Zənginlik Ədəbi

Zənginlik Ədəbi

Zənginlik Rəbbimizin nemətidir. Ancaq ədəb və ölçüsü bilinməzsə nemətlər əziyyət olur.

            Amr bin As (r.a) nəql edir ki, Rəsulullah (s.ə.s) belə buyurdu:

            “Saleh adam (yaxşı və kamil mömin) üçün xeyirli mal nə gözəldir.”[1]

            Hədisin varid olma səbəbi belədir:

            Amr bin As (r.a) nəql edir:

            Peyğəmbər (s.ə.s) mənə xəbər göndərib döyüş paltarımı geyinərək və silahımı götürərək yanına gəlməmi əmr etdi. Mən də əmr edildiyi şəkildə hazırlandım və getdim. Rəsulullah dəstəmaz alırdı. Mənə baxdı, sonra gözlərini yerə endirdi və belə buyurdu:

            “Ey Amr! Mən səni döyüşə əsgər olaraq göndərmək istəyirəm. Beləcə Allah sənə qənimət ehsan edər. Mən də sənə çoxli xeyirli mal verərəm.”

            Mən dedim ki:

            “Mən mala rəğbət edərək müsəlman olmadım. Mən ancaq Rəsulullah ilə bərabər olmaq üçün İslamı seçərək müsəlman oldum.”

            Həzrət Peyğəmbər (s.ə.s):

            “Ey Amr! Saleh (yaxşı və kamil mömin) üçün xeyirli mal nə gözəldir.” buyurdu.[2]

            Saleh şəxs “İmanında, əməllərində, əxlaqında, söz, fel və davranışlarında dosdoğru olan, xeyir işləyən, Allahın əmr və yasaqlarına riayət edən mömin” deməkdir.

            Saleh mal yaxşı, gözəl, əlverişli, faydalı və xeyirli, halal yollardan qazanılan mal deməkdir.

            Qurani-Kərimdə “mal” “xeyir” olaraq adlandırılmışdır:

            “Sizin hər birinizi ölüm haqlayan zaman əgər bir xeyir (mal) buraxacaqsızsa...” (əl-Bəqərə, 180) Ayədə bildirilən xeyir, mal mənasındadır.

            “Həqiqətən, insan xeyir (var-dövlət) sevgisinə çox hərisdir!” (əl-Adiyat, 8)

            “Mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir.” (əl-Kəhf, 46)

            Malın xeyir və ya şər olması istifadə edilməsinə və xərclənməsinə bağlıdır.

İslam alimləri sərvətin faydalı və zərərli istifadəsinə diqqəti yönəldərək belə demişlər: Bir şəxs malın faydalarını və zərərlərini bilməlidir ki, şərindən qorunsun və xeyrini görə bilsin. Malın faydaları vardır. Biri dünyəvidir ki, bunu hər kəs bilir, digəri isə dini nöqteyi-nəzərdən faydadır ki, bu da üç növdür:

1. İnsanın özünə xəclədiyidir. Bu da həcc, cihad və s. kimi ibadətlərlə olur. Bunlar Allaha yaxınlaşmağın mühüm əsaslarındandır. Və ya yemə, içmə, geyim, məskən, həyat yoldaşı və digər zəruri ehtiyaclara xərclədiyi ibadətə yardım edən xüsuslardır. Bunlar da öz-özlüyündə ibadətdir.

2. İnsanın digər insanlara sərf etdikləridir. O da dörd növdür: 

a) Sədəqədir. Bunun savabı bəllidir.

            b) Mürüvvət. Ziyafət, hədiyyə və yardım etmək kimi. Bu, dini faydalardandır. Beləcə insan dost və yoldaş qazanır. Comərdlik, mürüvvət sifətlərində savab var.

            c) Mal verərək namusunu qoruyur. Beləcə namusu və şərəfi ayaqlar altında qalmaqdan qurtulur. Şairin həcvini, yaxud ağılsız səfehlərin boş-boş sözlərinin qarşısını almaq, dillərini kəsmək kimi. Bunun faydası din və axirət üçün də olur. Çünki namusu, şərəfi qorumaq sədəqədir. Çünki bunda qeybət edənin qarşısını almaq və aralarında intiqam bəlasını dəf etmək var. 

d) İstixdam (başqalarını çalışdırmaq). İnsan bütün işlərini özü görmək istəyərsə bütün vaxtını sərf etsə də buna nail ola bilməz. Vaxtı boşa gedər. Bütün bunlar üçün insana mal lazımdır. 

