi ruziləri haram edən, uşaqlarını öldürən insanlara etdikləri əməllərin nəfslərinin və şeytanın aldatması olduğunu de. Onlara de ki, gəlin zənn, yalan və böhtan olaraq deyil, Allah tərəfindən bir vəhy və əmr olaraq Rəbbinizin sizə nələri haram qıldığını xəbər verim: Ona heç bir şeyi ortaq qoşmayın.

İslamda ilk qadağan edilən şey hər növü ilə şirkdir. Digər bütün qadağalar ondan sonra gəlir. Allaha qulluq üçün yaradılan insan ilk növbədə Ondan başqasına qulluq etməməklə, Ona heç bir şeyi ortaq qoşmamaqla əmr olunmuşdur. İslamda heç bir əmr və qadağa tövhid olmadan bir məna ifadə etməz. Allaha ibadət etmə, əmrlərini yerinə yetirmə, qadağalarından uzaq durma tövhiddən uzaqlaşıldığı andan etibarən hökmünü itirər. Tövhiddən ayrılmaq Allahın birliyini inkar etməkdir ki, bunun da adı şirkdir.

Rəsulullah (s.ə.s):

- Ey Muaz, Allahın qulları üzərindəki haqqı ilə, qulların Allah üzərindəki haqqının nə olduğunu bilirsənmi? -buyurdu.

Muaz (r.a):

- Allah və Rəsulu daha yaxşı bilir, -dedi.

- Şübhəsiz Allahın qulları üzərindəki haqqı Ona heç bir şeyi ortaq qoşmayaraq qulluq etmələri, qulların Allah üzərindəki haqları isə Ona heç bir şeyi ortaq qoşmayanlara əzab etməməsidir, -buyurdu. (Buxari, Müslim)

Tövhid yəqindir. Yəqin isə məxluqatın hər cür hərəkətlərini Allahın feili olaraq bilmək və feillərində Ona heç bir şeyi ortaq qoşmamaqdır. İnsan Rəbbini tanıyaraq bu duyğusunda daim olduqda tövhidə nail olar. Yalnız belə vicdanlar və qəlblər şirkin pisliyindən, ağıl da xürafələrdən və batil inanclardan təmizlənir. Ancaq belə cəmiyyətlər cahiliyyə adətlərindən xilas olur.

Tövhid olmadan haqq yolda olmaq olmaz. Tövhidi hər cür şirk bataqlığından qorumaq isə hər bir müsəlmanın iman vəzifəsidir.

Tövhid əqidəsi ilə yaşayıb bu əqidə ilə ölə bilmək üçün tövhid iqlimində bir həyat yaşamaq lazımdır. Bunun üçün isə ilk növbədə qəlbdəki bütün mənfilikləri dəf edərək onu nəfs bütlərindən təmizləmək şərtdir. Unutmamaq lazımdır ki, insan Rəbbi ilə olduqda ən böyük, nəfsi ilə olduqda isə ən kiçik olur. Ayeyi-kərimədə buyurulur:

“(Rəsulum!) Nəfsini özünə ilah edəni gördünmü?..” (əl-Furqan, 43)

Bu ayeyi-kərimə də bizim üçün ən böyük xəbərdarlıqdır:

“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!” (Ali-İmran, 102)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz