İNSAN VƏ EHSAN
Bu şarun sultanı var cümləyə ehsanı var
Sultan ilə bilişən yox ikən vara bənzər.
Yunus Əmrə
İnsan yaradılmış bütün varlığın Yaradana həsrətini və vüslətini təmsil edən əşrəfi-məxluqatdır. İlahi bir “nəfəs”dir. Seyri-camal və kəsbi-kamal ilə qəlbi rahatlıq tapan insan ən ülvi ilə ən bayağının özündə birləşdiyi bir varlıqdır. Ancaq mənəvi təkamülünü də yenə bu zidliklərin varlığında yol qət edərək gerçəkləşdirə bilməkdədir.
Hz. Mövlananın “bişnev” deyərək dinləməyə dəvət etdiyi neyin səsi bir hekayə danışır. Bu hekayə ayrılıqdan şikayətdir. Ayrıldığı əsli vətəninə həsrətin ahı olan bu inləmələr ayrılığın acısı və vüslətin alovunda yanan insan ruhunun, yəni parçanın bütünə qovuşma və hüzur arayışıdır. Bu arayış ruh etibarilə zamandan və məkandan münəzzəhdir və hər an davam etməkdədir. Ancaq ruhun miniyi olan bədən nöqteyi-nəzərdən bir qəflət və unutqanlıq, keçmiş və gələcək pərdəsi vardır. Bədənin ruha ram olması və ağlın özünü ruha vəzir qılması ilə hasil ola biləcək birlik və bütünlük (tövhid) ilə bədən də ruhun arayışına və adayışına tabe olur və mütləq qulluq şüuruyla hərəkət etməyə başlar. Məhz belə bir qulun qayəsi imanın ləzzətini yaşadacaq olan ibadəti ehsan məqamında əda etməyə, ilahi hüzurda hazır olmağa çalışmaqdır.
İnsan ruhu əslində ayrılıq yaşadığı bu aləmdə öz əsli ilə deyil, qeyrisi ilə əlaqəni artırarsa yalanla yoldan çıxmış və əslinə yadlaşmış olar. Ayrılığın diyarında yaşanan bu yadlaşma əsli etibarilə insanın tarix boyunca yaşadığı və yaşamaqda olduğu bütün ruhi problemlərin səbəbidir. Çünki ehsan məqamı vüslətdir. Qəlb rahatlığına və sükunətə çatmaqdır.
Məhz ehsan da insanın Rəbbi ilə arasında maneələr meydana gətirən hər cür ayrılıq və qeyrilik vəsiləsindən uzaq duraraq zahid bir həyat sürməsi, eyni zamanda özündən və yaradıcısından yadlaşmasına səbəb olan ünsürlərdən özünü qurtarması, saxta sultanların hökmranlığından hürriyyətə qovuşmasıdır. Hürriyyət insanın özünü, əslini bilməsi və yalnız Haqqa qul olmasıdır. Parça olan qulun təmsil etdiyi ubudiyyət (qulluq) ilə əslin təmsil etdiyi uluhiyyətin (ilahlığın) birləşməsi və bütünləşməsidir ehsan. Zidlərin və zidliklərin qalxmasıdır. İnsan zidliklərdən xilas olduğu anda insani-kamil olur.
Ehsan kəlmə olaraq yaxşılıq, lütf, bağışlamaq, bir şeyi gözəl yerinə yetirmək, gözəl bilmək kimi mənalara gəlir. Termin olaraqsa Allah Rəsulu ehsanı belə tərif etmişdir: “Ehsan Allah-Təalanı görürmüş kimi qulluq və ibadət etməkdir. Hər nə qədər sən Onu görməsən də o hər an səni görür.”
Burada Allahı görməkdən məqsəd həqiqi mənada Haqqı görmək deyil, bəsirət nuruyla rububiyyəti müşahidə etməkdir. Başqa cür desək, sifətiylə vəsflənərək həqiqət gözüylə görməkdir. Bu görmə həqiqət etibarilə olmayıb yəqin etibarilədir. Bu da bəndənin Haqqın sifətiylə vəsflənərək Haqqın təcəllilərini seyr etməsidir.
Bir məqam və hal olaraq ehsanın mərhələləri vardır. İnsanın hər an Haqq tərəfindən nəzarətdə olduğunu bilməsi və düşünməsi bunun ən aşağı mərtəbəsidir. Ehsanın gerçəkləşməsi üçün yeddi mərhələdən keçmək lazımdır. Bunlar sırayla tövbə, Allaha yönəlmək, zöhd, təvəkkül, işləri Allaha həvalə etmək, riza və ixlasdır. Bunların nəticəsində müşahidənin gerçəkləşməsi, yəni müvəqqəti pərdələrin qalxmasıyla vəhdətin gerçəkləşməsidir. Ehsan məqamına çatan insanda ayrılıq ortadan qalxmış, yadlaşma sona çatmış, ziddiyyətlər barışmış, nəfslə ruhun qovğası bitmişdir. Haqdan başqasına qulluq qalmadığı üçün mütləq bir hürriyyət və sonsuz xatircəmlik başlamışdır. Bu hala gələn insan artıq Yunus Əmrənin diliylə: “Ballar balını tapdım, pətəyim yağma olsun” demək məqamına çatmışdır.
Ehsanın ziddi qəflət və nisyandır (unutqanlıqdır). Nisyan üsyanın astanasıdır. Ayaq, göz və qəlb hər an istiqamətini dəyişə bilər. Halbuki insanın səadəti Allahın müşahidəsi yolunda irəliləyib öz varlığına, oradan da Haqqa qovuşmasıdır. Bunun ziddi olan nisyan və günah isə insanın özünə, yəni nəfsinə aludə olaraq Allahı unutmasıdır.
Ey könül!
Yenə sözə daldın və özü unutdun.
Madam ki, ehsan müşahidədir və sən müşahidə edə bilmirsən,
Heç olmazsa bir şahidi-kamilin qoluna girsənə.
Arxasından yürüsənə.
Görməyən gözlərini ağlat ki, könlünün gözü açılsın. Göz yaşı könlü paklaşdıran tövbədir. Dayanma, yürü. Şairin dediyi kimi bezmədən, yorulmadan yürü:
Yürü ey sayihi-avarə yürü, durma yürü.
Qoymasın rahi-vüsaldan səni əzkari-misal.
Bu bədayi, bu lətaif həmi röyavü xəyal
Yürü ey zairi-biçarə yürü, durma yürü.
Yürü ki, nüzhəti-vüslətdə təali görəsən
Yürü, əslində kamal bul, budur ətvari-kamal.
Yürü, alayişi tərk et, içəsən kə’si-vüsal.
Yürü ki, sahəyi-heçidə təcəlli görəsən.
ŞƏRHLƏR