İRFANİ BAXIŞ: Nurlan MƏMMƏDZADƏ / BİR VƏFA ABİDƏSİ

İRFANİ BAXIŞ: Nurlan MƏMMƏDZADƏ / BİR VƏFA ABİDƏSİ

      XX əsr dünya çapında bir sıra dəyişikliklərin yaşandığı, yeni sistemin və dövlətlərin qurulduğu, məhz bu baxımdan verimli zaman kəsiyidir. Lakin kimlər üçünsə müsbət dəyişiklik demək olan bu kimi yeniliklər Türk dünyası üçün nə ifadə edirdi? Əlbəttə ki, uzun illərdən bəri davam edən və Şərqlə-Qərb mübarizəsinin bir sonrakı mərhələsi sayılan XX əsr hadisələri bütövlükdə Şərq-İslam dünyası üçün, eləcə də Türk dünyası üçün bir o qədər də ürəkaçan hadisələrdən xəbər vermirdi. 

Zamanın axarı fərqli istiqamətdə dəyişmişdi. Güc balansı getdikcə pozulurdu. Hər zaman fürsəti dəyərləndirməyi yaxşı bacaran mənfur qonşularımız belə bir zamanı qənimət bilərək əsrin əvvəllərində Azərbaycan torpaqlarına növbəti iddia irəli sürmüş, 1905-07 və 1918-ci illərdə kütləvi qırğınlar törətmişdilər. Uzun illər İrəvan və Qarabağ xanlıqlarından asılı vəziyyətdə yaşayan və bu asılılığı hər fürsətdə böyük minnət hissi ilə dilə gətirərək özünü sadiq nökər obrazında qələmə verməyi ustalıqla bacaran ermənilər bu torpaqlarda güc nisbətlərinin dəyişməsindən cürətlənərək fəaliyyətə başlamış, əsl iç üzlərini göstərmişdilər.

      Tarixi faktlar əsasında deyə bilərik ki, ermənilər çox-çox uzun zamandan bəri belə bir  şəraitin yaranmasını gözləmiş və əlaltından buna hazırlıq görmüşdülər. Belə ki, hələ 1895-1896-cı illərdə Şərqi Anadoluda xarici qüvvələrin təhriki ilə baş qaldıran erməni üsyanları yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti Cənubi Qafqazda, əsasən də İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında yerləşdikdən sonra da dinc durmamış və çox rahatlıqla 1905-ci ildə qanlı Zəngəzur hadisələrini törətmişdilər. Sürgün şəraitində pərakəndə yaşayan və məskunlaşma prosesi tam başa çatmamış bir xalqın bir neçə illik qısa zaman ərzində yenidən terror havası əsdirməsi əvvəlcədən bu kimi addımlar atmağa planlı şəkildə hazırlıq görüldüyünü bir daha sübut edirdi. Arxiv materiallarına əsasən, hələ 1905-ci il Zəngəzur hadisələri zamanı eyni vaxtda buradan Bakıdakı ermənilərə silah və pul göndərilməsi həmin iğtişaşların və qırğınların Bakıda da baş verəcəyindən xəbər verirdi. 1918-ci ilin Mart Soyqırımı isə digərlərindən daha dəhşətli və genişmiqyaslı oldu. Rəsmi mənbələrə əsasən 1918 -ci ilin 30 mart və 3 apreltarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı , Quba , Xaçmaz, Lənkəran, Hacqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan  və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılar qarşı törətdikləri qırğın nəticəsində 50 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdü. Bu soyqırımın digərlərinə nisbətən daha amansız olmasının və ağır itkilərlə nəticələnməsinin əsas səbəblərindən biri isə bolşeviklərin, başqa cür desək, yaxın gələcəkdə xalqları məngənəsinə salacaq kommunist Rusiyasının bu işdə ermənilərə havadarlıq etməsi oldu. Hələ XVIII əsrdə I Pyotrun “Qafqazda erməni dayaqlarımıza dəstək olun” vəsiyyətinə sadiq qalan xələfləri ölkədə “şimal küləyi” əsdirirdi. Məhz belə bir vaxtda ermənilər fürsəti dəyərləndirib ətrafdakı müsəlman-türk xalqına divan tuturdu. Əliyalın insanlar öz dədə-baba yurdlarında təhlükədə idilər. Məsələ ölüm-qalım məsələsi idi. Məhz belə bir zamanda qardaş yardımına ehtiyac vardı.

      Qardaş Türkiyə üçün də vəziyyət bir o qədər ürəkaçan deyildi. Altı əsrdən artıq varlığını davam etdirən, üç qitəyə hökm edən Osmanlı imperiyasının tənəzzülünün ayaq səsləri çox yaxından eşidilirdi artıq. Hələ 3 il əvvəl-1915-ci ildə Anadolu ağır günlər yaşamışdı. Osmanlı bu Qurtuluş Savaşında Azərbaycandan böyük dəstək almışdı. Məhz bu əsnada Bakıda toplaşan minlərlə adam əlində-ovcunda nə vardısa, qadınların zinət əşyasına qədər yığıb qardaş Türkiyəyə göndərmişdi. Hərbzədələr Bakıya gətirilmiş, yetim qalan uşaqlar və yaralılar İsmailiyyə binasında yerləşdirilmişdi. Könüllü səfərbərlik nəticəsində əli silah tutan gənc Azərbaycan türkləri Çanaqqalaya yollanmışdılar. Aradan üç il keçmiş, Osmanlı Türkiyəsi bir azcıq nəfəs almışdı. Lakin qapıdakı düşmən qovulsa da, vəziyyət gərgin olaraq qalırdı. Məhz belə bir vaxtda Qafqazdan fəryad səsləri yüksəlirdi. Azərbaycan türkü qardaş dəstəyinə möhtac idi. Belə bir vaxtda qurulan və sırf müsəlmanlardan ibarət Qafqaz İslam Ordusu hərəkətə keçdi. Nuru paşanın komandanlıq etdiyi türk hərbi qüvvələrin 25 mayda Gəncəyə  çatması, üç gün sonra da Azərbaycan Cümhuriyyətinin elan edilməsi və Gəncənin də müvəqqəti paytaxt olması Bakıdakı erməni dəstələrini təlaşlandırmışdı.

      Qafqaz İslam Ordusu qısa zaman kəsiyində hərəkətə keçərək torpaqlarımızı erməni istilasından təmizləyərək irəliləyirdi. Nəhayət, Bakı ətrafında ağır döyüşlər başladı. Bakıya birinci hücum 1918-ci ilin 5 avqust tarixində baş tutdu. Hücumun ilk dalğasında böyük nailiyyət əldə olunsa da bu hücum uğurla nəticələnmədi. Silah-sursat sarıdan çətinlik çəkən türk ordusu bolşevik-daşnak birliklərini küncə sıxışdırdığı halda məğlubedici zərbəni vura bilməyərək geri çəkilməli oldu.

      Sentyabrın 13-də Nuru paşa güclənmiş Qafqaz İslam Ordusuna Bakıya ikinci hücum əmrini verdi. Sentyabrın 14-dən 15-nə keçən gecə səhərə kimi dayanmadan silah səsləri eşidilirdi.  Ayın 15-də, günorta saatlarında isə artıq doğma Bakımız düşməndən tam azad edilmişdi. Bakını qorumaq və türklərə təslim etməmək tapşırığı alan ingilislər isə 14 sentiyabr gecəsində gəmilərə minmiş və saat 22.00-dan etibarən Cənubi Azərbaycandakı Ənzəliyə getmək üçün limandan uzaqlaşmışdılar.

      Sentyabrın 16-da Bakıda 5-ci Qafqaz diviziyasının və 15-ci piyada diviziyasının rəsmi keçidi oldu. Xəlil Paşa öz çıxışında türk döyüşçülərinə minnətdarlığını bildirdi. Həmin tarixdə Nuru paşanın Hərbiyə Naziri və Baş Komandan vəkili Ənvər paşaya   teleqramında deyilirdi:

      “Allahın yardımı ilə Bakı şəhəri otuz saat davam edən şiddətli müharibədən sonra 15.09 tarixində saat 9 radələrində zəbt edilmişdi. Bütün ordunun, xüsusilə minbaşı Fəhmi bəyin komandası altındakı 56-cı alayın qəhrəmanlığı təqdirəlayiqdir”.

      Ordunun zəfər xəbərinə sevinən Ənvər paşanın Şərq Orduları Qrupu Komandanı Xəlil paşaya və  Nuru paşaya göndərdiyi xüsusi teleqramda isə belə deyilridi:

      “Böyük Turan İmperiyasının Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin fəthi xəbərini böyük şadlıqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpürəm, şəhidlərimizin ruhuna fatihə ithaf edirəm”…

      Özü çox ağır vəziyyətdə olan qardaş Türkiyənin beynəlxaq qüvvələrlə üz-üzə qalmaq bahasına, riskə gedərək Azərbaycana yardım əlini uzatması yalnız və yalnız qardaşlıq duyğularından irəli gəlirdi. Tarixi vərəqlədikdə bir çox dövlətlərin buna bənzər şəraitdə bir-birinə dəstək olması hansısa maddi tələblər və ya torpaq iddiası ilə nəticələnmişdir. Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Türkiyənin bu yardımı isə doğmalıq və qardaşlıq əsasına söykənirdi. Çünki nəticədə nə torpaq iddiası qaldırılmış, nə Bakı nefti mənimsənmiş, nə də hakim dairədə yüksək vəzifə alınmışdı. Bakı olduğu kimi yeni qurulmuş Xalq Cümhuriyyətinə təhvil verilmişdi.

      Müstəqilliyini elan edən Azərbaycan Demokratik Respublikasının ömrü çox qısa olsa da və bu torpaqlarda Sovet hakimiyyəti qurulsa da xalqımız Qafqaz İslam Ordusunun əziz xatirəsini daim qəlbində yaşatdı. Ən ağır şərtlərdə edilən qardaş köməyini heç vaxt unutmadıq. Əsrin əvvəllərində bu torpaqlarda şəhid olmuş qardaşlarımızın xatirəsi anti-türk təbliğat maşınının var gücü ilə işlədiyi illərdə belə əziz tutulurdu. Eynilə Ənvər paşanın dediyi kimi, Türk və İslam dünyası bu xidməti unuda bilməzdi. Bu gün paytaxt Bakımızın ən yüksək nöqtəsində yerləşən Şəhidlər Xiyabanı ilə yanaşı Türk Şəhidliyi abidəsinin ucaldılması da məhz verilən bu qiymətin ən möhtəşəm təzahürlərindəndir. Şəhidlər Xiyabanı və Türk Şəhidliyi, eyni zamanda havada dalğalanan Azərbaycan və Türk bayraqları düşmənlərimizin qorxulu röyasıdır.         

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz