Qırmızı Qaranlıqlar Içərisində Yaşıl Işıqlar

Qırmızı Qaranlıqlar Içərisində Yaşıl Işıqlar

Zaman-zaman yağı düşmən bizi özümüzdən, kökümüzdən, elimizdən, dilimizdən qoparmağa çalışdı. Tariximizi gah özgələr, gah da kökünü tanımayan, dilini bilməyən “özümüzünkülər”. “Lisanımızı, qövmiyyəmizi, tariximizi, tariximizə zinət verən böyüklərimizi, qəhrəmanlarımızı, dinimizi... ləkədar etmək istəyən qərəzkar rəqiblərimizə çox kərə özümüz aldanıb inanıyoruz, bunların nə niyyət və məqsədlə yazılmış və yazılmaqda olduğunu bilmiyoruz.” (Həyat, 10 iyun 1905-ci il)

Türk adı çəkmək, “mən türkəm” demək yasaq oldu bizlərə. Qonşularımız-düşmənlərimiz bizi bizdən yaxşı tanıdı. Farslar həqarətlə “türkə-xər” deyərək sözümüzü, özümüzü “məhəlli” hesab etdi. Əsli-kökü bilinməyən, qanına 101 millətin qanı qarışan, qədim Türk torpaqlarında rahatlıq tapan ermənilər də bizi öz adımızla çağırdı.

Bəs biz?

Türk deyə bilmədik özümüzə. Türk olmaq yasaq, türk demək yasaq. Nə olursan ol, kim olursan ol, türk olma. Türk adı çəksən “Pantürkist”, “Panislamist” damğası vurarlar sənə. Qapılar üzünə bağlanar, gününü göy əskiyə bükərlər. Zindanlar, sürgünlər, qürbət həyatı olar nəsibin.

Sakit yaşamaq istəyirsənsə ağa qara, qaraya ağ deməyi bacarmalısan, özünü inkar edib özgələşməlisən, manqurtlaşmalısan. Qırmızı qaranlıqlar içində yaşamağı öyrənməlisən.

Nə yaxşı o qırmızı qaranlıqlar içərisində ara-sıra yaşıl işıqlar görünürdü. “Elli xalq idim, elim indi hanı, xaqanlı xalq idim, xaqanım hanı?” (Kültəkin abidəsi, şərq tərəf-9) – sualına cavab axtaranlar, damarlarında Qoca türkün qanı axanlar idi o işığı yandıranlar. Və o qırmızı qaranlıqlar içərisindəki yaşıl işığa doğru uçan pərvanələr az da olsa vardı. “Vətən sevgisi imandandır” düsturunu həyat qayəsinə çevirərək bir pərvanə misalı vətən-şamın ətrafına dolana-dolana özünü unudub qanadlarını yandıran, məhv olsa da bu sevdadan usanmayan vətən məcnunları, qırmızı qaranlıqlar içərisində yaşıl işıqlara doğru uçan bu pərvanələr Əbdülhəqq Hamid tarhan, Əhməd Kamal, Abdulla Sur, Məhəmməd Hadi, Həsən Səbri Ayvazov, Əhməd Cövdət və başqaları idi.

Bəs o işığı yandıran?

...Şair idi. Şeirlərini “Dəli şair”, “Ə.H”, “Turani”, “Səlyani”, “Şair Naim”, “Əli Turan” imzaları ilə yazırdı. Qadağalara baxmayaraq oxucusuna gerçəkliyi çatdırmağa çalışırdı:

Ucundadır dilimin həqiqətin böyüyü.

Nə qoydular diyəyim, nə kəsdilər dilimi.

