BİR TƏSADÜF DOSTLUĞU
Həyatda bir çox hadisə təsadüflərlə meydana gəlir. Bu təsadüflər bəzən həyatda dəyərli xidmət mənbəyinə çevrlilir, dövlətçiliyə, millətə, vətənə canını fəda edən Azərbaycan övladının həyat salnaməsinin bir hissəsi olur.
Bu təsadüflərdən, özünəməxsus dəyəri ilə fərqlənən, yaddaşlarda qalan hadisələrdən biri də vətən uğrunda, millət uğrunda, bayraq uğrunda canını verən dostum, qardaşım Elvarla tanışlığımdır. Bayramov Elvar Yaqub oğlu... Bu tanışlıq özünün dərin mənasıyla, həyatda müəyyən izlər buraxmaqla bir çox hadisələrin əsasını qoydu.
Onunla ilk dəfə 2007-ci ilin 10 noyabrında tanış olduq. Bu tanışlıq sadəcə bir tələbə, tərbiyəçi kimi olmuşdu. O vaxtlar hər kəs kimi sadə bir tələbə idi. Sonradan Elvarla aramızdakı münasibətlər onun daxilində gizli olan gözəl insani xislətlərin üzə çıxması ilə get-gedə daha da dərinləşdi. Bu münasibətlər o qədər dərinləşd ki, sanki biz uşaqlıqdan bir evdə doğulmuş, birlikdə boya-başa çatıb qardaş olmuşduq.
17.08.88 ci ildə Qərbi Azərbaycanda doğulsa da, sonradan Şamaxı şəhərinin Mədrəsə qəsəbəsində məskunlaşmışdılar. Orta təhsilini elə yaşadıqları Mədrəsə qəsəbəsində əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra əqidəsininn bir hissəsi olan vətənə, millətə, dövlətə xidmət üçün ordu sıralarına yollanmışdı.
Gənc həyatının erkən çağını, gözəl anlarını, tələbəlik illərini doğma paytaxtımız Bakıda keçirərkən milli-mənəvi şüurunu daha da inkişaf etdirmək üçün müvəqqəti sığınacaq kimi Azərbaycan Respublikası Gəncliyə Yardım Fonduna müraciət etmişdi. Və bir tələbə olaraq burada qalmağa başlamışdı.
Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında, gələcək nəsillərə ötürülməsində, gənclərin milli vətənpərvər ruhda böyüdülməsində hər zaman böyük fəaliyyətləri olan Gəncliyə Yardım Fondunda bu düşüncələrin formalaşdırdığı tələbələr, gənclər arasında seçilənlər, bu düşüncələri qavrayıb həyata keçirənlər arasında hər zaman irəlidə gələnlərdən biri də Elvar idi. O, Gəncliyə Yardım Fondunun həyata keçirdiyi dövlət səviyyəli konfranslarda, sosial-ictimai, milli-mədəni tədbirlərdə öz dinamiki fəaliyyətlərilə hər zaman önə çıxırdı.
Bilavasitə rəhbərlik etdiyim “20 yanvar” şəhid ailələri ilə, işğal olunmuş rayonların işğal gününün qeyd olunması ilə əlaqəli həmin rayonların sakinləri ilə görüşdə, fiziki qabiliyyətlərini itirmiş insanları ziyarətdə, aztəminatlı ailələrlə görüşlərdə sosial insani yardımların paylanmasında Elvar hər zaman bizimlə birgə olmuş, bu tədbirlərin həyata keçirilməsində hər kəsdən fərqlənmişdi. Bu fəaliyyətlərdə vətənə, millətə, dövlətə, dövlətçiliyə xidmətin bir şərəf olduğunu və bunun da sevə-sevə həyata keçirilməsinin lazım gəldiyini hər zaman dilə gətirdiyinin canlı şahidi olmuşam.
O, bir tərəfdən çiçəklənən Azərbaycanın gələcəyi üçün savadlı, düzgün əqidəli, bilikli mütəxəssis kimi formalaşarkən, digər tərəfdən qəlbindəki millət, xalq sevgisilə insani yardımlarda könüllü iştirak edirdi. Bu təbii qayda ilə həyat öz axarı ilə davam edirdi, aramızdakı münasibətlər günü-gündən ürəyimizin dərinliklərinə yol açırdı. Ancaq hər şey bu axarla getmədi, qədər hər zaman oduğu kimi bizim bu münasibətlərimizdə və gənc Elvarın gələcəyi haqqında özünü göstərdi...
Artıq Elvar ordu sıralarında canından çox sevdiyi vətənə layiqincə xidmət edirdi. Onunla sonuncu dəfə aprel ayında görüşmüşdük. Məzuniyyətə gəlmişdi. On aylıq ayrlıq hicranını biraz dəf etmiş olduq. Bu görüş bizim Elvarla son görüşümüz oldu.
Sonra biz onunla görüşə gedəndə doğma Azərbaycanımızın üçrəngli bayrağına bükülmüş tabutda səssizcə dayanmış, hər zaman gülümsəyən gözlərini fani dünyaya yummuşdu. Xalqına, vətəninə fəda etdiyi vücudu ağ kəfənə bükülmüş halda idi. Hələ bir il əvvəl 30 aprel günü ADNA-da baş verən qanlı terror aksiyası bir təsadüf nəticəsində ondan yan keçsə də əcəl onu vətənə xidmət edərkən yaxaladı. Bəlkə də bu, Allahın dünya həyatında onun üçün yazdığı ən yaxşı sonluq idi. Çünki o, vətənə xidmət borcunu yerinə yetirərkən şəhid olmalı idi. Bu sətirləri yazarkən yadıma türk şairi Mehmed Akif Ersoyun hələ ötən əsrin əvvəllərində Çanaqqala şəhidləri üçün yazdığı bu misraları düşür:
“Vurulub tərtəmiz alnından uzanmış yatıyor,
Bir hilal uğruna Ya Rəbb nə günəşlər batıyor!”
Ay-ulduzlu bayrağımızın Azad Azərbaycan səmasında dalğalanması üçün batan günəşlərdən biri də Elvar idi. O, bizim yaddşıımızda insani xarakteri, mehribançılığı, gülərüz siması ilə millətinə, dövlətinə, ailəsinə, dostlarına sadiq bir Azərbaycan övladı kimi silinməz izlərlə yaşayacaqdır. Onu arxasından qoyub getdiyi gözəl, qiymətli, dəyərli insani xidmətləri ilə və bizə bir dost əmanəti qoyduğu atasına, anasına, bacısına, qardaşına ehtiramımızla və onlarla hər zaman yaxın münasibətimizlə xatırlayacağıq.
O, mənim təsadüfən tanıdığım, lakin ömrümün sonunadək unutmayacağım çox yaxın dostum idi. Hər zaman xatirələrimdə yaşadacağım bir dost...
ŞƏRHLƏR