ZİKRİN FƏZİLƏTİ
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:
“Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ya Rəsulum!) Söylə:
“Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük nemət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!” (Ali-İmran, 3/14-15)
Dünya öz nemətləri ilə insana təsir qüvvəsi baxımından olduqca böyük əhəmiyyət kəsb edən bir imtahan yurdudur. Uca Rəbbimizə qulluq və Axirət həyatına qüvvətli bağlarla işğal etmiş nəfsani cazibə mərkəzlərinin zəifllədilməsinə yönəldilmiş fəaliyyəti bir çox bəşər övladına əbədi səadəti qazandıran vəsilə olmuşdur. Lakin bu fəaliyyətə müxalif olanları ayeyi-kərimədə buyurulan dünya nemətlərinə rəğbəti günümüzdə də bütün gücü ilə müşahidə edilən bir reallıqdır. Dövrü mətbuatın səhifələrini incələyərkən “Ali-İmran” surəsinin 14-cü ayəsində buyurulan məqamlarla Adəm övladlarının əkin yerlərinə və əkin məhsullarına olan xüsusi rəğbətinin üst-üstə düşməsi maraqlı bir mənzərə yaradır. Mətbuatın yazdığına görə dünyada baş verə biləcək istənilən fəlakətlər qarşısında hazır olmaq məqsədi ilə 2006-cı ildə bir çox dövlətlərin iri bank və maliyyə qurumlarının dəstəyi ilə Norveçin Şpinserqen adasında dünyada mövcud olan kənd təsərrüfatı məhsullarının toxumlarının qorunması üçün qlobal qoruma anbarının inşası başlanmışdır. Artıq 2007-ci ildə tikintisi sona çatan bu anbarın rəflərində düyünün 70.000-dən çox növü, kartofun 3000 növü, buğdanın 50.000-dən artıq növü, qarğıdalının 10.000-dən çox növü, digər bitkilərin, hətta yabanı olanların da toxumları saxlanılır. Bir sözlə, insana lazım olan bütün bitki növlərinin toxumları hal-hazırda həmin anbarda qorunmaqda və köhnəldikcə yeniləri ilə əvəzlənməkdədir. Anbarın yaradılması barədə müsbət fikirlərlə yanaşı dünya mətbuatında fəlakət səbəbi ilə planetimizdəki bitki örtüyünün ciddi şəkildə zərər çəkəcəyi təqdirdə anbar sahiblərinin yer üzərində imtiyaz sahiblərinə çevriləcəyi təhlükəsi də qeyd edilir. Anbarın yaradılma məqsədində dərinləşmədən belə axırzamanda baş verəcək hadisələrin Rəsulullahın (s.ə.s) hədislərində olduqca açıq və aydın şəkildə bildirilməsi insan övladını mümkün təhlükələrə qarşı hazır edən bir xəbər qaynağıdır. İbn Macənin (4077) saylı və Hakimin (41536) saylı hədis qaynaqlarında Rəsulullahın (s.ə.s) bunları söylədiyi bildirilir:
“Dəccalın çıxmasından öncə bəşər övladını şiddətli bir aclığın bürüyəcəyi 3 qıtlıq ili olacaqdır. Birinci ildə Allah-Təala (c.c) göyə yağmurun üçdə birini, yerə də bitkilərin üçdə birini azaltmasını əmr edəcək. İkinci ildə göyə yağmurun üçdə ikisini yerə də bitki örtüyünün üçdə ikisini azaltmasını əmr edəcək. Üçüncü ildə isə Uca Allah (c.c) göyə yağmurun tamamını özündə saxlamasını, yer üzərinə də bitkiləri bitirməməsini əmr edəcək. Belə ki, burada yaşıl heç bir şey bitməyəcək. Allahın (c.c) dilədikləri xaricində dırnaqlı heyvanlardan həlak olmayanı qalmayacaq”.
Hədisdən çıxardığımız nəticə bundan ibarətdir ki, insanların bu gün inşa edib qoruduqları toxum anbarı artıq insanlığa xeyir vermə baxımından o zaman bir şeyə qadir olmayacaq. Çünki Uca Rəbbimizin torpağa qoyduğu həbs əmri mövqeyindən və məkanından asılı olmayaraq hər yerdə qüvvət qazanacağından insanlıq aləmi toxumları cücərtmə imkanından məhrum olacaq. Əslində günümüzdə müşahidə edilən eynicinsli nikahlar, sağlam məntiqlə uzlaşmayan şiddət və toplu öldürülmə hadisələri, həddən ziyadə açıq-saçıqlıq, ilahi davranış əmrlərinə qarşı son dərəcədə etinasız və həyasız münasibət hədisdə qeyd edilən məqamların həyata keçmə zamanını sürətləndirən amillərdəndir. Yaxşı, bəs onda insanların halı necə olacaq? Hədisi-şərifin davamını dinləyək:
“Səhabələr:
-Ya Rəsulallah! Bəs o zaman insanları nə yaşadacaq?- deyə soruşdular. Allah Rəsulu (s.ə.s) belə cavab verdi:
-Təhlil (la ilahə illəllah), təkbir (Allahu əkbər), təsbih (sübhanəllah) və təhmid (əlhəmdulilləh). Bütün bunlar insanlara yeməyi əvəz edəcəkdir”.
Üzərimizə düşən ən ümdə vəzifə dünyada ikən axirət yurduna canı-könüldən bütün əziyyətlərə qatlaşaraq hazırlanmaqdan ibarət olmalıdır. İlahi rəhmətin insan övladını bürüyən mərhəmət üfüqləri o qədər genişdir ki, bu yolda həm maddi, həm də mənəvi qida olan zikr eyni zamanda qulun axirət dərəcələrinin artmasına səbəb olacaqdır.
İlahi mərhəmətin hər bir müsəlmanın könlündə sonsuz bir şükran duyğularını dalğalandıracaq bütövlüyü Allah Rəsulunun (s.ə.s) hədislərində olduqca inandırıcı bir tərzdə açıqlanır:
“Meraca çıxarıldığım gecə Hz. İbrahimlə (ə.s) qarşılaşdım. “Ey Muhəmməd!- dedi.- Ümmətinə məndən salam söylə və onlara cənnətin torpağının xoş, suyunun dadlı olduğunu, ərazisinin düz və verimli olduğunu, oraya əkiləcək ağacların isə Allah (c.c) hər cür əskiklikdən təhzih edirəm (sübhənəllah), həmd Allaha məxsusdur (əlhəmdulilləh), Allahdan (c.c) başqa heç bir ilah yoxdur (lə ilahə illəllah), Allah (c.c) ən böyükdür (Allahu əkbər) olduğunu söylə” (Tirmizi, V, 510).
ŞƏRHLƏR