GƏLİN ƏMANƏTƏ SAHİB ÇIXAQ
Əgər xatırlayırsınızsa, keçən sayımızdakı mövzumuzda Allah Rəsulu (s.ə.s)-in bizə iki mühüm əmanət qoyub axirətə köçdüyündən danışmışdıq. Bunların Kitab və Sünnə olduğunu qeyd etmişdik. Kitab dedikdə Qurani-Kərim, Sünnə dedikdə isə Rəsulullah (s.ə.s)-in yolu, izi, dediyi və etdiyi hər şey nəzərdə tutulur.
Biz bu mövzumuzda birinci mühüm əmanət olan Qurani-Kərimin üzərində durmağa çalışacağıq.
Quran Rəbbimizin də buyurduğu kimi yol göstərici və rəhbər bir kitabdır. (əl-Bəqərə, 1)
Qurandan uzaq, dırnaqarası mürşidlərin, yol göstəricilərin çoxaldığı, mənəvi böhranın artdığı, haqq-ədalətin yox olmağa üz tutduğu və əxlaqi keyfiyyətlərin hesaba alınmadığı bir zamanda, Qurani-Kərimin hidayətinə nə qədər də möhtacıq.
Elmi və texniki tərəqqi əsrində yaşasaq da, mədəniyyətin ən yüksək zirvələrində dolaşsaq da, həyatımızı asanlaşdırıb, hər şeyin daha rahatına sahib olsaq da yenə də insanda çatışmayan və yeri boş qalan bir şey vardır. O da mənəvi boşluqdur. Bu gün özünü tamamilə maddi həyata bağlayan, yalnız bu dünya üçün çalışan, axirəti düşünməyən, ruhunu ac qoyan, öz yaradılış məqsədi olan ibadətdən uzaq qalan və maddiyyatın əsiri olan insan necə rahatlıq tapa bilər? Belə bir insan tək qanadla uçmaq istəyən quşa bənzəyir. Halbuki uçmaq üçün iki qanada ehtiyac vardır. Maddiyyatla bərabər mənəviyyat da çox önəmlidir. Bu ikisi bir yerdə olduqda insan mənən yüksəlir və qədərin hər bir cilvəsi qarşısında təmkinlə davranır. Bunun üçün də biz özümüzə Quranı örnək almalı, onun yol göstərən bir rəhbər, yolumuzu aydınladan bir nur, qəlbimizə bir fərəhlik və hər cür mənəvi xəstəliklərimizə də şəfa bilməliyik. Çünki o, bizi bizdən daha yaxşı tanıyan, nəyin xeyrimizə və nəyin də ziyanımıza olduğunu bilən Uca Rəbbimizdən endirilmiş bir kitabdır. Bizim mənən rahatlığımız da məhz bu kitaba tabe olmağa, onu özümüzə hidayət rəhbəri kimi qəbul etməyimizə bağlıdır.
Bu gün öz övladının davranışlarından razı olan, övladları ilə aralarında heç bir anlaşmazlıq olmayan ailələr çox azdır. Hətta yox dərəcəsindədir. Hər gün televiziya verilişlərindən izlədiyimiz sujetlər urəyimizi ağrıdır. Döyülən-söyülən, küçələrə atılan valideynlər, zibillikdən tapılan uşaqlar, bir-birini aldadan insanlar, zorlanmaya məruz qalmış qızlar, intihar hadisələri, hətta bir manat üstündə öldürülən insanlar bizə nəyi xatırladır? Bir ana 5-6 övlada baxıb onu böyüdüb, boya-başa çatdırır amma bu 5-6 övlad bir anaya baxa bilmir. Bəzən bu övladlar içində ali təhsil almış savadlı insanlara da rast gəlirik.
Demək ki, burada çatışmayan bəzi ünsürlər var. Bunun da başında Allah sevgisi, Peyəmbər sevgisi, ana sevgisi və insan sevgisi gəlməkdədir. Allahı tanımayan Peyğəmbərini də tanımaz. Peyğəmbərini tanımayan ana sevgisini də qavraya bilməz. Çünki bizə anamızı sevməyi öncə Uca Allah, sonra isə Peyğəmbərimiz əmr etmişdir. Bir ayədə Rəbbimiz bu haqda belə buyurur; “Rəbbin, yalnız Ona qulluq etməyinizi, ata-ananıza da yaxşı davranmağınızı qəti şəkildə əmr etdi. Onlardan biri və ya ikisi də yaşlanıb sənin yanında qalarsa, onlara (hirslənib) “of” da olsa demə, onları danlama, hər ikisinə şirin və gözəl sözlər de.” (əl-İsra, 23)
Allahdan, Peyğəmbərdən xəbəri olmayan insan ata-ana sevgisini, haqq-ədaləti, böyüklərə hörməti, kiçiklərə şəfqəti hardan öyrənə bilər?
Çox təəssüf ki, bu gün valideynlər öz övladlarına dünyəvi təhsili verdikləri, onları kifayət qədər kompyuter oyunları ilə təchiz etdikləri halda nədənsə dini və uxrəvi elmləri unudurlar. Bəzi valideynlərə, uşaqlara Quranı, dini biliklərini öyrətməyin zərurətindən bəhs etdikdə “vaxtı yoxdur, məşğələlərə gedir çox yorulur. Ona görə də Quranı öyrənə bilmir” cavabı ilə qarşılaşırıq. Əgər bu gün biz öz övladlarımızı bəzi bəhanələrlə dini təhsildən, Quranı öyrənməkdən uzaq qoyuruqsa, gələcəkdə başımıza gələcək fəlakətlərə hazır olmalıyıq.
Bir avropalı mütəfəkkirin belə bir sözü var. “Sərhədsiz ölkələrin olması mümkündür, amma dinsiz və mənəviyyatsız bir ölkənin olması mümkün deyil.” Yəni bu ölkənin gələcəyi yoxdur.
Gəlin bu yay tətilindəki fürsəti əldən verməyək. Övladlarımızı müqəddəs kitabımız Qurani-Kərimlə tanış edək. Gələcəyimizdən əmin olaq. Bu davranışımızla da Rəsulullah (s.ə.s)- in əmanətinə sahib çıxaq.
ŞƏRHLƏR