Orda Bir Əndəlüs Var
Orada altmış min saray və malikanə, iki yüz min kiçik ev, səksən min dükan, üç min səkkiz yüz məscid, yeddi yüz ictimai hamam vardı. Bir milyondan çox əhalisi olan bu şəhər orta əsrlərdə Konstantinapol istisna olmaqla Avropada şəhər mədəniyətinin inkişaf etmədiyi dövrlərdə bir çox ölkələrə nümunə idi. Bu, Əndəlüs Əməvi dövlətinin paytaxtı Kordova şəhəri idi...
Buraların fəthi də çox qəribə olmuşdu. 711-ci ildə Əndəlüsə daxil olan İslam ordusunun sərkərdəsi Tariq bin Ziyad fəth üçün gələn əsgərlərin geri dönmək ümidi qalmasın deyə quruya çıxar-çıxmaz, gəmiləri yandırmağı əmr etmişdi. Bu gün Türkiyə türkcəsində “gemileri yakıp gelmek” ifadəsi də oraya istinad edir.
Əndəlüs dedikdə ilk növbədə möhtəşəm İslam mədəniyəti gəlir ağla. Qərb tarixçisinin Əndəlüs haqda dedikləri necə də diqqət çəkir: “Mavrlar (müsəlman-ərəblər) Kordovada orta əsrlərin möcüzəsi olan qəribə krallıq qurmuşdular. Avropanın hər yerini vəhşi nadanlıq və çəkişmə bürüdüyü bir vaxtda, gur şölə saçan mərifət və mədəniyyət məşəlini Qərb dünyası önündə saxlayan təkcə bu krallıq olmuşdur.”
O dövrdə Avropada İslam mədəniyyətinin beşiyi sayılan Əndəlüsün paytaxtı Kordovada, sonralarsa Qranadada demək olar ki, oxuyub-yazmağı bilməyən yox idi. Bu, İslamın maariflənməyə verdiyi diqqətin təzahürü idi. Halbuki o zamanlar ruhaniləri çıxmaq şərtilə xristian Avropasında ən yüksək təbəqələrə mənsub şəxslər belə elmi səviyyədən məhrum idilər. Dəfələrlə dilə gətirilən bu faktı Qərb yazarlarının kitablarından oxumaq mümkündür. Xeyli kitabxanaya malik olan Kordova şəhərindəki dörd yüz min kitabdan ibarət Əmir kitabxanası İslam mədəniyyətinin, elm və maarifçiliyinin o dövrdə hansı zirvəyə çatdığını göstərməyə kifayət edər.
Zaman keçdikcə daxili çəkişmələrlə zəifləyən və xarici müdaxilələrə cavab verməkdə aciz qalan Əndəlüs dövləti öz torpaqlarını itirməyə başladı. Təxminən ömrünün son iki yüz ilində Qranada bu dövlətin yeni paytaxtı oldu. Burada tağların, sütünların və arabesklərin yaraşıq verdiyi məşhur Əl-Hamra sarayı bu günün özündə də varlığını davam etdirməkdə və Avropanın mərkəzində İslam mədəniyyətini dünyaya nümayiş etdirməkdədir. Sonrakı illərdə buranın müsəlman sakinləri xarici təzyiqlərə dözməyərək ölkəni tərk etməyə, Afriqa qitəsinə köçməyə başladılar. Şəhəri tərk edən Əndəlüs əmirinin son dəfə ağlayaraq şəhəri seyr etdiyi qayalıq bu günün özündə də “Mavrın son nəfəsi” adı ilə məşhurdur. Sanki bu sətirləri yazarkən əsrlər ööncəsindən hıçqırıqlarını duyuram. Və anasının məşhur sözünü: “Kişilər kimi qoruya bilmədiyin məmləkətin üçün indi qadınlar kimi ağla!”
Əndəlüsün müsəlmanların əlindən çıxması ilə burada hər şey bir anda dəyişdi. İslam mədəniyyətindən və onun ortaya qoyduğu əsərlərdən iz saxlamamağa çalışan əcnəbilər bütün kitabları və sənət abidələrini məhv etməyə çalışdılar. O əsərlər ki, müasir elm bu səviyyəyə gəlməsi üçün onlara borcludur. Məşhur kimya alimi Pyer Kürinin dediyi kimi “Əndəlüsdən əlimizdə otuz kitab qaldı və biz onunla atomu parçalamağı bacardıq.” Məhvetmə siyasəti sadəcə yazılan kitablara, tikilən binalara qarşı aparılmırdı. Eyni zamanda inkvizisiya məhkəmələri quran kilsə buranın müsəlman camaatına olmazın əzab-əziyyətlər verməyə başladı. Hindistanlı tarixçi C. Nehru keçən əsrimizdə öz qızına məktubunda yazırdı: “Görünür o dövrdə xristianların yuyunmaqdan xoşu gəlmirdi və müsəlman ərəblərin bu adətinə nifrətlə baxırdılar. Hətta cəza olaraq müsəlman kişilərə, onların xanımlarına və övladlarına su ilə yuyunmağı qadağan etmişdilər...”
Avropada İslam mədəniyyətinin beşiyi olan Əndəlüs yeddi yüz il ərzində öz ətrafını parlatdıqdan sonra qüruba uğradı. İngilis tarixçisi Leyn Pulun dediyi kimi “...İspaniya bir müddət ay kimi işıq saçmaqdaydı. Sonra bu ölkəyə qaranlıq çökdü...”
ŞƏRHLƏR