Hədislərdə zikr-3
Dünya insan oğluna özünü unutduracaq keyfiyyətlərə sahibdir. Qurani-Kərimdə “…Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir.” (əl-Hədid, 20)
buyurularaq dünyanın bu yönünə diqqət çəkilir. Yenə Ali-İmran surəsinin 14-cü ayəsində dünyanın bu cazibəsindən söz edilir: “Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.”
Madam ki, dünya bu qədər axirət maneələri ilə bəzənmişdir, o halda bizi nəticəyə aparacaq tövsiyələrə yaxşı qulaq asmaq lazımdır. Bu barədə Hz. Peyğəmbərimizin bir çox hədisi vardır. Hər biri sanki həyat düsturudur. Bəlkə də cənnət açarları… Bəziləri belədir:
Cənnətə aparan xüsus
Amr bin As (r.a) anladır: “Rəsulullah (s.ə.s) buyurdu:
“İki xüsus vardır ki, müsəlman olan kəs davamlı olaraq onları söyləsə mütləq cənnətə girər. Bu ikisi asandır. Kim onlarla əməl etmək istərsə, çox deyildir… Hər fərz namazdan sonra on dəfə təsbih (sübhanallah), on dəfə təhmid (əlhəmdülillah), on dəfə təkbir (Allahu əkbər) söyləməkdən ibarətdir. (Ravi Rəsulullahın bu sözləri söylərkən barmaqları ilə saydığını söyləyir) Rəsulullah hədisin davamında buyurur: Bunlar beş vaxt etibarilə cəmi yüz əllidir. Mizanda min beş yüzdür.
Ikinci xüsus isə yatağa girdikdə Allahı yüz dəfə təsbih, təkbir və təhmid etməkdir. Bu da dildə yüzdür, mizanda mindir. (Hər ikisinin cəmi iki min beş yüzdür)”
Rəsulullah sözlərinə bu sualla davam etdi:
Hansınız gecə və gündüz iki min beş yüz günah işlər?
Bunları nə üçün söyləməyək, ey Allahın Rəsulu? -dedilər. Allah Rəsulu bu cavabı verdi:
“Namazda ikən şeytan hər birinizin yanına gələr: “filan, filan şeyi xatırla” deyər və namazdan çıxanadək davam edər. (bunun nəticəsində) İnsan hətta bu təsbihatı tərk edər. İnsan yatağa girdikdə də şeytan gələrək (zikr etməsinə imkan vermədən) onu yatırmağa çalışır və yatırır da.” (Tirmizi, Dəavat 25)
İnsanın qısa yol göstərəcək bir rəhbərə ehtiyacı var
Bəzən insanın aldığı məlumatlar çox olduğu üçün onu çaşdırır. Əshab belə hallarda şanslı idi. Onlar Rəsulullahdan soruşardılar. Görək səhabə öz dərdini Rəsulullaha necə ərz etmiş.
İbn Əbi Vəfa nəql edir: Bir adam gələrək “Ey Allahın Rəsulu, mən Qurandan bir parça seçib ala bilmirəm. Mənə kifayət edəcək bir şey öyrədin.” -dedi. Rəsulullah buyurdu:
“Elə isə Sübhanallahi vəlhəmdülillahi və lə iləhə illəllahu vəllahu əkbər, və lə havlə və lə quvvətə illə billəh (Allahı tənzih edirəm, həmdlər sənə məxsusdur. Allahdan başqa ilah yoxdur, Allah ən böyükdür, güc-qüvvət sahibidir) de!” O adam soruşdu: “Ya Rəsulallah, bu zikr Allah üçündür. (ona həmddir) Özüm üçün necə dua edim?”
Belə dua et: “Allahım, mənə mərhəmət et, səhhət ver, hidayət ver, ruzi ver!”
O adam əllərini sımsıx birləşdirərək: “Belə (sımsıx dərk etdim)” dedi. Rəsulullah: “Bu adam iki əlini də xeyirlə doldurdu!..” buyurdu. (Əbu Davud, Salət 139)
Peyğəmbər (s.ə.s)-in çox sevdiyi zikr
Rəsulullah (s.ə.s) buyurdu ki: “Sübhanallahi vəlhəmdülillahi və lə iləhə illəllahu vəllahu əkbər demək, mənim üçün günəşin üzərinə doğduğu hər şeydən daha sevimlidir.” (Müslim, Zikr 32)
İbn Məsud (r.a) anladır: “Rəsulullah buyurdu ki: “Merac zamanı İbrahim (ə.s)-la qarşılaşdım. Mənə:
Ey Məhəmməd, ümmətinə məndən salam söylə. Xəbər ver ki, cənnətin torpağı təmiz, suyu dadlıdır. Bura (suyu tutacaq şəkildə) düz və boşdur. Oraya atılacaq toxum da sübhanallahi vəlhəmdülillahi və lə iləhə illəllahu vəllahu əkbər cümləsidir.” (Tirmizi, Dəavat 60)
İnsan oğlunun lehinə olan üç xüsusdan biri zikrdir
Ağıllı insan imtahan üçün gəldiyi dünya həyatında ikən nəfsini doğru hesaba çəkməlidir ki, sabah axirətdə peşman olmasın. Aşağıdakı hədis nəfsimizi hesaba çəkərkən sözlərimizi ölçə biləcəyimiz bir düsturdur.
Ümmü Həbibə (r.a): “Rəsulullah (s.ə.s) buyurdu:
“Adəm oğlunun yaxşılığı əmr edib, pisliklərdən çəkindirməsi və ya Allahı zikr etməsi xaric bütün sözləri lehinə deyil, əleyhinədir. ” (Tirmizi, Zöhd 63)
Allaha olan borcumuzu necə ödəyə bilərik?
Hz. Cabir bin Abdullah anladır: “Rəsulullah bir gün bizə xitab etdi və dedi: Ey insanlar, ölmədən əvvəl Allaha tövbə edin. (Müsibət, xəstəlik, yaşlılıq kimi) ağır məşğuliyyətlərə düşmədən əvvəl saleh əməllər işləməyə tələsin. Çox zikr edərək, gizli və açıq sədəqə verərək Allaha qarşı borcunuzu ödəəyin ki, bol ruziyə, ilahi nüsrətə və halınızın islahına nail olasınız...”
Rəsulullah (s.ə.s) buyurdu ki: “Rəbbim mənə doqquz şey əmr etdi:
- Gizlində və açıqda Allahdan qorxmağı,
- Qəzəbli və sakin ikən ədalətli söz söyləməyi,
- Fağırlıqda və zənginlikdə qənaətli olmağı,
- Məndən uzaqlaşanla da qohumluq əlaqələrini davam etdirməyi,
- Məni məhrum edənə də əta etməyi,
- Mənə zülm edəni əfv etməyi,
- Susma halımın təfəkkür olmasını,
- Sözümün zikr olmasını,
- Baxışımın ibrət olmasını,
- Doğru və gözəl olanı əmr etməmi.”
(Hədis Rezin tərəfindən təxric olunmuşdur)
ŞƏRHLƏR