MƏNİ DƏ MƏKTƏBƏ APARIN
Yay tətili qurtardı. Dərslər başlandı. Məktəblər üç aylıq həsrətdən sonra qollarını öz şagirdlərinə açır. Onları bağrına basır və əzizləyir. Şagirdlər məktəb həyətinə, məktəb binalarına həvəslə, canfəşanlıqla, böyük coşqu ilə daxil olurlar. İlk dəfə məktəbə getmənin xoşbəxtliyini unutmaq olmur. On bir il davam edən bu həyəcan hər il başqa cür, daha maraqlı olur.
Yenə məktəb zəngləri işə düşəcək. Məktəb binalarından ətrafa əks-səda verən bu zəng səsləri üçün nə qədər də darıxmışıq. “Balıq sudadır, su nədir bilməz” deyə bir ifadə var. Bəli, məktəbdə olanda da məktəb nədir bilmədik. Xəyalları uzaqlara aparan, insan duyğularına müəyyən müəmmalar hopduran bu zəng səslərinin fərqinə varmazdıq məktəbdə olanda.
Çılğın, dəliqanlı, ərköyün, sevgi, eşq-məhəbbət dolu məktəb illərinin ömrümüzə nələr verdiyini insan məktəb illərindən uzaqlaşdıqca başa düşür. Ancaq bu uzaqlaşma insanın ürəyinə dağ çəkir. Sanki ən əziz adamından ayrılmış kimi hüznə qərq olma bahasına məktəb illəri bizdən uzaqlaşır.
Bəli, biz məktəbdə idik, amma məktəb nədir bilmədik. Məktəbin qədir-qiymətini bilmədik. Məktəb bizə bilik verdi. Məktəb bizə oxumağı, yazmağı öyrətdi. Məktəb bizə müəllimlər bəxş etdi. Məktəb bizi universitet həyatına atdı. Məktəb bizi müəllim etdi. Məktəb bizə şair, usta, sənətkar, lider olmağa zəmin yaratdı. Məktəbin qədrini o zaman bilmədik.
Son zəng səsini eşidəndə sevincimizdən məktəb binasından həyətə qaçarkən məktəb illərindən sürətlə uzaqlaşmışıq, deməli. Son zəngin səsini qulağımızla eşidib ürəyimizə dağ çəkmişik özümüzdən xəbərsiz. Son zəngi təntənəli sürətdə qeyd edəndə özümüzü xoşbəxt hesab etmişik. Lakin bu xoşbəxtiyə ayrılıq həsrətinə zəmin yaratmışıq. Sinif yoldaşlarımızdan, dostlarımızdan ayrılmışıq. Müəllimlərimizdən, partalarımızdan, yazı lövhələrindən, ən əsası kitabdan, bilikdən ayrılmışıq.
Müəllimlərimizi də o vaxtdan itirdik. Hər gün dərsə girib bizə elm, bilik, savad öyrədən bu mübarək insanları demək olar ki, unutmuşuq. Müəllimlər bizim üçün çox əziyyət çəkdilər. Bizə yazmağı, oxumağı öyrətdilər. Qələm tutmağı bizə səbirlə, təmkinlə öyrədib yol göstərdilər. Bu gün biz sərbəst oxuyub-yaza biliriksə, buna görə müəllimlərimizə borculuyuk. Onların zəhməti üzərimizdə çoxdur. Bəzən biz onların bəzilərindən belə halallıq da almamışıq.
Yenə məktəblər işə başlayacaq. Şagirdlər məktəbli formalarını geyinib məktəbə yola düşəcəklər. Şagirdlərin həyəcanını qıraqdan izləmək necə də xoşdur. Lakin məktəbə gedə bilməyən bəzi uşaqlar da var. Maddi cəhətdən sıxıntı çəkən uşaqlar, yetimlər də məktəbə getmək istəyirlər. Necə ki, digər uşaqlar məktəbə getdikləri kimi. Səhər-səhər küçələrdə məktəblilərin səslərini eşidib onlar da yuxudan tez oyanırlar, ancaq onlar məktəbə gedə bilmirlər. Çünki məktəbə getməyə paltarları yoxdur. Onların çantaları yoxdur. Onların dəftərləri, kitabları yoxdur. Məzlum-məzlum məktəbə gedənləri seyr edərlər, ancaq içlərindən keçənlərini biruzə verə bilməzlər. Deyə bilməzlər ki, məni də məktəbə aparın!..
Bəli, ürək dağladan mənzərələrdən biri də budur. Bəzi şagirdlər məktəbə getdikləri halda, bəziləri gedə bilmirlər. Məktəbə gedə bilməyən uşaqların beynindən nələr keçir, onu sadəcə Allah bilir. Küskün baxışlarla hər gün məktəbə gedən və məktəbdən qayıdan məktəbliləri seyr edirlər. Onlar da məktəbə gedib zəngin səsini eşitmək istəyirlər. Zəng vurulanda dərsə girməyi, zəng vurulanda dərsdən çıxmağı arzulayırlar. Onlar da yazmağı, oxumağı istəyirlər. Onlar da bilik, savad, elm almaq istəyirlər. Sinif yoldaşları ilə məktəb həyətində oynamaq könüllərindən keçir.
Bəli, məktəbə gedə bilməyən uşaqlar da müəllim qarşısında oturmaq istəyirlər. Onlar da müəllimləri olsun deyə ürəklərində bu gizli arzunu keçirirlər. İlk zəngi, son zəngi eşitmək, təntənəli qeyd etmək istəyirlər. Lakin bu arzular, bu istəklər onların ürəyində nisgil bir həsrətə çevrilib səssiz-səmirsiz haraylarla ətrafa səs salır: məni də məktəbə aparın!..
Lakin onları eşidən yoxdur. Bəzən onlar özlərini belə eşitmirlər. Öz daxilində baş qaldırmış bu arzunun harayını eşitməz olublar. Çünki bu haray daxildən həsrət hissləri ilə gələn hıçqırıqlı bir sədadır. Bunu hər kəs eşidə bilməz. Bunu eşitmək üçün gərək məktəblilərin məktəbə getdikləri vaxt məktəbə gedə bilməyəsən, onların dəftəri, kitabı, çantaları və paltarları olduğu halda, sənin dəftərin, kitabın, çantan və paltarın olmasın. Onlar səhər-səhər məktəbə getdikləri halda, sən də onları seyr edib məktəbə gedə bilməyəsən və daxilindən həsrət acısı ilə baş qaldıran gizli hıçqırıqlarla səssiz haray çəkib deyəsən: məni də məktəbə aparın!..
ŞƏRHLƏR