Söyüş-Təhqir Dəb Düşüb

Söyüş-Təhqir Dəb Düşüb

İslam dinində hər kəsin namus və şərəfi hücumdan mühafizə edilmişdir. Hücuma qarşı isə ağır bir cəza olur. Buna görədir ki, dinimizdə qeybət, iftira, lağ etmə, söymə və pis söz söyləmə qətiyyətlə haramdır.

 Başqalarınm namus və şərəfinə hörmət göstərməyən kimsə, namus və şərəf hissindən məhrumdur. Cəmiyyətin ülvi-təmiz hisslərinə hücum edən bir canavar kimidir.

Son illər ölkəmizin hər bölgəsində ictimaiyyət arasında acınacaqlı bir hal özünü büruzə verir. Bu, vərdiş halını alan çılpaq söyüş motivləridir. Qulaqları deşən, həya-ismət pərdəsini yırtan, mənəvi-əxlaqi tərbiyəni ayaqlar altına atan bayağı söyüşlər artıq hər yerdə, hər kəsə sirayət edir. Belə ki, evdə, ictimai yerlərdə, tele-verilişlərdə, kitab-qəzet səhifələrində çeşid-çeşid söyüşlər artıq dəb kimi dil-ağızda özünə mövqe seçmişdir. Məktəblərdə müəllim-şagird arasında ta qədimdən bir sıra söyüş-təhqir mövcud idi. İndi isə bütün bunlar geniş miqyas almışdır. Məsələn: "köpək oğlu", "it balası" və s. heyvana bənzətmələrlə bağlı alçaldıcı sözlər çox işlənirdi. Bu günlər isə söz önu, söz ardı, söz arası, söz əvəzi kimi işlədilən söyüşlər, kobud birləşmələr, (çox vaxt xarici dillərdən-millətlərdən sırınan, dilimizin leksikonuna daxil olub -"doğmalaşan" sözlər) Bakıda, ətraf şəhər və rayonlarda daha geniş yayılmışdır. Hətta boynu qalstuklular belə bu "təzadlar"dan vaz keçə bilməyib zəmanəyə uyğun ala-bəzək libas geyinir. Bəzəkli danışıq dilində müasir avropalı kimi hər kəslə davrana bilir.

Hər gün qulaqlara yüklənən, səmimi qəbul olunan bəzi sözləri bir daha xatırlamaqdan həya edirəm.

Baxmayaraq ki, insanlar yaradılış baxımından mədənidir, başqa aspektdən isə vəhşi xüsusiyətlərin də daşıyıcısıdır. Bəlkə bu, hələ bizlərin həm ət, həm də ot yeməyimiz üzündəndir?! Pisliklərə təmayüllü olmağımız bəlkə də haramlara həvəsli olmağımızdadır... Sorğusu müzakirəyə çevrilən bu ciddi məsələ haqında düşünməyə dəyər. İnsan oğlu nədən söyüş söyür? Məcburiyyət edən kimdir, nədir? İslam dininin şəriət məsələlərinə diqqətlə yanaşsaq görərik ki, vicdan ilahi bir qüvvədir. Ruhun bir xüsusiyyətidir. Bir hədisi-şərifdə belə buyurulmuşdur: "Töhmət yerlərindən qaçın!!"

Dəyişik xalq sinifləri ilə tutduqları məqamlarına görə söhbət əlaqəsi qurmaq, hər kəsə qabiliyyət və vəziyyətinə görə xitab etmək lazımdır. Bir alimdən, bir zahiddən, bir zəngindən gözlənən sifətləri, bir cahildən bir fasiqdən, bir fəqirdən gözləmək olmaz.

Bütün bunlara rəğmən ədəb nöqteyi-nəzərindən gözəl tərbiyə gözəl xüsusiyytələrlə vəsf olunmaqdır.

Utanılacaq şeylərdən insanı qoruyan ədəbdir. Ədəb insan üçün böyük bir şərəfdir. Ədəbdən məhrum olan bir insan, bir cəmiyyət zərərli mikroblardan daha təhlükəlidir.

Əlbəttə, insan şərəfli söz danışmalı, uğursuz sözlərdən dilini qorumalıdır.

Dili gərəksiz sözlərdən qoruyub, ehtiyacdan artıq söz söyləməmək çox yaxşı haldır.

Ağıza gələn hər şeyi demək olmaz.

Bu gün həyasızlıq baş alıb gedir. Şair demiş; "...Toyları, yasları oxşar mənzərə".

Utanmaq, hicab, ar, namus, həya deməkdir. Çirkin şeylərdən nəfsin daralması, ədəbə tərs bir işin meydana çıxmasından dolayı qəlbin duyğulanıb sıxıntı içində qalması deməkdir. Bunun əsəri həmən üzdə özünü biruzə verir. Bu hal baş vermirsə, deməli o adam utanmaq duyğusundan məhrumdur. Həyasızlıq insanı insanlıqdan çıxarır. Heyvanlardan daha aşağı səviyyəyə düşürür. Bu, hədisi-şəriflərdə də açıqlanır: "Həya imandan bir bölümdür. İnsanlardan utanmayan Allahdan da utanmaz."

Bu gün istər kənd-rayon mərkəzlərində, istərsə də respublikanın paytaxtında açıq-saçıq küçə söyüşləri "vüsət" alıb. Zibil qutuları qoyulan yerlərdə və yaxud tullantılar üçün nəzərdə tutulmayan yerlər yaxınlığında da divarlara ləyaqət alçaldıcı söyüşlər yazılmışdır.

Bəzən ciddi bəzən də zarafatla söyüşür adamlar. Bir anlıq da olsa fikirləşirəm ki, görəsən nə üçün adamlar bir-birini təhqir edir?! Nəqliyyat vasitələrində bəzən sürücü ilə sərnişin arasında, o cümlədən bazar-dükan alverçilər iarasında... İstirahət parklarında, qonşu çəkişmələrində, bir sözlə hər yerdə böyük-kiçik arasında hörmətsizlik adi hal təki hamının vaz keçdiyi dünyəvi bir hadisə olmuşdur. "Mənə nə?!" "Hər kəs özünə cavabdehdir" və sair baş qoruyan prinsiplərə istinad edib hər kəs bu zərərli dəb-hala biganə yanaşır. Hər halda belə olmaz.

               "Özünü qiymətli tutmasan hərgah,
                           Alçaqlıq yaxana olacaq ürcah".
                Ayağın büdrəsə, bəlkə azğından,
               Gözlə, sürüşməsin dilin ağzından,
               Başına sağalmaz bəlalar gələr.

                                                                                                           (A.Cəbirli)

...Və sonda nəsihət olaraq: insanlar, gəlin bir-birimizi təhqir edib, söyüb, alçaltmayaq! Yoxsa?! Şər-şeytanın gülüş mərkəzinə çevrilərik.

                                                                                                  

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz