DUA İBADƏTİ

DUA İBADƏTİ

Dua dinimizdə başlı-başına bir ibadət növüdür. Numan ibn Bəşir (r.a) nəql edir ki, Həzrət Peyğəmbər əleyhissalam: “Dua ibadətdir” dedi və sonra bu ayəni oxudu: “Rəbbiniz buyurdu:

 “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər! (əl-Ğafir, 60; Əbu Davud, Salət, 358)

Bəndə ilə Rəbbi arasında dua, istəyənin acizliyini, Qadir Allahın isə comərdliyini göstərən bir ünsiyyət formasıdır. Bu baxımdan Həzrət Peyğəmbər əleyhissalam demişdir ki, Allah-Təala, ondan bir şey istənilməsindən və istəyənə verməkdən xoşlanar, (Tirmizi, Dəavat 126.) eyni zamanda ondan istəməyənə (dua edib ona yalvarmayana) da qəzəblənər və hiddətlənər. ( Tirmizi, Daavat 3; İbn Macə, Dua 1.)

Bu səbəblədir ki, Uca Allah buyurur: “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm.” (əl-Bəqərə, 186.)

Əsl dua nümunələri Quran ayələrində öz əksini tapmış, Həzrət Adəmin (Əraf , 23.), Həzrət Nuhun (Nuh , 28.), Həzrət İbrahimin (İbrahim , 37 -40 - 41.), Həzrət Süleymanın (Nəml, 19.), Həzrət Yunisin (Ənbiya, 87 - 88.), Həzrət Yusifinn (Yusif, 33.), Həzrət Musanın  (Qəsəs, 24.), Həzrət Zəkəriyyənin (Ali İmran, 38.) və sair peyğəmbər və salehlərin dili ilə bir nümunə kimi bizə göstərilmiş, eyni zamanda öyrədilmişdir. Peyğəmbərimiz əleyhissalamın öz dualarını Hz. İbrahimin duası ilə bəzədiyi kimi, (Buxari, Fəzailul-Mədinə 6; Müslüm, Həc, 462.) bizim də, dualarımıza ayələrdə göstərilən nümunələrlə təravət verməmiz sünnədir.

Dua əsnasında əllərin vəziyyətinə gəlincə isə, nəql edilən rəvayətlərdən məlum olur ki, Həzrət Peyğəmbər əleyhissalam dua etdiyi vaxt əllərini həmişə eyni vəziyyətdə tutmamışdır. Ancaq hökm odur ki, sünnədə əsas olan əlləri yuxarı qaldıraraq dua etmək və duadan sonra əlləri üzə çəkməkdir. İmam Buxari “Səhih”ində və həmçinin “Ədəbul-Müfrəd”ində dua ilə bağlı mövzuya “duada əlləri qaldırmaq” adı ilə başlamış və bu haqda bəzi hədisləri nəql etmişdir. (Bax: Buxari, Cihad, 100; İstisqa, 21; Müslüm, Birr 88; Müsnəd, 6/133)

İbn Abbasın (r.a) rəvayət etdiği hədisi-şərifdə belə qeyd edilir: Allah Rəsulu buyurdu: “Allaha dua edincə ovuclarının içini açaraq dua et. Duanı bitirincə ovuclarını üzünə çək.” (Əbu Davud, Salət , 358)  Tirmizidə keçən bir digər hədisi-şərifdə də Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Rəbbiniz Haydır, Kərimdir. Qulu dua edərək ona əlini qaldırdığı zaman, O, əllərini boş çevirməkdən həya edər.” (Tirmizi, Dəavat, 118)

Duadan sonra əllərin üzə çəkilməsi də bir sünnə əməlidir. İslam üləmasının icma təşkil edən bu görüşünün istinadı Hz. Ömərin (r.a): “Peyğəmbər əleyhissalam (s.ə.s) əllərini qaldırdığı zaman üzünə çəkmədikcə, onları endirməzdi” rəvayətinə dayanır. (Tirmizi, Dəavat 11; Qurtubi, əl-Cami li-Ahkamil-Quran, 7/367-369.)

Mövzu ilə bağlı hədisi-şəriflər və bu haqda fiqh alimlərinin qənaətinə görə ovuc içlərini açmaq, əlləri az da olsa aralı vəziyyətdə saxlamaq dua ədəblərindəndir. Eyni zamanda üləmaya görə əlin birini digərinin üzərinə qoymaq olmaz. Dua edərkən, əlləri sinə səviyyəsinə qədər qaldırmaq  müstəhəbdir. Hədislər arasında Həzrət Peyğəmbərin (s.ə.s.) duada əllərini bitişdirdiyi, qoltuq altları görünəcək qədər yuxarı qaldırdığına və hətta bəzən əllərini tərs çevirdiyinə dair rivayətlər də vardır. Məsələn, Müsnəddə keçən bir rəvayət belədir: “Peyğəmbər əleyhissalam, Allahdan bir şeyin olmasını istədiyi zaman əllərinin içini yuxarı yönəldər, ancaq bir şeydən sığınacağı zaman isə əllərinin içini aşağıya çevirərdi.”(Əhməd b. Hanbəl, 4/56) Bu hədisi-şərifə görə bəzi hallarda əlləri aşağı çevirmək də sünnəyə müvafiq əməldir. Məhz bu səbəblə Şafei məzhəbinə görə qorxu hallarında və ya qorxulacaq bir məsələ haqqında dua edərkən əlləri tərs çevirmək sünnədəndir. Digər məzhəblər isə ancaq yağış duasında əlləri tərs çevirmənin sünnə olduğunu söyləmişlər.

Qeyd edək ki, Ənəs ibn Malikin “Allah Rəsulu yağış duası xaricində əllərini yuxarı qaldırmazdı” rəvayəti üləma tərəfindən “sinədən yuxarı qaldırmazdı”, yəni adət olandan daha yuxarı qaldırmazdı kimi təvil edilmişdir. Çünki hədisdə “qoltuq altının bəyazlığı belə göründü” deyilmişdir. Bəzi mülahizələrdə buna dayanaraq “ümumiyyətlə qaldırmazdı” deyilməsi yuxarıda sadalanan rəvayətlərlə təzad təşkil edir ki, bu da iddiaçını rəvayətlər qarşısında çıxılmaz vəziyyətdə qoya bilər. Ən əsası da bu hal, Həzrət Ömər kimi, İbn Abbas kimi əsabələrin əməlləri və Buxari kimi “Səhih” sahibi haqqında zənn içində olmaqdır.

 Uca Allah Quranda: “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin” (Əraf,7/55) buyurmuşdur. Peyğəmbər səllallahu aleyhi və səlləm rahatlıqda da, çətinlikdə də özü üçün, ailəsi, dostları və bütün müsəlmanlar üçün Rəbbinə dua edərdi. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz