Məryəmin Gündəliyi
3 DEKABR 2007
Mərhəba!
Atam sabah dağın ətəyində adını bilmədiyim bir kənddə yaşlı bir babanı ziyarət edəcəyimizi dedi. Yaxşı baba imiş.
Bu böyükləri də başa düşə bilmirəm. Yaxşı babaları görmək üçün uzaqlaramı getmək lazımdır? Buralarda da yaşlı və yaxşı babalar yoxdurmu? Yaxşı babalar hər zaman uzaqlarda olurmu? Bir o qədər də getmək istəmirəm, amma yenə də xeyirlisi...
4 DEKABR 2007
Dağların ətəyində uzun yol qət edərək kəndə çatdıq. Atamla anam maşından düşmədən əvvəl çox qalmayaq deyə sözləşdilər. Bu böyüklər çox qəribədirlər. Həm yaxşı baba deyirlər, həm də çox qalmayaq deyə sözləşirlər.
Yaşlı babanın adı Əli imiş. Yanaqlarımdan öpdü. Beli bükülmüş çox yaşlı bir baba. Ağzı quru olduğundanmı, nədənsə öpüşündən diksinmədim. Marçıltı ilə öpənlərdən deyildi.
Əli babanın təbəssümü və təbəssümünün ardından ağlaması, yatağının kənarında asılı olan təsbehi, başındakı bəmbəyaz təkkəsi, atasının divardan asılmış rəsmi, paltarlarının nimdaşlığına rəğmən təmiz olması və otaqdan pis qoxunun gəlməməsi diqqətimi çəkdi.
Əli baba danışarkən Allah, Məhəmməd isimləri keçdikcə ağlayır. İki-üç cümlədən biri dua cümləsi. Hər halda Əli baba Allahı çox sevir. Əli babanın Musa adında bir müəllimi varmış. Uzun illər bundan əvvəl vəfat etmiş. Müəllimini və onun oğlunu o qədər çox sevir ki, onların adını eşidəndə göz yaşlarını saxlaya bilmir. Əli baba mərhum müəlliminə və onun oğluna çox dua etdi.
Görəsən necə olub ki, Musa müəllim özünü bu qədər sevdirə bilib? Atamın da orta məktəbdə, universitetdə müəllimləri olub. Amma mən bircə dəfə də olsun atamın onlardan bəhs edərkən ağladığını görmədim, onlara dua etdiyini heç eşitmədim. Əli babanın Musa müəllimini görmək istərdim.
Yatağının kənarında iki yaylığı var. Bir az nimdaş olsalar da işə yarayırlar. Diqqqət etdim. Əli baba göz yaşlarını silmək üçün ayrı, burnunu silmək üçünsə ayrı dəsmaldan istifadə edir. Yaşım az olsa da indiyə qədər göz yaşı üçün xüsusi dəsmal işlədən bir adam görmədim. Onu da deyim ki, böyüklərin uşaqlar kimi ağlaması mənə çox qəribə gəldi. Biz uşaqlar şokalad, oyuncaq və s. kimi şeylər üçün ağlayırıq. Bəs Əli baba?..
Anamla atam qalxmaq üçün bir-birinə göz etdilər. Əli baba “bir fincan çay içmdən olmaz” deyərək izin vermədi. Yaxşı ki, izin vermədi, çünki mən adamı marçıltı ilə öpməyən bu babanın yanında çox qalmaq istəyirəm.
Ayrılarkən Əli baba başıma sığal çəkdi. Anamla atam, bacımla mənə dua etməsini rica etdilər. Əli baba ağlayaraq dua etdi, amma nə dediyini anlamadım.
Maşınla evə qayıdarkən atamla anam Əli babaya göz yaşlarını və burnunu silməsi üçün iki ədəd gözəl dəsmal almaq mövzusunda sözləşdilər.
14 Dekabr 2007
Bu gün bazarı çox gəzsək də istədiyimiz kimi gözəl və yumşaq dəsmal tapmadıq. Atam yorulduğu üçün “bu qədər axtarmaq kifayət edər. Bazarda tapa bilmədik, gedək” dedi. Guya başqa vaxt həll edəcəkmiş. Elə dedi.
5 FEVRAL 2008
Anamla atam “Əhməd dayıgili də götürüb Əli babagilə gedək” sözlərini həyata keçirə bilmədilər. İkisinə də tənbəl deməyə dilim gəlmir. Görəsən dərslərimlə bağlı buna bənzər bir xüsusda səhlənkarlıq etsəydim necə qarşılayardılar?..
29 MAY 2008
Bu gün Əli babanın ölüm xəbərini aldıq. Çox təsirləndik.
Atam bir ara özünün səhlənkarlığını və tənbəlliyini, bir cüt dəsmal alaraq Əli babaya apara bilmədiyini etiraf etdi. Başqa bir əmi “yaxşı insanlar yaxşı atlara minib getdilər” deyə bitən hekayə danışdı. Ey yaxşı insanlar, niyə bizi pis insanlarla pis atların ümidinə qoyub gedirsiniz?
Gülə-gülə Əli babam. Ümid edirəm ki, saçlarımı oxşayaraq məni sevdiyin və öpdüyün kimi qarşılarlar səni də. Gözündən həsrətlə axan yaşların cənnət bağçası olduğunu düşündüyüm qəbrinin içərisini daha da yaşıllaşdıracağına, gülləri daha da böyüdəcəyinə inanıram.
Uzaqlardan gələrək məni sevib oxşayan bir babam da var. Bir gün sənin kimi onun da yaxşı atlara minərək uzaqlaşma ehtimalını düşündükcə çox pis oluram. Səni xatırladığım hər an sənə fatihələr göndərəcəyəm. Söz verirəm…
ŞƏRHLƏR