            3. Xalq üçün olan xeyir və yaxşılıqlardır. Hər cür xeyirxah işləri görmək, “sədəqeyi-cariyə” (bitməz-tükənməz sədəqə) kimi.[3]

            Zənginliklə əlaqəli ədəb və vəzifələrimiz:

            1. Qəti olaraq bilinməli və yadda saxlanmalıdır ki, əlimizdə olan mal Allahındır.

            “Onlara Allahın sizə verdiyi maldan verin.” (ən-Nur, 33)

            “Birinizin ölümü çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! -deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.” (əl-Munafiqun, 10)

2. Malı pis yerlərə sərf etməkdən, zülm vasitəsi etməkdən həzər edilməlidir. Çünki mal bəzən sahibini azdırır. Allah təala İsrail oğullarına xitabən belə buyurur:

“Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şəri qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar.” (Taha, 81)

Onların, Allahın verdiyi ruzidə həddi aşmaları nemətə qarşı nankorluq etmək, əyləncə ilə məşğul olub rahat və xoş bir həyatla vaxt keçirərək nemətlərin şükrünü əda edə bilməmək və mallarını günah yollarında xərcləyərək fəqir-füqəranın haqlarına riayət etməməklə hüdudullahı (Allahın təyin etdiyi ilahi sərhədləri) pozmaq şəklində olmuşdur.[4]

3. Qarun qissəsini yadda saxlamaq lazımdır. Allah təala ona çox mal vermişdi. Bu mal onun azğınlaşmasına səbəb olmuşdur. Hətta daha irəli gedrək sahib olduğu malı öz məharəti sayəsində qazandığını iddia etmişdir. Azğınlığının nəticəsində Quranın xəbər verdiyi kimi:

“Nəhayət biz onu da, sarayını da yerin dibinə batırdıq.” (əl-Qəsəs, 81)[5]

4. İslam var-dövlətə deyil, onun pis yerlərə sərf edilməsinə və zənginliyə güvənərək haqdan üz çevirənlərə qarşı çıxmışdır. Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

“Allahdan qorxan (təqva sahibi) kimsə üçün zənginlikdə qəbahət yoxdur.”[6]

“Şübhəsiz ki, xeyir şər gətirməz. Ancaq dərələrin baharda bitirdikləri otlar arasında ya köp verərək öldürən, ya da ölümə yaxınlaşdıran bitki var. Yalnız yaşıl ot yeyən xaric. Çünki onlar yeyib köpüncə günəşə doğru durarlar, bağırsaqlarını boşaldarlar, sonra təkrar yayılarlar.”

“Şübhəsiz ki, bu mal xoşdur, dadlıdır. Ondan fağıra, yetimə və yolçuya verən mal sahibi müsəlman ən yaxşı insandır. Bu malı haqq etmədən əldə edən, yediyi halda doymayan kimsə kimidir. O mal qiyamət günü əleyhində şahidlik edəcəkdir.”[7]

Çox mal toplayıb onu yerli-yerində sərf etməyən, Allah yolunda xərcləməyən insan çox yeməkdən köpərək ölən heyvana bənzədilmişdir.

Qazanmaqda da, xərcləməkdə də ölçülərə diqqət edilməli, haramlardan və israflardan uzaq durulmalıdır. Əks halda mal ilə olan imtahanda müvəffəqiyyət qazanılmaz.

Zəngin müsəlman saleh insan olmalıdır. Belə olduqda mal da saleh olar. Zəngin müsəlman təvazökar olmalıdır, əsla həddi aşmamalı və heç kimə yuxarıdan aşağı baxmamalıdır. Zəngin müsəlman hesab vermək şüurunda olmalı, hesabını verə bilmədiyi işlərə girişməməlidir. Xəsis olmamalı, verdiyini başa vurmamalıdır. Comərd olmalı, lakin israf etməməlidir.

Xülasə: Hər şey saleh, kamil möminə bağlıdır. Kamil mömin üçün mal xeyirlidir və gözəldir. Hər kəs saleh mömin olmağa çalışmalıdır. Saleh mömin üçün xeyirli mal nə gözəldir.

 

 


[1] Əhməd, Müsnəd, 4/402; Hakim, Müstədrək, 2/2, 236; İbn Şeybə, Müsənnəf, 7/18; Təbrizi, Mişkətul-Məsabih, 2, (3756)

[2] Buxari, Ədəbul-Müfrəd, 112 (299); Əhməd, e.a.ə, 4/402; Ceylani, Fadlullahis-Səməd, 1/398-399

[3] Taşköprülüzade, Mövzuatul-Ulum, 2/1252-1253

[4] Zəməxşəri, Kəşşaf, 3/79

[5] Prof.Dr. Abdulkərim Zeydan. Qanunların Hikmətləri (Sünnətullah), 362/363

[6] İbn Macə, Ticarət, 1(2141); Buxari, e.a.ə, 113(301)

[7] Buxari, Zəkat, 47. Cümə, 37. Riqaq, 7; Müslim, Zəkat 123(1052); Nəsai, Zəkat, 81

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz