Millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru FAZİL MUSTAFA
İrfan: Fazil müəllim, Qafqaz İslam Ordusu xalqımız üçün nə ifadə edir?
Fazil Mustafa: Xalqımız üçün bu ad fiziki mövcudluq və dövlət qurma şansı deməkdir. Qədirşünas Azərbaycan insanı öz xilaskarı haqqında doğru bilgilərə sahib olduğundan, Qafqaz İslam Ordusunun adı çəkiləndə mütləq tarix yaddaşının oyandığını hiss edir.
1918-ci ilin mart qırğını nəticəsində viran qalmış məmləkətinin halını düşünür və göz önünə gətirir ki, sankı bir möcüzə olaraq xilaskar mələklər dəstəsi yer üzünə enib hər şeyi tərsinə dəyişir, bolşevik-erməni kommunasını darmadağın edib, Azərbaycan xalqının dövlət qurması üçün, ən uyğun bir zəmin hazırlayır. Bu böyük işin ən gözəl əsəri də sentyabr ayının 15-də paytaxtımız olan Bakının işğaldan azad olunmasıdır.
İrfan: Bildiyimiz kimi o dövr qardaşTürkiyə üçün də çox ağır və acınacaqlı idi. Məhz belə bir vaxtda onları nə vadar edirdi ki, Azərbaycan üçün canlarından keçsinlər?
Fazil Mustafa: Bu elə bir möcüzəli duyğudur ki, indinin şərtlərindən təhlil aparmaq belə çox çətindir. Bu, ilahi bir vizion sahibi olan bir ordunun öz evinin davası kimi bu savaşa qoşulmasıydı. Burada hərbi nazir Ənvər Paşanın idealist xarakterinin rolunu xatırlamadan keçmək olmaz. Məhz o, bir komutan kimi heç bir fərq qoymadan harada olmasına baxmayaraq Türk-İslam mənsubu insanları xilas etmə düşüncəsinə sahib olduğundan belə bir qərar vermişdi və buraya gələn əsgərlər də öz ölkələrindəki çətin durumu bilə-bilə, məkan fərqi tanımadan eyni duyğularla bu torpaqlarda qəhrəmanlıqla savaşmışdılar. Onları bu işə vadar edən bir Turan xilası missiyası idi, bir İslam və Türk sevgisi idi.
İrfan: Söz yoxdur ki, Qafqaz İslam Ordusu dedikdə ilk növbədə Nuru Paşa yada düşür. Bu gün Azərbaycan cəmiyyətində Nuru Paşaya münasibət birmənalıdırmı?
Fazil Mustafa: Əgər deyilsə, buna səbəb nədir? Nuru Paşa heç şübhəsiz bu gün varlığını sürdürən hər bir azərbaycanlı üçün son yüz ilin xilaskar qəhrəmanıdır. Bunu bizlərin nə səviyyədə anlayıb-anlaması önəmli deyil. Əsas olan budur ki, bu böyük adam bu torpağa, bu məmləkətin insanına qəlbində elə bir azman sevgi daşımışdır ki, hər şeyini bu torpaq üçün ortaya qoymuş və onu qısa müddətdə düşməndən təmizləmişdir. Statusu əlindən alındıqdan sonra belə, qaçıb rahat yerlərə getmək əvəzinə Azərbaycana dönərək, Qarabağda hakimiyyəti ələ keçirmiş və bizə öz torpağına sahib olma duyğusunun mümkünlüyünü ərməğan etmişdir. Hərdən məndə belə bir duyğu yaranır ki, bu gün yaşayan Azərbaycan xalqının hər bir fərdi Nuru Paşanın ruhu qarşısında öz məsuliyyətini, minnətdarlıq borcunu hiss edəndə, biz Qarabağı qaytara biləcəyik. Nuru paşaya haqqı çatan qiymət verə bilməməyimizin tək bir səbəbi, özümüzə, müstəqilliyimizin dəyərinə doğru qiymət verə bilməməyimizdir. Bizlər hələ də hər şeyin təsadüfən baş verdiyini düşünərək, bu yolun açılması üçün canından keçmiş şəhid türk əsgərinin rolunu dərk edə bilmirik.
İrfan: 95 il bundan əvvəl Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusu bu torpaqlara gələrək öz qardaşlıq borclarını layiqincə yerinə yetirdilər. Saysız şəhid verdilər. Bəs bu gün Qafqaz İslam Ordusu torpaqlarımızdakı şəhidləri ilə öz missiyasını davam etdirirmi?
Fazil Mustafa:Tarixdə hadisələr eyni ssenari üzrə hərəkət etməsə də, oxşar ssenarilər müşahidə oluna bilir. Rəmzi mənada Azərbaycan torpaqlarının 20 il öncə baş verən rus-erməni birlikləri tərəfindən işğalından azad edilməsi üçün bir Qafqaz İslam Ordusu vizyonuna ehtiyac var. Yalnız bu ruhda, bu iradədə, bu sevgidə bir əsgər bütün çətinliklərə rəğmən Vətən torpağını düşməndən təmizləməyə qadirdir. Məhz bu xarakterdə bir əsgərin yetişməsi üçün türk şəhidlərinə başda Nuru Paşa olmaqla layiqli dəyər verməliyik, onların xatırəsini uca tutmalıyıq. Mən hər dəfə Acıdərədə Türk şəhidliyinin yanından keçəndə maşını saxlayıb şəhid türk zabitinin məzarını ziyarət edirəm və yol boyunca bir dəqiqəliyə də olsa saxlayıb onların ruhuna Fatihə oxumayan həmvətənlərimi müşahidə edəndə üzülürəm. Sevməliyik, tanıtmalıyıq, unutmamalıyıq! Onlar öz şəhadətləri ilə də bizlərdə qalib gəlmə duyğusunu yaşadırlar.
ŞƏRHLƏR