Mustafa TATÇI İLƏ REPORTAJ
İrfan jurnalı:
- Hörmətli Mustaf bəy, qısaca olaraq oxuculara özünüz haqda məlumat verərdiniz!
Prof. Dr. Mustafa Tatçı:
- İlk növbədə “İrfan” oxucularını salamlayıram. Sizə təşəkkür edirəm ki, mənimlə müsahibə götürmək zəhmətinə girmisiniz. Həqiqətdə “heç” olanların özlərinə aid deyəcəyi sözləri də yoxdur. Özləri varmı ki, sözləri də olsun?! Həyat da, mənlik də, söz də sahibinə aiddir. Bizim kölgələrimiz bir əmanətdir. Biz sahibimizin iradəsi ilə bu əmanətləri daşıyırıq. Varlığımız yağışda toplanan sulardakı qovucuqlar kimi bir görüntüdən ibarətdir. Biz, var görünən yoxlarıq! O halda kim özündən bəhs edərsə, əslində Onu anladır! Bizim qabiliyyətlərimizdə özünü nümayiş etdirən Odur!
12.02.1961-ci ildə Dənizlinin Tavas rayonunun Qızılcabölük kəndində dünyaya gəldim. İbtidai təhsilimi öz kəndimizdə, orta təhsilimi Dənizlidə bitirdim. Necati Bey Eğitim Fakültesi Türk Dili ve Edebiyatı Fakültəsindən 1984-cü ildə məzun oldum. Gazi Universitetində 1986-cı ildə "Hayreti Divanında Din və Təsəvvüf" mövzusunda hazırladığım dissertasiya ilə magistr, "Yunus Əmrə Divanı-İncələmə, Tənqidli Mətn" adlı dissertasiyamla da doktorluq elmi dərəcəsi aldım. 1985-1986cı ildə Silvan E. Məslək Lisəsində çox az bir müddət ərzində ədəbiyyat müəllimi olaraq işlədim. 1986-cı ildə bir müsabiqə ilə Gazi Eğitim Fakültəsində Türk Dili və Ədəbiyyatı Kafedrasında müəllim olaraq vəzifəyə gətirildim. Bu tarixdən etibarən eyni işdə işləyirəm. Bu günə qədər Osmanlı Türkcəsi, Türk Xalq Ədəbiyyatı, Təsəvvüf Ədəbiyyatı Tarixi, Türk Ədəbiyyatında Yazılı Qaynaqlar haqqında dərsləri tədris etdim. 1993-2002-ci illər arasında Milli Eğitim Bakanlığı Yayınlar Dairəsi rəyasət heyətinin üzvü oldum. Evliyəm. Bir övladım var. Qısaca, həyatımız budur...
İrfan jurnalı:
- Yunus Əmrənin dünyası sizi ilk dəfə nə vaxt özünə çəkdi?
Prof. Dr. Mustafa Tatçı:
- Yunus Əmrə ilə tanışlığım uşaq yaşlarımdan başlayır. Həm ailə mühitim, həm də böyüyüb boya-başa çatdığım yerdəki gözəl insanlar sayəsində Yunusla, Hz. Mövlana ilə, hətta geniş kütlə tərəfindən tanınmayan Niyazi Mirsi ilə çox kiçik yaşlarımda tanış oldum. Təbii ki, bu insanları başa düşərək oxumağa çalışmağım universitet illərinə təsadüf edir. Bu illərdə Yunus və Niyazi Mirsinin divanları stolüstü kitablarım oldu. Balıkəsir Xalq Kitabxanasında tapdığım Niyazi həzrətlərinə aid “Çıxdım Alça Budağına” şərhini də Universitetin II kursunda oxuyarkən tərcümə edib anlamağa çalışmışdım. Sonra bu maraq ümumi olaraq təsəvvüf şeirindəki rəmzləri başa düşmə həvəsinə çevrildi. Yunus Əmrə ilə bağlı elmi çalışmalarım isə 1986-cı ildə başladı. Belə bir fəaliyyətin faydalı olacağını deyərək məni bu işə sövq edən insan da Sadiq Kamal Tural bəy olmuşdur.
İrfan jurnalı:
- Yunus “Bəs mən ölümmü, söyləməyincə?” deyir. Bilirik ki, siz də bu işığın arxasınca gedirsiniz və daim Yunusdan bəhs edir, yazırsınız. Yazmadan dayana bilməmə halını necə açıqlayardınız?
Prof. Dr. Mustafa Tatçı:
- Bəli. Dediyiniz kimi Aşiq Yunus “Bəs mən ölümmü, söyləməyincə?” deyir. Əvvəlcə bunu ifadə edim: “Ey Yunus, sənə söyləmə deyirlər / Bəs mən ölümmü söyləməyincə?” şəklindəki bu misralar Bizim Yunusun davamçısı olan XIV-XV –ci əsrlərdə Bursada yaşamış olan Aşiq Yunusa aiddir. Lakin Bizim Yunus da eyni fikirdədir. O da bir Haqq aşiqi olaraq söyləmək məcburiyyətində qalanlardandır. Ancaq nə etmək olar ki, eşq söylədir, dərd ağladır demişlər. Bizim Yunus da “Sözüm ay, gün üçün deyil, sevənlərə bir söz yetər / Sevdiyim söyləməz isəm sevmək dərdi məni boğar” deyir. Həqiqət budur, keçmişlərin casusluq dediyi özünü bilmə və özünü tanıma arzusu insanın bilənlərin arxasınca getməsinə, sual soruşmasına, danışmasına səbəb olur. Bu casusluq məndə də yazaraq öyrənmə şəklində özünü büruzə verdi. Mən, kimlərsə öyrənsin deyə deyil, özüm öyrənim deyə yazmağa, daha döğrusu yazaraq düşünməyə başladım. Sonra bu xüsusiyyətim bir xarakterə çevrildi. Xüsusilə qeyd edirəm ki, mən bir mütəfəkkir deyiləm, bir mütəcəssisəm. Mütəfəkkir olmaq çox çətindir. Davamlı yazmağımın səbəbi öyrənmə və varlığın həqiqətini bilmə arzusudur. Ona görə də Yunusun izindən gedənlərin arxasınca düşdüm, onları başa düşməyə çalışdım. Nə qədər nail oldum bilmirəm, ancaq Yunusla bağlı şərhlərim bir az da içimdəki Yunusun yaşadıqlarıdır..
İrfan jurnalı:
Yunusun təsəvvüf düşüncəsindəki yeri nədir? Bu günün insanına nə deyir?
Prof. Dr. Mustafa Tatçı:
- Həyatının otuz ilini Türk Təsəvvüf Ədəbiyyatı araşdırmaları ilə keçirmiş biri olaraq bunu qəti şəkildə deyə bilərəm. Özünü tanıyan, nəfsini bilən, əşyanı şərh edən, Haqq idrakına çatan lədün ərləri arasında nail olduqları kamal nöqtəsi etibarı ilə heç bir fərq yoxdur. Fərq təkcə yetişmə tərzində, ifadə və üslubdadır. Ancaq məsələyə Yunus prizmasından baxdığımızda bu da gözardı edilməməlidir: Yunus yalnız bir üslubun sahibi deyil, eyni zamanda öz üslubunun qurucusudur. O nəyi gerçəkləşdirmişdir? Kəşf yolu ilə əldə etdiyi lədünni təcrübələrini ana dili türkcəylə və aşiqanə bir əda ilə yazdığı şeirlərdə ilk dəfə o dilə gətirmişdir. Evdə, küçədə, bazarda, məscid və mədrəsədə danışılan gündəlik dili bütünlükdə mücərrəd və mənəvi bir sahəyə çəkərək ədəbi və estetik bir məna dili qoymuşdur ortaya. Bizim Yunus qeybi və ilahi həqiqətləri sanki türkcə dilə gətirmək üçün vəzifələndirilmişdir. Belə ki, türk dili onunla bir təfəkkür dili halına gəlmiş, dilimiz və dinimizin dərinliyi onun yazdıqları ilə anlaşılmışdır. Bir sözlə o, bizim təfəkkür, eşq və məna dilimiz olmuşdur. Qısa olaraq desək, Yunus İslamın dərinliyi ilə türkcənin incəliyidir. Bu xüsusiyyətlərindən başqa Yunusun İslamı və İslam təsəvvüfünü yaşama və şərh etmədə özündən əvvəl və sonra yaşayan mütəfəkkir mütəsəvvüflərdən əsaslı bir fərqi yoxdur. O da digər mütəsəvvüflər kimi “Qanadlandıq quş olduq, uçduq əlhəmdulillah” deyərək eşq və irfan qanadları ilə vücud birliyi düşüncəsinə uçan səmavilərdəndir...
İrfan jurnalı:
- Bizim Yunus xüsusilə Qərbdə, bəzən də Türkiyədə “humanizm” ilə birlikdə anılır. Bu haqda nə deyərdiniz?
Prof. Dr. Mustafa Tatçı:
- Sevgidən və qayğıkeşlikdən bəhs edilən bir yerdə istər-istəməz fəlsəfi bir kəlmə olan və mərkəzində insan olan “humanizm” ağla gəlir. Dilimizə Qərbdən keçən “humanizm” kəlməsi, günümüzdə hər yerdə “insanı sevmək” mənasında işlədilir. Bu çərçivədə Yunus və Mövlana kimi məhəbbətullah və mərifətullah sahibi şəxsiyyətlər də insansevər kimi, yəni humanist olaraq tanıdılır. İlk baxışda təbii ki, “yetmiş iki millətə bir göz ilə baxan”, “sevəlim, seviləlim” deyən bir insanın bu fəlsəfənin xaricində dəyərləndirilməsi düşünülə bilməz. Mövzunun daha yaxşı başa düşülməsi üçün kəlmənin çərçivəsini çəkmək lazımdır. Dərhal xatırlayaq ki, humanizm həqiqətin birbaşa təbiətin özündən ibarət olduğunu iddia edir. Bu fəlsəfəyə görə kainatın əsası enerji (maddə)dir. Kainatın təbiətüstü və sonsuz bir Yaradıcısı yoxdur. Təbiətüstü varlıqlar həqiqətə uyğun deyil. İnsanlar təbiətüstü və ölümsüz ruhlara sahib deyildir. Ernest Renan bu kəlmə haqqında “Elmin Gələcəyi” adlı əsərində “Ürəkdən inanıram ki, gələcəyin dini mütləq bir humanizm olacaqdır.” deyir. Cemil Meriçin buna cavabı çox sərtdir. O, bir yazısında “humanizm” üçün: “İmanını itirən bir çağın dini” şəklində bir şərh verir. Bir sözlə ifadə etsək, humaniz kilsənin təsirlərinə qarşı tanrıtanımaz bir qrup insanın etiraz fəlsəfəsidir. Bu düşüncənin təməlində insanın özü və dini azadlığı vardır. Həmçinin Cemil Meriç: “Humanizm insan heysiyyətinə hörmət, insana təbiət içində istisnai bir dəyər verməkdirsə, İslamiyyət yeganə həqiqi humanizmdir!” deyərək həm bu kəlməyə, həm də Yunus Əmrə və Mövlana düşüncəsini humanizmə yamamağa çalışanlara qarşı çıxır. O, bu fikirlərində də başdan sona qədər haqlıdır. Çünki humanizmin doğuşundan əsrlər əvvəl İslam varlığın birliyini, əşyanın Haqqın nurundan yaradıldığını və insanların qardaş olduğunu bəyan edir, İslamın peyğəmbəri tərəfindən insanlara məhəbbət və mərhəmət tövsiyə edilir və yaşanırdı. Bu inanc insanlara, xüsusən “quşlar yemsiz, yurd-yuvasız qalmasınlar” deyə vəqflər qurdurmuş, fərqinə varmadan satın aldığı buğdanın içindən xurcununa girən qarışqanı kilometrlərlə məsafə qət edərək geri qayıdıb yuvasına qoyacaq həssasiyyəti qazandırmışdır. Yunusun “Mənim bir qarışqaya ulu nəzərim vardır” ifadəsində ortaya qoyduğu amal, “Yaradandan ötürü yaradılanı sevən” və ya “Haqqı gerçək sevənlərə cümlə aləm qardaş gəlir” şəklindəki düşüncə bir humanistin deyil, könlü mərhəmətlə yoğrulan bir İslam müvəhhidinin çatdığı kamal nöqtəsidir.
Yunus hədsiz sevgi dolu, mütəvazi və xoşgörülü bir şəxsdir. Bu mənada dünyaya dava üçün deyil, məna üçün; dava üçün deyil, sevgi üçün gəldiyini, dostun evinin könüllər olduğunu və könüllər qurmağın lüzumunu dilə gətirir: “Mən gəlmədim dava üçün, mənim işim sevgi üçün / Dostun evi könüllərdir, könüllər qurmağa gəldim” deyir. Sonra tanımaq, tanış olmaq, sevmək, sevilmək və işi asanlaşdırmağın lazım olduğunu; dünyanın fani olduğunu bildirir: “Gəlin tanış olalım, işi qolay qılalım / Sevəlim, seviləlim, dünya kimsəyə qalmaz” deyir. Həmçinin “Bəri gəl barışalım, yad isən birləşəlim / Atımız yəhərləndi, eşdik əlhamdulillah” deyir. Divanının bir çox şeirində “yetmiş iki millətə bir gözlə baxmağın” vacibliyini qeyd edir. Yunusun sevgi və xoşgörüsünün təməlində yalnız bir həqiqət yatır:
Allah-Təalaya olan məhəbbəti və vəhdət idrakı!
Bəli, Yunusa görə aləm tək bir vücudun, vücudi-mütləq olan Allahın əsəridir. Əsərin sahibi əsərinin xaricində deyil ki, sevilməsin! Təsəvvüfçülərin “Cəm” halı dedikləri haldır bu.
Nəticə etibarı ilə humanizmin çıxış nöqtəsini diqqətə alaq. Bir də Yunusun və ya Mövlananın insan və varlıq sevgisini düşünək. Bu zatların əsərlərindəki sevgi və qardaşlıq sözlərindən yola çıxaraq bir sıra insanlar tərəfindən israrla bir Türk və ya İslam humanisti olaraq tanıdılması nə qədər doğrudur, siz qərar verin! Elə isə Yunusun insani düşüncələri, qardaşlıq və barış çağırışları humanist bir düşüncənin məhsuludurmu? Bu elmi bir mülahizədirmi? Humanizm İslam təsəvvüfünü yaşayan bir könül insanının çatdığı bir nəticədirmi? Yunusun sevgisi humanist fəlsəfə ilə üst-üstə? Yunus Allah-Təala sevgisindən ötrü bir insansevərdir, ancaq həqiqətən bir humanistdirmi? Bütün bu sualların ciddi şəkildə cavablandırılması lazımdır.
İrfan jurnalı:
Yunusa dair əsərlərinizi gördükdə ağla Yunus haqqında hələ də deyilməyən bir şey qaldımı, deyə bir sual gəlir. Bu haqda nə deyərdiniz?
Prof. Dr. Mustafa Tatçı:
- Bu sualınıza bir cümlə ilə cavab verim. Yunus Əmrə ilə bağlı altı cildlik bir külliyyat və iki cildlik şərh nəşr etdirməyimizə baxmayaraq, məncə hələ də işin əvvəlindəyik. Kitabxanalarımızda Yunusun şeirlərini özündə birləşdirən bir çox divan və məcmuə var. Bunlar da bizim əsərimizdə qeyd edilən şeirlərlə qarışdırılmamalı, ən incə detallarına qədər düşünülərək şeirlərin son halları verilməlidir. Mənim bu günə kimi Divana aldığım təxminən 20 yazının ciddi oxucular tərəfindən tənqidi belə edilmədi. 1991-ci ildə etdiyim ilk nəşrdən bu günə 18 il keçməsinə baxmayaraq bu əsər yalnız iki nəfər tərəfindən ciddi şəkildə oxundu. Prof. Dr. Mustafa Argunşah ilə Prof. Dr. Cihan Okuyucu bəylərə bu səbəbdən təşəkkür edirəm. Nəşr etdiyimiz Divan istər şeirlərin Yunusa aid olub-olmadığı mövzusunda, istər qrammatika, istərsə də məna baxımından ciddi tənqidə ehtiyac vardır. Beləcə, mənim görmədiyim əskikliklər yavaş-yavaş düzəldiləcək və eynilə Orxon Yenisey Kitabələri və ya Dədə Qorqud mətnləri kimi doğru bir mətn əldə ediləcəkdir. Yunus Əmrə Divanı kimi şifahi xalq ədəbiyyatından gələn mətnlərin yazılması çox çətindir. Bunu mütəxəssislər daha yaxşı bilir. Dolayısı ilə mənim yazdığım bu mətn məndən çıxmış, elm adamlarına həvalə edilmişdir. Bundan sonra mənim üzərimə düşən vəzifə Allah ömür verərsə, gördüyüm nöqsanları düzəltmək, yeni məlumatlar varsa onları əlavə etmək ola bilər. Bunu da etməyə çalışıram. Belə ki, kitabın son nəşrinə bir yeni Yunus Mənaqibi ilə, iki yeni şeir şərhi əlavə edilmişdir.
İrfan jurnalı:
Yunusun aləminə girmək üçün yalnız türk dilini bilmək kifayətdirmi, yoxsa təsəvvüfü də bilmək lazımdır? Zənnimizcə Yunusu anlamaq bir az çətindir.
Prof. Dr. Mustafa Tatçı:
- Əziz qardaşım, bu sual bir kitablıq cavab istəyir. Ancaq qısaca cavab verməyə çalışaq, Yunusu başa düşmək üçün nə onun danışdığı dili bilmək, nə də bu sahənin kitablarını oxumaq kifayət etməz! Yunusu başa düşmək üçün Yunus olmaq, onun keçdiyi körpülərdən keçmək lazımdır. Bunu demək istəyirəm:
Yunus bir yerdə: “Bu yol uzaqdır mənzili çoxdur / Keçidi yoxdur dərin sular var” deyərək keçid verməyən yollardan keçilərək çatılan bir mənzildən bəhs edir. Bu nə deməkdir? Nəfsini və əşyanı maddə olaraq görərkən həqiqətdə məna olduğunun şüuru içində olmaq, dünyəvi ikən üxrəvi olmaq, xalqla bərabərkən Haqla olmaq deməkdir. Elə bir yoldan keçəcəksən ki, yoxluğunu dərk edəcək və orada yenidən var olacaqsan. Yunus bunu bacarmışdır. Yəni özünü aşaraq nəfsini tanımış və mənəvi tərbiyə nəticəsində manaya qarışmışdır. Təbii ki, bunun dil ilə birbaşa əlaqəsi vardır. Mənəvi tərbiyə bir idrak dəyişikliyidirsə, bu dəyişiklik əsnasında insanın şüuru ilə birlikdə dili də dəyişməlidir. Bu dəyişiklik səthi bir dəyişiklik deyil, əsaslı bir dəyişiklikdir. Eyni kəlmə və cümlələr mənəvi tərbiyədən əvvəl bir mənaya gəlirsə, mənəvi tərbiyədən sonra başqa bir məna qazanır. Bu xüsus Süleyman peyğəmbərin ordusu ilə gedərkən qarışqalarla danışmasına oxşayır. Orduda Hz. Süleymandan başqa yüzlərlə əsgər olduğu halda qarışqanın danışığını yalnız Hz. Süleyman eşidib anlamış, digərlərinin isə bundan heç xəbəri olmamışdır. Çünki həmin anda Hz. Süleymanın qulaq qapıları açılmışdır...
Bəli, mövzu çox uzundur. Hz. Yunus da danışdığımız gündəlik dil içində yeni bir dil yaratmışdır. Buna məna dili, həqiqət dili deyə bilərik. O özü də dilini məcazi mənada “quş dili” ilə ifadə edir və bu dili bilməyənin ya dəli və ya dəhri (maddəçi) olduğunu deyir: “Eşq dilini bilməyən ya dəlidir, ya dəhri / Mən quş dilini bilirəm söylər Süleyman mənə.” Bu mənada daha başqa misallar da verilə bilər. Niyazi, mənəvi tərbiyə nəticəsində ortaya çıxan bu dil haqda “lüğəti-muğlaq”, yəni “bağlı, kilidli sözlük” ifadəsini işlətmişdir.
Xülasə, bu lüğətin kilidini yenə Yunusa və ya Niyazinin keçdiyi yollardan keçərək onlara oxşayanlar aça bilərlər. Hər kəs onlara oxşaya bilməyəcəyinə görə, heç olmasa, bilənlərin yazdıqlarını oxuyaraq başa düşməyə çalışmaq da bir yoldur.
ŞƏRHLƏR