Ağdaş – ağ daş?

Ağdaş – ağ daş?

Ağdaş toponiminin etimologiyasından söz açarkən nədənsə əsasən aşağıdakı yozuma üstünlük verilir:

 Karvan yolu üstündə olan bu yaşayış məntəqəsinin yaxınlığında ağ bir daş olub və karvanla gedən yolçular ağ daş olan yerdə gecələyəcəklərini və ya kiminləsə görüşəcəklərini bildirmiş və get-gedə bu söz birləşməsi yaşayış məntəqəsinin adına çevrilmişdir. Təbii ki, heç bir elmi izahı verilməyən bu cür yozum qəbuledilməzdir. Sözün mənşəyinin bu şəkildə izahı xalq etimologiyası adlanır ki, buna eyni zamanda yalançı etimologiya da deyilir.

Prof S. Cəfərov “Müasir Azərbaycan dili” (leksika II cild) dərsliyində “Mürəkkəb sözlərin komponentlərinin məna xüsusiyyətləri” bölməsində yazır: “...Mürəkkəb sözlərdə sözün ifadə etdiyi məfhumla komponentlərin ifadə etdiyi məfhumlar arasında məna bağlılığı ya olmur, ya da çox uzaq bir əlaqə özünü meydana çıxara bilir. Məs: Ağdam, Ağdaş mürəkkəb sözlərin komponentləri olan ağ, dam, daş sözlərinin ifadə etdiyi məzmunla indi heç bir əlaqə və münasibəti yoxdur.” Bu fikirlə razılaşmamaq mümkün deyil. S. Cəfərov Ağdaş sözünün etimologiyasını izah etməsə də bir daha yada salır ki, Ağdaş mürəkkəb sözünün komponentləri ağ və daş bu gün başa düşdüyümüz leksik mənaları vermir və bu mənalardan tamamilə uzaqdır.

Məhz bu baxımdan ağ və daş sözlərinin etimologiyasını, mənşəyini tək-tək araşdıraraq müəyyən nəticəyə gəlmək mümkündür.

Ağ – Məlumdur ki, qədim türklərdə (Çindən gəlmə ənənəyə görə) rənglər eyni zamanda dörd coğrafi cəhəti təyin edir. Həm də ağ yüksəklik və böyüklüyü, qara böyüklük və kədəri, göy matəmi bildirirdi. Qədim türklərdə həmçinin Şərq – yaşıl, göy; Qərb – ağ, ağca; Cənub – qırmızı; Şimal – qara adlanırdı. Yəqin “Dədə Qorqud” dastanlarında keçən “Qarşı yatan Qara dağ” Azərbaycanın şimalındakı Qafqaz Sıra dağlarıdır. Elə bu səbəbdən də türkmənlər özlərindən qərbdə olan Xəzərə Ağ dəniz, Şirvanlılar isə Xəzərə özlərindən şərqdə yerləşdiyi üçün Göycə dəniz deyirdilər. Türkiyənin qismən qərbində yerləşən Aralıq dənizi türklər üçün Ağ dəniz, şimaldakı dəniz isə Qara dənizdir.

Ağdaş kimponentindəki ağ sözünün rəng bildirmədiyi, qərb ya da büyük anlamında olması şübhəsizdir. Lakin mənalardan hansının “daş” komponenti ilə birləşərək “Ağdaş” sözünü yaratdığını demək üçün sözsüz ki, daş sözünün də mənşəyi açıqlanmalıdır.

Daş

Türk dillərində taş/tış/dış şəklində fonetik variantlarına təsadüf edilən daş sözü kənar, bayır, qıraq mənalarında, daha doğrusu, ümumdan ayrılmış, bəlli hüduddan kənarda, hüdudun sonunda olan mənasındadır. Bizim fikrimizcə, daşmaq felinin kökü də haqqında danışdığımız taş/tış/dışla eyniyyət təşkil edir. (Süd daşdı – qabdan kənara çıxdı, çay daşdı – su yatağından çıxdı)

“Dədə Qorqud” dastanlarının sonuncu – on ikinci boyu “İç Oğuza Daş Oğuzun asi olması” adlanır. İçin daxilin antonimi olan və İç Oğuzdan ayrılan, qopan Daş Oğuzların adı ilə Türkmənistanda Taşauz vilayəti var. Şəki rayonunun ərazisindəki Daşüz kəndi də Daş Oğuzun fonovariantıdır.

Qazax rayonunun ərazisində Aşağı Salahlı, Yuxarı Salahlı kəndləri var. Çox maraqlıdır ki, Daş Salahlı digər Salahlılardan xeyli aralıda yerləşir. Daş Salahlılar Salahlı tayfasından ayrılan Salahlılardır.

Türkdilli xalqların yaşadıqları ərazilərdə çox sayda Aktaş/Aktas toponimlərinə rast gəlirik. Əgər bu yazının əvvəlində verdiyimiz xalq etimologiyasına insansaq, onda bu yaşayış məntəqələrinin də karvan yolu üstündə olması əsas şərt olmalı idi. Təbii ki, bu, belə deyil. Çox maraqlıdır ki, Aktaş adlandırılan yaşayış məntəqələrinin hamısı mərkəzi şəhərlərdən (paytaxtlardan) xeyli aralı, uzaq və qərbdə yerləşir.

Ağdaş toponimini ağ-böyük, daş/dış – çöl, səhra mənasında böyük çöl kimi izah edənlər də olmuşdur. Lakin bizim fikrimizcə, bu yanlış yozumdur. Çünki çöl, səhra, düz mənasında türk dillərində “yazı” sözü işlənmişdir. Buna bir neçə misal verək:

Orxon-Yenisey abidələrində: Eçim kağan birlə ilgərü Yaşıl Oğuz Şantung yazıka təki sülədimiz... tərcüməsi: Əmim xaqan ilə Şərqə, yaşıl çay Şandun düzünə təki (qədər) qoşun çəkdik. (Kül-Tigin abidəsi, Şərq tərəfi 17)

“Kitabi Dədə Qorqud”da: “Evin tayağı oldur ki, yazıdan-yabandan evə bir qonaq gəlsə...” “Divani lüğətit-türk” və digər yazılı mənblər də bunu təsdiqləyir. Elə bu gün də Azərbaycanda yazı sözü ilə bağlı toponimə rast gəlmək mümkündür. Qarayazı – böyük çöl, Ağdaş rayonu ərazisindəki Ağcayazı kəndinin dağ ətəyindəki böyük açıq ərazidə yerləşməsi bu fikri bir daha təsdiqləyir.

Yuxarıda deyilənlərə isnad edərək bu qənaətə gəlmək olar ki, Ağdaş toponiminin birinci komponenti ağ-qərb mənasında, ikinci komponenti daş isə kənar, ucqar mənasında işlənmişdir.

Ağdaş inzibati ərazisinin tarixi-coğrafi mövqeyi bu fikri bir daha təsdiqləyir. Sərhədləri Kür çayı boyunca uzanan Şirvanşahlar dövlətinin mövcud olduğu yüz illər boyu Ağdaş adı verilən bu yaşayış məntəqəsi paytaxt Şamaxıdan qərbdəki ən son, ucqar yaşayış məntəqəsi olub.

Beləliklə, bütün bunları nəzərə alaraq “Ağdaş” toponiminin “Qərbdəki ən kənar (ucqar) məntəqə” anlamı verən bir söz olduğunu desək, yəqin ki, səhv etmərik.  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz