QARDAŞLIQ ORDUSU
Düz 95 il əvvəl Azərbaycan xalqı rus-erməni birləşmələri tərəfindən kütləvi şəkildə qətl edilirdilər. Bu, normal bir cinayət deyildi. Qətl edilənlər müsəlman-türk əhalisi idi. Qətl edilməyi labüd edən heç bir günah işləməmişdilər, sadəcə öz mənfur niyyətlərini həyata keçirmək istəyən ermənilərin qəzəbinə tuş gəlmişdilər.
Onların qətli təkcə insana deyil, digər canlılara belə rəva görülməyəcək qəddarlıqla həyat keçirilirdi. Həmin dövrdə kütləvi qırğınlar törədənlərdən biri olan Vartan adlı erməni sonralar öz “qəhrəmanlığını” belə ifadə edirdi: “Mən heç gözümü də qırpmadan Basarkeçər əhalisini məhv etdim. Ancaq bəzən güllə atmaq istəmirdim. Onları öldürməyin asan yolunu tapmışdım: hamısını bir quyuya atıb üstlərinə ağır daşlar ataraq onları məhv edirdim. Bütün kişiləri, qadınları və uşaqları bir quyuya atırdım, quyunun ağzını bağlayıb onları diri-diri basdırırdım.”
Bəli, 95 il əvvəl Bakı S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnakların əlinə keçmişdi və onlar 1918-ci ilin mart qırğınlarından sonra da dinc əhaliyə divan tutmağa davam edirdilər. Azərbaycanın qərbində, Zəngəzurda, habelə Qarabağ və Naxçıvanda da erməni hərbi birləşmələri azərbaycanlılara qarşı soyqırım həyata keçirirdilər. Belə bir şəraitdə Bakını bolşevik qüvvələrindən azad etmək, erməni daşnakların qırğınlarını dayandırmaq lazım idi. Ancaq yenicə yaranmış və hələ tam şəkildə formalaşmamış bir dövlətin təcrübəli və amansız düşmənlə mübarizəsi çox çətin idi. Bir yanda müstəqilliyini yenicə elan etmiş, hələ kövrək adımlarını atan, yeni-yeni formalşan Azərbaycan dövləti, digər tərəfdə isə ingilis əsgərləri, əsrlərlə hərb təcrübəsi olan rus qüvvələri və nəyin bahasına olursa olsun, öz mənfur niyyətlərini həyata keçirməyə hazır olan erməni daşnakları... Qüvvələr nisbəti qeyri-bərabər idi. O dövrdə faktiki olaraq Bakı işğal edilmişdi. Bu isə Azərbaycan Xalq Cümhuriyyəti üçün böyük təhlükə idi.
Tarix boyu Anadolu türklərinə heç bir qarşılıq gözləmədən maddi və mənəvi dəstək olan Azərbaycan türkü çətin vəziyyətdə idi. 1915-ci ildə Osmanlının Qurtuluş Savaşı üçün Bakıda minlərlə insan bir yerə yığışaraq öz imkanları nisbətində kimisi qızıl, kimisi pul, kimisi də ailələrinin zinət əşyalarını İstanbula göndərməyə can atırdı. Hələ bir neçə il əvvəl Çanaqqala savaşında da Azərbaycanın igid oğulları Osmanlı əsgərləri ilə birlikdə dastan yazmışdılar. İndi isə yerlər dəyişmişdi. Qardaşlarının bu fəryad səslərinə Anadolu türkləri cavab verməli idi. Və cavab verdi də… 1918-ci ilin ortalarında özünün ən böhranlı çağını yaşayan Osmanlı dövləti Azərbaycanı tək qoymadı. Daxili və xarici təhlükələrlə üz-üzə qalsa da, Osmanlı hökuməti yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini - öz ərazisinə və paytaxtına sahib çıxmağa çalışan gənc dövləti hərbi yolla dəstəkləməkdən çəkinmədi. İstanbul Bakının ingilis-rus-daşnak birləşmələrinin işğalı altında qalmasını, Azərbaycan xalqının öz baş tacından məhrum olmasını rəva bilmədi. 1918-ci ilin mart ayında Qafqaz İslam Ordusu Azərbaycan istiqamətində hərəkət etdi. Qafqaz İslam Ordusu böyük bir qüvvə ilə Gəncədən Bakıya qədər döyüşdü. Bütün yay ayları ərzində Yevlax, Ağdaş, Göyçay, Ağsu, Şamaxı, Kürdəmirdən keçdi. Keçdiyi hər yerdə ingilis-rus-daşnak birləşmələriylə vuruşa-vuruşa Bakıya yaxınlaşdı. Qafqaz İslam Ordusu bütün gücünü Bakının işğaldan azad edilməsinə yönəltmişdi. O dövrdə Bakı 18000 silahlı erməni, 1200 ingilis və 1500 rus əsgərinin nəzarətində idi. Qafqaz İslam Ordusunun tərkibi isə Anadoludan gələn 8000 türk əsgəri və 7000 yerli əhalidən ibarət idi.
Nəhayət 15 sentyabr 1918-ci ildə Bakı ətrafında gedən 30 saatlıq şiddətli döyüşlərdən sonra şəhər düşmən işğalından azad edildi. Azərbaycanın istiqlal tarixində bu günün müstəsna yeri var. Bu, təkcə milli dövlətçiliyimizin - Xalq Cümhuriyyətinin özünün paytaxtına qovuşduğu gün deyil, daha geniş kontekstdə götürdükdə, Azərbaycan və Türkiyə qardaşlığının tarix durduqca yaşayacaq möhtəşəm bir xatirəsidir.
Çox maraqlıdır ki, Bakının azad olunması mübarək bir günə - Qurban bayramına təsadüf etmişdi. Bəli, Bakının işğaldan azad edilməsi üçün tökülən qanlar Azərbaycan və Anadolu türkünün Allaha birgə və ən böyük qurbanlarından biri kimi tarixə əbədi olaraq yazılıb. Və onu nə insanların cəhaləti, nə də düşmənlərin məkri unutdura bilər.
Əsrlər boyu apardığı azadlıq mübarizəsində Azərbaycan xalqının keçdiyi yol çətin olsa da xalqımız hər zaman qəhrəmanlıq salnamələri yazmağı bacarmışdır. Uzun illər yadelli işğalçıların müstəmləkəsinə çevrilmiş xalqın mübarizə əzmini qırmaq mümkün olmamışdır. Tarixin müxtəlif dövrlərində xalqımızın başına gətirilən bəlalar nə qədər amansız olsa da, xalqın kökündə olan azadlıq eşqi sönməmiş, əksinə mübarizlik ruhu daha da möhkəmlənmişdir. Və şükürlər olsun ki, Uca Allah Azərbaycan xalqının taleyinə tarixin hər dövründə milləti müqəddəs amallar ətrafında birləşdirə bilən, xalqı bir topa insan yığını olmaqdan qurtarıb millət edən, dövlət qura bilən, bu dövləti inkişaf etdirə bilən siyasi dühalar bəxş etdiyi kimi, lazım gələndə müqəddəs amallar -vətən, torpaq, bayraq, dövlət uğrunda canını qurban verə bilən igid övladlar da bəxş etmişdir. Qurbanlar hər dövrdə özlərindən sonra gələn nəsillərə nümunə olmuşlar.
ŞƏRHLƏR