...Tərcüməçi idi. Ərəb və fars dillərini Qafqaz şeyxülislamı olan babası Axund Molla Əhməddən mükəmməl öyrənmişdi. Peterburq universitetinin fizika və təbiət fakültəsindəki təhsil illərində isə latın, yunan, fransız, alman, ingilis dillərində sərbəst danışıb yazmağı öyrənmişdi. Ömər Xəyyamın bir neçə rübaisini, Hötenin “Faust”undan bir neçə parçanı, H. Heynenin, V. Şekspir və Derjavinin əsərlərini tərcümə etmişdi. Alman dili mütəxəssisi, filologiya elmləri doktoru Nəzakət Ağazadə “Faust”un tərcüməsi haqqında belə deyib: “Ədibin əruz vəznində “Faust”dan etdiyi tərcümə əvəzedilməzdir... Bu gün həmin tərcüməni alman dilinə çevirsək eynilə Hötünin “Faust”unu alarıq.”

...Rəssam idi. İstanbulda məşhur Azərbaycan yazıçısı Hacı Zeynalabidin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” əsərinə sifarişlə illüstrasiyalar çəkmişdi. Yağlı boya ilə çəkdiyi saysız-hesabsız tabloları var idi. Azərbaycan boyakarlıq sənətinin əvəzsiz nümunələrindən sayılan “Şeyxülislamın portreti” və “Bibiheybət məscidinin görünüşü” adlı tabloları hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyinin qiymətli eksponatlarındandır. Təəssüf ki, maddi ehtiyac üzündən əsərlərini satmağa məcbur olduğundan bir çox əsərinin taleyi məlum deyil. Orucov qardaşları Nikolayevski (indiki İstiqlaliyyət) küçəsindəki mağazanın vitrininə iki şəkil qoymuşdular satmağa. Biri “Bibiheybət məscidi”, o biri “Çeşmə bağında” idi. Birincisinə 500 manat, ikincisinə 300 manat qiymət qoymuşdular. Müəllimlər yığışıb hərə on manat qoyaraq “Çeşmə bağında”nı alırlar. “Bibiheybət məscidi” əsərini isə Bakıdakı ingilis konsulu Mak Donnel alıb Londona göndərmək istəyir. Bu xəbəri Orucov qardaşlarının böyüyü Hacı Zeynalabidib tağıyevə çatdırır. H. Z. Tağıyev 500 manat verib deyir ki: “Həmin şəkli çatdır bizə...

...Qədim məscidimizin şəkli öz şəhərimizdə qalmalıdır.” (M. Süleymanov. Eşitdiklərm, oxuduqlarım, gördüklərim.)

...Təbiətşünas alim, təbib idi. İki universitet bitirmişdi. (Peterburq və İstanbulda) İstanbulda professor yardımçısı işləmiş, “siflis”, “Vəba və mikrobu” adlı elmi əsərlər yazmış, yenə orada professor Kamal Cənabla “Ensiklopedik tibb lüğəti” tərtib edib nəşr etdirmişdi.

Musiqiçi kimi də tanınırdı. Skripkada notla gözəl çalmağı vardı. Türk musiqişünasları musiqi əsərlərinin təhlilində onun fikirləri ilə hesablaşırdılar.

Müəllim idi. 1907-ci ildə Bakıda Xeyriyyə cəmiyyətinin açdığı “Səadət” məktəbində dil-ədəbiyyat müəllimi işləyərək vətən oğullarının maariflənməsi üçün əlindən gələni edirdi. Təxminən 70 il sonra həmin məktəb haqqında yazılanlara fikir verin: “Səadət məktəbində dünyəvi fənlərə fikir verilsə də üstünlük şəriətin, türk-ərəb və fars dillərinin öyrədilməsinə verilir, pantürkizm, panislamizm təbliğ edilirdi. Səadət Azərbaycan maarifi tarixində mürtəce rol oynamışdır.” (A. S. E. c. 8, səh. 366-367) Əsrin əvvəllərində deyilən bu misralar əsrin sonunda da əhəmiyyətini itirməmişdi:

Bilirsənmi cuhəla[1] nə etdilər vatana,

Nə qoydular, nə qoydular oyana...

...Filosof, siyasətçi, diplomat, tənqidçi, publisist, redaktor idi. “Həyat” və “Kaspi” qəzetlərinin, “Füyuzat” jurnalının redaktoru olmuşdu.

İctimai fikir tariximizdə iki mühüm ideoloji cərəyanın – turançılıq və romantizmin binasını qoymuşdu. İlk dəfə rus və erməni şovinizminin əsl mahiyyətinin dogru, düzgün ifşasını “Həyat” qəzeti vasitəsi ilə vermişdi.

Axı kim idi bu adam?! XX əsrin nəhəng siması?! Öz dövrünün alimlərindən fərqlənərək Antik dövrün nəhəng simalarına xas universallığı özündə ehtiva edən bu şəxs?

“Mən türkəm, qafqazlı bir türkəm, türk bir müsəlmanam, müsəlman bir insanam. Bu dörd sifətlə dünyaya gəldim.ş bu dörd sifətlə də yaşamağa məcburam” –deyən kim idi axı?!

Hələ sağlığında müasirləri, Türk dünyasının görkəmli ziyalıları tərəfindən “Rəsuli-Həqq”, “İrqin ən mükəmməl öndəri”, “Böyük Türk dünyasının mücahidi”, “külli-müsəlman aləminin iftixarı”, “Qafqaz müsəlmanlarının atası” kimi adlarla şöhrət qazanmasının səbəbi yalnız Azərbaycan xalqının deyil, bütün türk xalqlarının azadlığı haqda dediyi böyük həqiqətlər idi.

Amerika alimi Tadeus Sviyataxovski yazırdı: “XX əsrin əvvəllərində türk xalqlarının kimliyini bildirən bir nəfər var idi. O da Əli bəy Hüseynzadə idi.”

Bəli, “Dini İslam ilə mütədəyyin (dindar), ərəb elmi ilə mütəəlli, ərəb mədəniyyəti ilə mütəməddin olduğu halda əsla ərəbləşməyib yenə də “Türk oğlu türk” olaraq qalan, qırmızı qaranlıqlar içərisində yaşıl işıq yandıran o böyük şəxsiyyət Əli bəy Hüseyn oğlu Hüseynzadə idi. 1864-cü ildə Səlyanda anadan olsa da uşaqlığı Tiflisdə keçdi. Peterburq və İstanbul universitetlərində təhsil aldı. 1903-1910-cu illərdə Bakıda gərgin ədəbi və ictimai bir həyat yaşadı. 1910-cu ildə arzularının paytaxtı – İstanbula köçdü. Və ömrünün sonuna – 1940-cı ilə qədər orada yaşadı. Cəmi bir dəfə, 1926-cı ildə Bakıya gəldi. Bakıda keçirilən I Türkoloji qurultayda iştirak etmək üçün. Əli bəy Hüseynzadənin Bakı həyatı haqqında, onun amalı haqqında bir yazıda məlumat vermat verməksə çox çətindir.

1905-ci ildə “Həyat” qəzetinin redaktorlarından biri olan Ə. Hüseynzadə qəzet vasitəsi ilə illər boyu ürəyində gəzdirdiyi, özünü narahat edən sualı soydaşlarına verir: “Biz kimik? Türklər kimdir və kimlərdən ibarətdir?” və əzablı bir yolun yolçuluğu başlayır.

Qəzetin “Məsləkimiz” adlı proqram məqaləsində öz məramını bəyan edir:

“Türkləşmək. İslamlaşmaq, Avropalaşmaq”.

Türkləşmək məramı ilə türk dilini, türk tarixini, türk ədəbiyyatını öyrənməyi tələb edirdisə, İslamlaşmaq məramı ilə də İslam dininin ümumbəşəri, ali, mənəvi əxlaqi dəyərlərinin öyrənilməsi və mənimsənilməsini istəyirdi. Islamlaşmaq onun milli tərəqqi proqramının əsas məramlarından idi. O, Avropalaşmağı öz millətinə xor baxmaqda, kafirləşməkdə deyil, Avropa elm və texnikasının nailiyyətlərini öyrənib öz elm və mədəniyyətini inkişaf etdirməkdə görürdü.

Ə. Hüseynzadə türk xalqlarının öz müstəqilliyi uğrunda, öz müqəddəratını təyin etməkdə ittihadı - birləşməni yeganə nəcat yolu bilirdi: “İttihadın vacibliyini anlamayan, dərk etməyən, kor qalıb bunu görməyən millətlərin çıxılmaz girdablara düşəcəkləri gün kimi aşkardır.”

Ə. Hüseynzadə o zaman Avropa xristian dövlətlərinin və erməni millətçilərinin türk xalqlarının ittihadı barədə söylədikləri böhtan və iftiralardan ehtiyat etməyərək öz turançılıq məramını dahi qətiyyətlə irəli sürərək yazırdı: “Düşmənlərimizin bu qorxusu ittihadın müsəlmanlara nə qədər lazım olduğuna gözəl bir dəlil deyilmidir?”

Onun üçün “Vətən” məfhumu üç fərqli anlayışı özündə birləşdirirdi. Vətən – Azərbaycan, Vətən – İslam aləmi, Vətən – Turan.

Ə. Hüseynzadəni turançı ideoloqu kimi böyüdən də, tanıdan da onun vətəni-Azərnaycana məhəbbətidir.

Lakin tariximizi sifarişlə yazanla onun bu vətən məhəbbətini qiymətləndirə bildilərmi? Xeyr, onu “burjuva ideoloqu”, “Füyuzat”ı mürtəce ruhlu jurnal adlandırırdılar. Müasirlərinin xatırlatdıqlarına görə böyük nüfuz və hörmətə malik olmasına baxmayaraq son dərəcə təvazökar, sakit və heç zaman tərifi xoşlamayan bir zat idi.

Hələ yüz il bundan əvvəl ortaq türk dilinin zəruriliyini hiss edib bu yolda mübarizə aparırdı. Bu yolda onu tənqid edən, ona föhşlər yağdıran Sovet alimlərinin bugünki övladları bu həqiqəti gec də olsa dərk edərək ortaq türk dili yaratmağın zəruriliyini gündəmə gətirdilər. Bu da Ə. Hüseynzadənin uzaqgörənliyindən xəbər verirdi.

Nə vaxtsa unudulacağını, qürbət həyatı yaşayacağını duymuşdu. Lakin bütün bunların keçəcəyinə, haqqın öz yerini tutacağına inanırdı:

Millətə, külliyyətə, hürriyyətə

Aşiq olan uğrasa da möhnətə,

Yari-vətən düşsə də gər qürbətə

Qəm yemə, səbr et, bu da yahu keçər.

1907-ci ildə “Füyuzat”ın son 32-ci nömrəsində “Pərdələr eniyor” məqaləsini yazan Ə. Hüseynzadənin ədəbi irsinin üzərinə qalın bir pərdə çəkilsə də, o qırmızı qaranlıqlar içərisindəki yaşıl işıq sönmədi. Yüz il bundan əvvəl yandırılan yaşıl işığa bu gün də Böyür Türk dünyasının ehtiyacı olduğu hiss edilir. Ə. Hüseynzadənin dənizdəki bir inciyə bənzəri var. Artıq o incinin dənizdən çıxarılmasının və ictimai-fikir tariximizdə, türkçülükdə, ədəbiyyat tariximizdə öz layiqli yerini tutmasının vaxtıdır.

Bir zamanlar:

Ayıltmadı qələmim şu türk ilə əcəmi.

Nə qoydular yazayım, nə qərdəlar qələmi. –

Deyən böyük türk oğlunun səsini eşidib ayılmalı, ədəbi irsinə sahib olmalıyıq.     

 


[1] Cuhəla – cahillər

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz