Zikrullah – 2

Zikrullah – 2

İnsan sevgi bəslədiyi varlığa ram olur. Hər an onu qəlbinin ən müstəsna yerində daşıyır. Xəyalı, fikri və zikri onunla olur. Zahirən ayrı olmaq onun üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Çünki ruhən daima onunla birlikdə yaşayar. Necə ki, bu həqiqəti bəyan etmək üçün “Yanımdakı Yəməndə, Yəməndəki yanımda...” deyilmişdir.Məsələn, uşağını həddən artıq sevən bir adam hər fürsətdə ondan danışaraq rahatlıq tapar. Peşəsinə çox düşkün olan biri də işiylə əlaqəli mövzulardan danışmaqdan ləzzət alar. Sevdiyi şeyləri düşündükcə onlara olan məhəbbəti və düşkünlüyü daha da artar.

Möminin könlü də kamil iman məhəbbətiylə dolduqda daima Rəbbinin adını zikr edər. Zikr sanki onun üçün abı-həyata çevrilər. Bir balıq sudan ayrı yaşaya bilmədiyi kimi o da zikrsiz rahat olmaz. Onun nəzərində zikr yemək-içmək və tənəffüs etmək qədər əvəzsiz bir ehtiyacdır.

Necə ki, Allah Rəsulu r:

“Allahı zikr edən kəslə zikr etməyənin misalı diri ilə ölü kimidir.” -buyurmuşdur. (Buxari, Dəavat, 66)

Nəticə etibarilə qəlbi həyatını iman məhəbbətiylə diri saxlayan bir mömin bunun ən təbii bir təzahürü olaraq Rəbbinin ismini qəlbinin virdinə çevirər. Haqq-Təalanın əzəməti-ilahiyyəsindən, sonsuz qüdrətindən, idraklara sığmayan hökmranlığından, ilahi tənzim və təqdirindəki hikmətlərdən söz açmaq onun ruhunda tərifi imkansız zövq və ləzzət meydana gətirər. Buna görə hər halında Haqqı xatırlayar, Onu yad edərək qəlbini və dilini mənən şirinləşdirər. Ayeyi-kərimədə buyurulur:

“...Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!” (ər-Rad, 28)

Zikrin feyz və ruhaniyyəti eynilə günəşin şüalarını bir mərkəzdə toplayan zərrəbin kimi çör-çöp hökmündəki bütün nəfsani arzuları yandıraraq kül edər. Belə ki, bu hal irəlilədikcə möminin nəzərində Haqqın zikrindən daha ləzzətli heç nə qalmaz. Bu ləzzət ruhunu bürüdükcə bəndənin Haqqa yaxınlığı artar. Haqqa yaxınlığı artdıqca da zikrə olan həvəsi artar.

Əbu Said əl-Xarraz həzrətləri Haqq dostlarının hallarından bəhs etdiyi bir söhbətində belə buyurur:

“Allah-Təala bəndələrindən birinin başına övliyalıq tacını qoyacağı zaman öncə ona zikr qapısını açar. Qəlbinə zikr etmə ləzzəti verər. Bəndə bu dadı aldıqdan sonra onun üzünə Zatına yaxınlıq qapısını açar. Onu ünsiyyət, yaxınlıq və ülfət məqamına oturdar. Bundan sonra tövhid kürsüsünə çıxarar. Əsl olacaqlar da məhz bundan sonra başlayar.”

DÜNYA SƏLTƏNƏTİNDƏN DAHA QİYMƏTLİ ƏMƏL

Zikrin həqiqətinə nail olaraq ilahi məhəbbətin ləzzətini dadan qullar üçün bütün dünyəvi zövqlər öz dəyərini itirir. Necə ki, dünya səltənətini bir kənara qoyub ilahi eşq dəryasına dalmış olan İbrahim bin Ədhəm həzrətləri buyurur:

“İlahi məhəbbətdəki vəcd və istiğraqımız gözlə görülsəydi krallar onu ala bilmək üçün bütün xəzinələrini də, krallıqlarını da fəda edərdilər.”

Davud u özünə lütf edilən böyük mülk və səltənətə rəğmən dünyaya meyil etməzdi. Rəbbiylə elə bir müstəsna yaxınlıq və hüzur iqlimində yaşayardı ki, zikrə başladığı zaman onunla birlikdə dağlar, daşlar və hətta yırtıcı heyvanlar belə vəcdə gələrdi.

Davud u ın oğlu Süleyman u a isə heç kimə nəsib olmayan möhtəşəm bir səltənət bəxş edilmişdi. Rəvayətə görə bir gün Süleyman u quşların kölgəsində, sağında və solunda insanlar, cinlər, vəhşi və əhilləşmiş heyvanlar olduğu halda böyük bir ehtişam içində ordusu ilə gedirdi. Bu zaman İsrail oğullarından bir abidin yanından keçirdi. Abid ona:

“Ey Davud oğlu, Allah sənə nə böyük bir səltənət bəxş edib!” –dedi.

Süleyman u bunu eşidib belə cavab verdi:

“Mömin bir bəndənin əməl dəftərində olan bircə dənə təsbih (sübhanallah sözü) Davudun oğluna veriləndən daha xeyirlidir. Çünki Davudun oğluna verilən fanidir, halbuki təsbihin qazandıracağı sərvət baqidir.” (Ruhul-Bəyan, VII, 150)

  Allah-Təala Həzrət İbrahimə də saymaqla qurtarmayacaq qədər qoyun sürüləri ehsan etmişdi. Bir gün Cəbrail u insan surətində gələrək:

“Bu sürülər kimindir? Mənə sürülərdən birini satarsınızmı?” –deyə soruşdu. İbrahim u:

“Bu sürülər Rəbbimindir. Hazırda mənim əlimdə əmanətdir. Bir dəfə zikr etsən üçdə biri, üç dəfə zikr etsən hamısı sənin olsun!” –dedi.

Cəbrail u da üç dəfə “Bizim Rəbbimiz, Ruhun və mələklərin Rəbbi bütün nöqsanlardan uzaq, əskikliklərdən təmiz və ucadır.” –deyə zikr etdikdə İbrahim u:

“Götür, hamısı sənin olsun!” –dedi. Cəbrail u:

“Mən insan deyiləm, Cəbrailəm, ala bilmərəm.” –dedi. İbrahim u da:

“Sən Cəbrailsənsə, mən də Xəliləm (Allahın dostuyam). Verdiyimi geri almaq mənə yaraşmaz.” –cavabını verdi.

Nəhayət İbrahim u sürülərinin hamısını satdı, mülk aıb vəqf etdi. Bununla da bütün dünya malının Allahı zikr qarşısında bir “heç” olduğunu əməli şəkildə təbliğ edib “Xəlilullah / Allahın dostu” sifətinə layiq olduğunu bir daha isbat etdi.

Bir gün Rəsulullah r zikrin Haqq qatındakı qiymətini ifadə mahiyyətində əshabına:

“Sizə ən xeyirli, Allah qatında ən dəyərli, dərəcənizi ən çox yüksəldəcək, sizin üçün sədəqə olaraq qızıl və gümüş paylamaqdan daha karlı, düşmənlə qarşılaşıb sizin onların boynunu vurmanızdan, onların da sizi öldürməsindən daha çox savab gətirəcək əməlin nə olduğunu xəbər verimmi? ” deyə soruşdu. Onlar da:

“Bəli, söyləyin!” –dedilər. Rəsuli-Əkrəm r:

“Allahı zikr etməkdir.” buyurdu. (Tirmizi, Dəavat, 6)

Bir dəfə də Həzrət Peyğəmbər r Nəcd tərəflərinə bir birlik göndərmişdi. Onlar da bir qədər qənimət əldə edərək geri qayıtdılar. Bir nəfər:

“Bu birlikdən daha tez qayıdan və daha çox qənimət əldə edən başqa bir birlik görmədik.” –dedi. Bu zaman Həzrət Peyğəmbər r belə buyurdu:

“Mən sizə bunlardan daha tez və daha çox qənimət əldə edən bir qrupun kimlər olduğunu deyimi? Onlar sübh namazında hazır olan, namazdan sonra oturub günəş doğana qədər Allahı zikr edən kimsələrdir.” (Tirmizi, Dəavat, 198)

Allah qatında dünyanın bir ağcaqanadın qanadı qədər qiyməti yoxdur.[1] Elə isə dünyanın aldadıccı cazibələri qarşısında dilini və qəlbini daima Allahın zikriylə məşğul edə bilənlərin bu əməli Allah qatında dünya mülkünə dəyişilməyəcək qədər qiymətlidir. Bu həqiqəti Rəsulullah r belə ifadə etmişdir:

“Dünya və onun içində olan hər şey dəyərsizdir. Yalnız Allahı zikr etmək və Ona yaxınlaşdıran şeylərlə elm (mərifət elmi) öyrənən alim və (Haqqa layiqincə qul olmaq üçün) təhsil alan tələbə bundan müstəsnadır.” (Tirmizi, Zöhd, 14)

Səhabədən Səvban t belə rəvayət edir:

“…Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!” (ət-Tövbə, 34) ayəsi nazil olduğu zaman biz Həzrət Peyğəmbərlə birlikdə səfərdə idik. Bəzi səhabələr:

“Qızıl və gümüş haqqında enməli olan endi. (Artıq bir daha onları yığmarıq. Ehtiyacımız olandan artığını infaq edərik.) Kaş ki, nəyin daha xeyirli olduğunu bilsək və onu yığsaq.” -dedilər.

Bu sözlər qarşısında Rəsulullah r aşağıdakı cavabı verdi:

“Sahib olunan şeylərin ən fəzilətlisi:”

† (Həyatın heç bir mərhələsində Allahı unutmayıb daima) zikr edən bir dil,

† (Bütün nemətləri Haqqın lütf etdiyinin idraki içində) şükr edən bir qəlb və

† İman mövzusunda ərinə köməyi dəyən əməlisaleh bir qadındır.” (Tirmizi, Təfsir, 9/9)

ZİKRDƏN DOYMAYAN ƏRLƏR

Zikrin ən qiymətli dünya malından və səltənətindən də dəyərli olduğunu layiqincə dərk edən kamil bir mömini heç nə Allahı zikrdən uzaqlaşdıra bilməz.

Dünya nemətləri iki uclu bıçaq kimidir. Ondan düzgün istifadə edə bilən arif könüllər üçün bir zinət, Allahı və axirəti unudacaq dərəcədə cazibəsinə qapılıb qəflət sərxoşluğuna düşənlər üçün böyük bir fitnə və xüsran səbəbidir. Buna görə də dünyaya könül verənlərin misalı okeanın ortasında sükanı qırılmış bir gəmi kimidir ki, hansı dalğada həlak olacağı məchuldur.

Dünyəvi mənfəətlərə və nəfsani arzulara həddən artıq duyulan məhəbbət insanın Allah ilə münasibətini pozar, ibadət həyatını quru bir hərəkət və ruhsuz şəkil halına gətirər, könüllərin feyz və ruhaniyyətinə zəhər saçar. Rəbbimiz dünyanın ruhları narkoza salan əfsununa aldanmamaq və onun boş xülyaları uğrunda ömür tükətməmək üçün bizə belə xəbərdarlıq edir:

(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir.” (əl-Hədid, 20)

“Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.” (əl-Munafiqun, 9)

Dünya nemətləri nəfsə cazib gəlir. O qədər cazib ki, sırf nəfs planında yaşayıb sadəcə dünyəvi mənfəət və zövqlərini düşünənlər daima onunla məşğul olaraq dünyadakı varlıq hikmətlərini və yaradılış qayələrini düşünməz olurlar. Yəni vasitəni qayə halına gətirərək zülmət bir qaranlıq içində ömür sürürlər.

Bəziləri də dünya nemətlərinin bir vasitə olduğunu və onları qəlbə qoymamağın vacibliyini bildikləri halda buna tam mənada nail ola bilmədikləri üçün nəfslərinə söz keçirməkdən məhrumdurlar. Bu səbəblə Allah-Təala belələrinə işarə edərək “And içirəm özünü qınayan nəfsə!” (əl-Qiyamə, 2) –buyurmaqdadır.

Nəfsi-ləvvamə etdiyi günahlardan, Allahın əmr və qadağalarına qarşı göstərdiyi səhlənkarlıq və qüsurlardan vicdan əzabı çəkən və bu səbəblə də özünü şiddətlə qınayan nəfsdir. Yəni dünya məhəbbətinə və günahlara qarşı dirənişi zəif olanlardır.

Dünya nemətlərinin ilahi bir əmanət və imtahan vəsiləsi olduğunu layiqincə idrak edən arif insanlarsa ona gərəyindən artıq etibar etməzlər. Könül taxtını yalnız Allaha həsr edə bilmək məharətini göstərərlər. Məhz onlar əsl könül qəhrəmanlarıdır. Allah onlardan razı, onlar da Allahın təqdirindən razıdırlar. Buna görə də tamamən könül hüzuru içindədirlər. Rəbbimiz onlara belə xitab edir:

“Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!” (əl-Fəcr, 27-30)

Haqq dostu Mövlana həzrətləri Məsnəvisində hikmətli bir hekayə nəql edir:

Leylinin eşqindən səhralara düşən Məcnun bir gün Leylinin səfərə çıxdığını xəbər alır. Dəvəsinə minərək Leylinin gedəcəyi kəndə doğru sürətlə yol qət etməyə başlayır. Təzəlikcə balalamış olan dəvəninsə gözü arxada qalan balasında imiş. Məcnun dəvənin üstündə yuxuladığı vaxt dəvə dərhal balası olan istiqamətə çevrilirmiş. Məcnun işin fərqinə varan kimi təlaşla dəvəni yenidən Leylinin kəndinə doğru çevirir. Bu hal dəfələrlə təkrarlanır. Çünki Məcnun Leyliyə qovuşma sevdasında, dəvə isə balasının yanına qaçma arzusundadır.

 Günün sonunda Məcnun hara gəlib çıxdığını öyrənmək üçün ətrafına baxır. Gah irəli, gah da geri getdikləri üçün səhər yola çıxdığı yerdə olduğunu, bir fərsəx də olsun yol qət etmədiyini görür. O zaman dəvəyə səslənir:

“Ey dəvə! Sən balana aşiqsən, mənsə Leylimə! Nəticə etibarilə ikimizin də yolları fərqli. Sən mənim yolumu kəsirsən, mən də sənin yolunu! Biz bu halda yoldaşlıq edə bilmərik. Sən fani bir cismə aşiqsən, mənsə əbədi bir cana… Buna görə ayrılmalıyıq!”

Bu hekayədə Məcnun “ruhaniyyət”i, dəvə isə “nəfsaniyyət”i təmsil edir. Ruh Hüsnü-Mütləq olan Allaha aşiqdir, nəfs isə dünyəvi arzu-istəklərə…

Qafil bir insanın Rəbbinə qarşı qulluq vəzifələrindəki halı da əksər halda bu misaldakı kimidir. Çünki insanın ruhu mənəvi zirvələrə çatmaq üçün qanad çırparkən, nəfsi eynilə ayağa bağlanmış daş kimi onu aşağılara çəkməkdədir. Nəticə etibarilə Rəbbə vasil olmaq istəyən bir bəndə özünə ayaq bağı olan nəfsani istəkləri aşmaq və qəlbini Allahdan uzaqlaşdıracaq hər şeydən təmizləmək məcburiyyətindədir.

Şübhəsiz ki, Rəbbə yaxınlığın ən mühüm vasitəsi eşq və vəcd içində xüşu ilə ifa edilən ibadətlərdir. Mömin ibadətlərini və xüsusilə zikrini bu şüurla yerinə yetirdiyi zaman Haqqın yaxınlığına nail olar. Fəqət nəfsani arzuları könlünü işğal edib onu Haqqın hüzurundan qafil qıldığı təqdirdə dili nə qədər Haqqın adını zikr edirsə etsin, ruhu bir addım da məsafə qət etməkdən acizdir.

Nəticə olaraq kamil mənada zikr edə bilmək üçün Allahı mənən könüldə hiss edib Ondan başqa heç nəyi düşünməmək lazımdır. Bunun üçün də ilk növbədə nəfsi haram və şübhəlilərdən təmizləmək, sonra da qəlbdən fani məhəbbətləri və masiva (Allahdan başqa hər şey) düşüncələrini çıxarmaq lazımdır. Çünki zikrin nuru zakirin halı nisbətindədir.

Fani həyatın bər-bəzəyinə aldanmayıb nəfəslərini zikrlə ehya edə bilən saleh bəndələri Rəbbimiz belə tərif edir:

“…Allahın adını anmaq üçün Onun iradəsiylə inşa edilən məbədlərdə səhər-axşam Haqq-Təalanı təsbih edən adamlar vardır. Onlar nə ticarət, nə də alış-verişin özlərini Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən uzaqlaşdıra bilmədiyi insanlardır. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi gündən qorxarlar. Çünki (o gün) Allah onları etdiklərinin ən gözəliylə mükafatlandıracaq və lütfündən onlara artıqlamasıyla verəcəkdir. Allah istədiyinə hesabsız ruzi verər.” (ən-Nur, 36-38)

Həmçinin Rəbbimiz, dünyaya dalaraq iman həssaslığını və qəlbi riqqəti itirmə təhlükəsindən çəkinək deyə böyük bir xəbərdarlıq edir:

“İman edənlərin Allahı zikr etmək və Ondan nazil olan Quran səbəbiylə qəlblərinin ürpərmə zamanı hələ gəlmədimi?..” (əl-Hədid, 16)

Necə də ibrətlidir ki, ayeyi-kərimə Məkkədə min bir əzab-əziyyət içində böyük bir iman mücadiləsi verdikləri halda, hicrətdən sonra bir az rahatlığa qovuşduqları üçün zöhd, təqva və əzmləri azalan bəzi səhabələrə xəbərdarlıq etmək üçün nazil olmuşdur.

Səhabə nəslinə belə bir xəbərdarlıq gəldiyinə görə biz dünyəvi ehtirasların və fani mənfəətlərin təsir edə bilməyəcəyi bir mənəvi təravətə nail olma xüsusunda daha çox çalışmalıyıq. Buna görə varlıqda da, darlıqda da Rəbbimizi çox zikr etməli, Onu heç vaxt xatirimizdən çıxarmamalıyıq.

Digər tərəfdən insan qıtlıq və çətinlik anında nəfsinin zəifliyi səbəbindən Rəbbinə daha çox sığınır. Halbuki bolluq və rahatlıq zamanlarında insanın nəfsi qabarır, özünü ehtiyacsız görməyə, təkəbbürlənməyə başlayır. Buna görə də Rəbbini daha az yadına salmağa, hətta unutmağa meyil edir. Halbuki xüsusilə bolluq və rahatlıqda Rəbbimizi daha çox xatırlamalıyıq. Bu hala ən gözəl misal olan və qəlbini heç vaxt fani nemətlərin kassası halına gətirməyən Süleyman u haqqında Rəbbimiz “nə gözəl qul” deyə bəhs etmişdir. Biz də bolluq zamanlarımızda qəlbimizi Rəbbimizə həsr etməliyik ki, çətin anlarımızda ilahi rəhmət və yardım imdadımıza yetişib əlimizdən tutsun, qəlblərimizə mətanət lütf etsin.

Necə ki, dünya həyatında Allahı xatırlamağa dəvət edən bir çox irşad sədalarını eşitdiyi halda onları qulaqardına vurub unudan qafillər haqqında Rəbbimizin bu xəbərdarlığı nə qədər də şiddətlidir:

“Hər kəs Məni anmaqdan üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!” O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!” (Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün eləcə də sən unudulacaqsan!” (Taha, 124-126)

Şübhəsiz ki, Allah-Təala “unutmaq” kimi nöqsanlardan uzaqdır. Onun qulunu unutması ancaq ilahi bir qəzəb ifadəsidir. Bu səbəblə qiyamətin o çətin günündə Allah tərəfindən unudulmaq və ilahi rəhmətdən kənarda qalmaq istəməyən kəs dünya həyatında Onu unutmamalıdır. Bu gün dünyada Rəbbimizi nə qədər çox zikr etsək, sabah qiyamət günü ilahi vüslətə o nisbətdə nail olarıq. Necə ki, ayeyi-kərimədə buyurulur:

“Siz Məni zikr edin ki, Mən də sizi zikr edim…” (əl-Bəqərə, 152)

Allah tərəfindən zikr edilən bir bəndə ola bilməyin böyük şərəf və izzətinə qarşılıq, fani cazibələrin qəflət sərxoşluğu içində ömür sərmayəsini israf etmək nə həzin bir aldanışdır! Biz bəndələrinə şah damarından daha yaxın olduğunu bildirən Allahı unudub Onu öz daxillərində itirənlər həyatın ən çaşqın yolçularıdır!..

Buna görə həqiqi bir iman fərasətinə sahib olanlar dünya nemətlərinə aldanmaz, ruzini heç vaxt Rəzzaqla aralarında pərdə halına gətirməzlər. Onlar zahirən ruzi ardınca düşsələr də qəlblərini daima Rəzzaqın zikriylə rəqiq halda tutarlar. Hətta Rəblərini zikr etmədən dayana bilməzlər. Zikrdən uzaq qalmaq onlara daxili narahatlıq verər. 

Bu daxili narahatlıq ilahi bir xəbərdarlıqdır. Bu xəbərdarlığı duya bilmək də əslində şükrü vacib qılan başqa bir nemətdir. Çünki bu, halını islah və xətasını düzəltmək yolunda hələ də bir ümid işığı olduğunun təzahürüdür. Qəlbi qatılaşıb möhürlənmiş qafillərin zikrsizlikdən dolayı belə bir daxili narahatlıq keçirməmələri onların ilahi rəhmətdən nəsiblərinin olmadığı mənasına gəlir. Onlar artıq səfalətlərini səadət zənn edən çaşqınlar sürüsü halında ömürlərini tükədərlər.

Mövlana həzrətləri buyurur:

“Haqq yolunda oxuduğun virdi, çəkdiyin təsbihi tərk edincə zəhmətə, sıxıntıya düşərsən, sənə səbəbi bilinməyən daxili bir narahatçılıq gələr.

Bu səbəbsiz üzüntü, bu daxili narahatlıq bir növ xatırlatmadır. Bir növ tərbiyədir. “Alışdığın virdi tərk etmə, əhdini pozma!” deməkdir.

Bu daxili narahatlıq, bu darlıq bir zəncir şəklini almadan, könlünü bağlayan, sıxan şey sənə ayaq bağı olmadan əvvəl virdinə davam et…”

 

ZİKRDƏ SƏHLƏNKARLIĞIN ÜZRÜ YOXDUR!

İbn Abbas v: “Ey iman edənlər! Allahı çox zikr edin!” (əl-Əhzab, 41) ayəsinin təfsirində belə demişdir:

“Allah-Təala qullarına fərz qıldığı hər ibadətə müəyyən bir sərhəd təyin etmişdir. Bu xüsusda üzr sahibi olanların üzrlərini də qəbul etmişdir. Ancaq zikr bunun xaricindədir. (Çünki Qurani-Kərimdə müxtəlif kəlmə və qəliblərlə yüzlərlə ayeyi-kərimədə zikrə təşvik edən ilahi təlqinlər yer almaqdadır.) Allah-Təala zikr haqqında heç bir sərhəd təyin etməmişdir. Ağlını itirəndən başqa zikri tərk edən heç kəsin üzrünü də qəbul etməz. Allah-Təala insanlara hansı vəziyyətdə olmalarından asılı olmayaraq zikr halına davam etmələrini əmr etmişdir.[2]

Nə qədər ibrətlidir ki, Allah-Təala Həzrət Musa və Həzrət Harunu Firona təbliğ üçün göndərərkən “Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin.” (Taha,42) buyurmuşdur. Beləcə, peyğəmbər olan iki bəndəsini belə zikrdə səhlənkarlıq xüsusunda xəbərdar edərək onların şəxsində bütün insanlığa xəbərdarlıq etmişdir.

Zikrullahdan bir anlıq da olsa qafil qalmağın böyük təhlükəsi səbəbiylə Həzrət Peyğəmbər də r:  “Ya Rəbbi! Məni bir göz qırpımlıq da olsa nəfsimlə baş-başa qoyma!” (Camius-Sağir, c. I, s. 58) deyə dua etmişdir.

Unutmamalıyıq ki, dünya həyatında zikrdən məhrum olaraq keçirilən vaxtlar, yəni Allahı unudaraq tükədilən nəfəslər ömür təqviminin zay olmuş vərəqləridir. Bu səbəblə hədisi-şəriflərdə belə buyurulmuşdur:

“İnsanlar bir məclisdə oturar və orada Allahın adını anmazlarsa, nöqsan bir iş görmüş, bir günah işləmiş olarlar. Kim bir yolda gedər və Allahı zikr etməzsə, nöqsan bir iş görmüş, bir günah işləmiş olar. Kim yatağına girər və orada Allahı zikr etməzsə, yenə nöqsan bir iş görmüş, günah işləmiş olar.” (Əhməd, II, 432)

“Bir qövm bir yerə toplanar və orada Allahı zikr etməz, peyğəmbərlərinə salavat gətirməzlərsə, bu toplantı onlar üçün (axirətdə) həsrət və peşmanlığa səbəb olar. Allah istərsə onlara əzab edər, istərsə əfv edər.” (Tirmizi, Dua, 8/3380)

“Cənnət əhli başqa heç nəyə görə deyil, sadəcə dünyada Allahı zikr etmədən keçirmiş olduqları anlardan ötrü həsrət və peşmanlıq  duyarlar!” (Heysəmi,X, 73-74)

Xülasə, mərhum Nəcib Fazilin təbiriylə desək, “Göy üzündən xəbərsiz çərpələng uçurdan” qafillər kimi Haqqın zikrindən uzaq bir şəkildə tükədilən nəfəslər ən böyük əbədiyyət peşmanlığı olacaqdır. Bu peşmanlığı duymamaq üçün fürsət əldəykən vaxtı zikrlə əhya etmək möminlər üçün zəruri bir iman fərasətidir. İbnul-Vaxt olan, yəni vaxtı ən layiq olana həsr edə bilmək bəsirətiylə yaşayan kamil möminlər də “Zay olmuş, anladıq; Sənsiz keçən saatımız.” kəlamının ifadə etdiyi hissiyyatla daima ilahi dərgaha sığınarlar.  

Rəbbimiz könüllərimizi qəflət və qatılıqdan qorusun. Hər birimizi məhəbbətullah iqlimində yaşadıb zikrlə qəlblərini əhya edən salehlər zümrəsinə daxil eyləsin. Biz bəndələrini bir anlıq belə Uca Zatından qafil qılmasın! Günlərimizi və gecələrimizi zikrullahın feyz və ruhaniyyətiylə doldursun!

Amin…


[1] Bax. Tirmizi, Zöhd, 13

[2] Təbəri, Camiul-Bəyan an Təvili Ayil-Quran, Beyrut 1995, XXII, 22; Qurtubi, XIV, 197

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz