TÖVBƏ Qulun sahibinə dönüşü...
İnsan övladı Allahın qulu, bəndəsi olduğunu heç bir zaman unutmamalıdır. İnsanın Ona qul olması nemətlərin ən qiymətlisidir. Məhz elə buna görə də dinimizdə ən böyük ibadətlərdən sayılan Həcc fərizəsinin ifasından sonra Allaha qurban kəsilir və ardından Ona qul olmağın rəmzi kimi saçlar qırxılır. Mövlananın dediyi kimi “Hər qul azad olarkən sevinir, mən isə Sənin qapında qul olduğum müddətdə sevinirəm.” Allah qarşısında qulluğunu dərk etmək insanı Ona yaxınlaşdırır. İnsanın Haqq nəzdində böyüməsi yalnız və yalnız Onun qarşısında kiçilməsi ilə mümkündür. Amma yaradılış baxımından zəif xəlq edilmiş olan insan zaman-zaman əbədi düşməni şeytana uyaraq, nəfsinin pıçıltılarına qulaq kəsilərək, bir növ ağasının yanından qaçan bir qul kimi sahibinin əmrindən kənara çıxır. Bəli, günah qulun sahibindən qaçması, uzaqlaşmasıdır. Hərfi tərcümədə dönmək mənasına gələn tövbə də qulun ağasına dönməsidir. Yəni insanın Rəbbinə geri dönüşü…
İnsan şəhvət, həsəd, təkəbbür, ehtiras kimi nəfsi təmayüllərinə qalib gələ bilmədiyi zaman Rəbbini unudaraq günah bataqlığına düşür. Hər günah onu Yaradandan bir az daha uzaqlaşdırır. Lakin bəndə gözünü və vicdanını örtən qəflət pərdəsini aralaya bilərsə o zaman işlədiyi günahın ağırlığını, kimə qarşı işləndiyini dərk edər. Qəlbinin dərinliklərində peşmanlıq hiss edərək yaşlı gözlərlə Rəbbinə sığınar. Bu sığınma günah dəryasında batmaq üzrə olan hər bir günahkarın sığınacağı tövbə limanıdır. Həzrət Peyğəmbər (s.ə.s) buyurur:
“Qul bir xəta işlədiyi zaman qəlbinə qara bir nöqtə düşür. Əgər o günahı tərk edər, istiğfara sarılaraq tövbəyə yönələrsə qəlbi cilalanar. Belə etməz və yenidən xətalara üz tutarsa qara nöqtələr artar və nəticədə bütün qəlbini bürüyər. Allah-Təalanın: “Xeyr! Əslində onların qazandıqları (günahlar) səbəbiylə qəlblərinin üstünü pas tutmuşdur.” (əl-Mutaffifin, 14) deyə zikr etdiyi hal budur.” (Tirmizi, Təfsir, 83)
Əslində Yaradan qullarına qarşı həddən artıq mərhəmət sahibidir. Məhz buna görə də insanın son nəfəsinə qədər ona sərbəstlik vermiş, işlədiyi günahlarından peşmanlıq duyaraq bağışlanma diləməsi üçün tövbə qapısını qiyamətə qədər açıq qoymuşdur. Onun bizə olan rəhmətini bu hədisi-şərif nə qədər də gözəl ifadə edir:
Rəsulullah (s.ə.s) belə buyurdu:
“Allah-Təala mələklərinə belə əmr edər:
“Qulum pis bir əməl işləmək istərsə, onu işləmədikcə yazmayın. İşləyərsə əleyhinə bir günah olaraq yazın. Əgər Mənim rizamı düşünərək bu əməli işləməzsə onun lehinə bir savab yazın. Qulum yaxşı bir əməl işləmək istər, lakin o əməli işləməzsə yenə ona bir savab yazın. Əgər o əməli işləyərsə ona ən az on misli olmaq şərtiylə yeddi yüz mislinə qədər savab yazın!” (Buxari, Tövhid, 35; Müslim, İman, 203, 205)
Görüldüyü kimi, Rəbbimiz hər fürsətdə biz qullarının yaxşılığını istəməkdədir. Tövbə də Onun bizə olan yaxşılığının bir nümunəsidir. Tövbə, anasına doğru qaçan körpənin sığındığı isti ana qucağı kimidir günahkara. Günahkar insan əgər qəlbi möhürlənməmişsə durmadan özünə bir sığınacaq, dərdini bölüşəcək bir dost axtarar. Günahda həddi aşanların psixoloji durumuna nəzər salsaq çoxunun “Mən o qədər günüha bulaşmışam ki, bağışlanmam çətindir” dediyini görərik. Əslində günaha davam etmələri də “onsuz da bağışlanmayacağam” psixologiyasından irəli gəlir ki, bu andan sonra işlənən günahlar sanki təsəlli mahiyyəti daşımaqdadır. İnsan oğlunun məhz bu xüsusiyyətini bilən könül sultanları ona görə “Kim olursan ol, yenə gəl, Tövbəni yüz dəfə pozsan da gəl. Bu qapı ümidsizlik qapısı deyildir” deyərək dərgahlarını hər kəsə açaraq hər kəsi Allaha tövbəyə səsləməkdədirlər.
Unutmamaq lazımdır ki, peşmanlıq özü bir tövbədir. İnsanın peşman olması, günahını etiraf etməsindən irəli gəlir. Günahını etiraf etmək bir ərdəmdir, böyüklükdür. Günahı etiraf və peşmanlıq insanı Allah qarşısında tövbəyə doğru çəkən maqnit kimidir. Yeri gəlmişkən onu da vurğulayaq ki, tövbə hadisəsi insanda tövbə psixologiyası formalaşdırır. Tövbə edən, tövbə etməyi vərdiş halına gətirən bir insan eyni zamanda cəmiyyətdə insanlarla münasibətlərdə müvəffəq olan insandır. Çünki tövbə psixologiyasına sahib insan özü ilə barışıq yaşayan insandır. Çünki insanın öz günahını səhvini etiraf etməsi nəfsinin açdığı mübahisəyə yanaşmaması deməkdir. Bu psixologiyaya sahib olan insanın daxili aləmindəki ziddiyyətlər ən minimum həddə çatmışdır. Allah qarşısında günahını etiraf edən bir insan eyni zamanda ətrafındakılara qarşı da səhvini etiraf edən insana çevrilir. Əks halda özündən başqa hər kəsdə günah axtaran, öz səhvlərini də başqalarından görən mücadiləçi bir insan tipi meydana gəlir. Gördüyümüz kimi İslamın tövbə anlayışı günahların bağışlanmasına vəsilə olduğu kimi insan şəxsiyyətinin düzgün formalaşmasına da təkan verir.
Son söz Mövlanadan:
“Peşmanlıq atəşiylə dolu bir qəlblə, nəmli gözlərlə tövbə et! Çünki çiçəklər günəşli və nəm yerlərdə açarlar…”
ŞƏRHLƏR