Kim Üçün? - Nə üçün?…

Kim Üçün? - Nə üçün?…

Bakının səs-küylü dəmir yol vağzalına çatanda saatım 07:35 dəqiqəni göstərirdi. Gedəcəyim mənzil üçün taksi axtardığımda taksi sürücüsü də məni axtarırmış kimi yanıma gəldi.

 Neçəyə apacacağını soruşdum və “10 manat” dedi. Sonunda 8 manata razılaşdıq. Bu qiymətlə asanlıqla razılaşması xoşuma gəldi. Taksimiz vağzaldan yeni ayrılmışdı və sürücü radioda çalınan əcnəbi müsiqidən xoşlanmayaraq kanalı özünəməxsus tərzdə tez-tələsik dəyişdirməyə çalışdı. Bir müddət kanallarda dolasdıqdan sonra çox məlahətli bir səslə oxunan gözəl bir xalq mahnısında qərar tutdu. Sonra da: “İndiki gənclər belə şeylərə qulaq asmırlar, müsiqi zövqləri korlanıb!” -dedi. Mən təsdiq mahiyyətində, bir az da uzun yolun yorğunluğu içərisində başımı salladım. Həzin musiqi sədaları altında davam edərkən sürücü yol boyu çox böyük həyəcanla milli məsələrdə müxtəlif fikirlər bildirdi.

              “İnşallah bir gün torpaqlarımız qayıdar və biz yenə müsiqimizin beşiyini (Şuşanı nəzərdə tuturdu) ziyarət edərik.” -dedi. Bizdən ön tərəfdə nömrəsini tam da görə bilmədiyim bir sərnişin avtobusu hərəkət edirdi və bu əsnada yolda duran yaşlı bir xanımın əl qaldırmasına baxmadan, yanından şütüyərək keçməsi sürücünün ani qəzəbinə səbəb oldu. Doğrusu bu qəzəblənmə mənim sürücüyə olan münasibətimdəki müsbət qənaəti bir az da artırdı. Vətənpərvər, milli dəyərlərə düşkün, humanist bir sürücü!

              Belələrinin sayı az olmasa da, bunun bir az fərqli olduğunu düşünməyə başladım. Artıq gedəcəyimiz yerə yaxınlaşmışdıq. Sürücüdən maşını saxlamasını xahiş etdim. Cibimdən çıxartdığım 8 manatı uzadıb təşəkkür etdim. Ancaq sürücünün təşəkkürümə verdiyi cavabının geç gəldiyini gördüyüm üçün ona tərəf dönüb baxdıqda, sifətindəki mülayim çızgilərin anidən dəyişdiyinə şahid oldum.

              - 10 manat! -dedi.

              - Axı gələndə 8 manata razılaşmışdıq -dedim.

              - Uzaq yoldu, bu qədər yolu 8 manata gətirərlər? dedikdə qərarlı olduğuna əmin oldum. Hər şey birbən-birə dəyişmişdi sanki. Bu vətənpərvər, milli dəyərlər düşkünü və humanist qardaşım qəflətən qeyb olmuşdu sanki. Öz-özümə “kaş, yol boyu nə vətəndən, nə millətdən, nə də insanlıqdan danişaydı, amma sözünə xilaf çıxmayaydı, etdiyi işində dürüst davranaydı” deyə düşünməyə başladım. Bir anda sözlərindəki təsir və dərinlik, ağıl və məntiq, sadəlik və dürüstlük mənasını itirmişdi.

               Ancaq təəssüflənməyə dəyməzdi. İlk bəşər övladı olan Habil və Qabili bir-birinə düşmən edən maddi səbəblər deyildimi? Cəlaləddin Rumi ilə müəllimi Şəms Təbrizi arasında keçən hekayəni xatırladım. Yolda bərabər gedərkən bir-birinin üstündə uzanmış, bir-birinə sarılmış və mehribanca bir-biriylə oynayan köpək balalarına baxan Rumi “kaş ki, insanlar da ən az bu köpək balaları qədər bir-birinə qarşı səmimi, mehriban və dost ola bilsəydilər” -deyir. Ariflər arifi Şəms yerdən götürdüğü bir sümük parçasını köpək balalarının arasına atır. Nəticə; köpək balaları öz dostluqlarını, səmimiyyətlərini və əzizliklərini unudaraq bir-birini parçalamağa başalayırlar. Maddənin mənaya qalibiyyəti. Ruhun əsarəti və nəfsin azgınlığı. İnsanlar da belə deyilmi? İslam əqidəsinin ən saf, riyadan uzaq, dürüstcə yaşandığı dövr aclıq və səfalət dövrü olmuşdur. Əqidənin əyləncəyə  məğlub olduğu dövr isə zənginlik, bolluq və qənimət dövrü olmuşdur.

              Dünya yarandığı gündən nəfsi əmmarə ilə nəfsi kamilə arasındakı münaqişə, və müharibə meydanı olmuşdur. Bu mübarizədə uduzanlar və udanların sayını kim bilir ki! Əslində İslamda ruh və bədən, maddi olan və mənəvi olan, ruhani olan və cismani olan bir-biriylə mütləq şəkildə ayrılmamışdır. Biri digərinin mütləq mənada düşməni və ya rəqibi sayılmamışdır. Ancaq biri digərinin dəyərini artıran və ya azaldan, “əhsəni-təqvimə” çatdıran, “əsfələ-safilinə” endirən vasitələr olaraq görülmüşdür. Qurani-Kərimə görə “dünya” kəlməsi sadəcə bir yer ismi yox, ixtiyari olaraq seçilmiş əxlaqi-mənəvi bir keyfiyyətdir. Əgər bir şəxs axirət həyatını şəxsi mənfəətlərindən daha böyük, mənlik və qürurundan daha yüksək tutarsa, bütün bunları axirət həyatına fəda etməyə hazır olar. “Dünya” təbiətin bütün hadisələrini, başqalarının deyil, yalnız öz xeyrinə, mənfəətinə görə qiymətləndirməkdir. “Axirət”sə hər şeyi mənlik üçün deyil, başqalarını xeyrinə, onların faydasına görə dəyərləndirib, dərk etməkdir. Yəni, bir şəxs xalqa xidmət üçün çörək dükanı və s. açarsa, cəmiyyətə xidmət olsun deyə bir şey öyrənərsə bu iş ibadət sayılar. Bunun əksi dünyadır. Anladım ki, taksi sürücüsü dostum da “dünyalı”ymış...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz