ZƏBUR VƏ İNCİL
Zəbur. Allah tərəfindən Hz. Davuda (ə.s) göndərilən Məzmurlar və Məzamir adı ilə bilinən müqəddəs kitabın Qurandakı adı Zəburdur. Məzmur “yazılmış” mənasına gəlir. Zəbur barəsində Qurani-Kərimin üç fərqli ayəsində məlumat verilmişdir:
“Nuha və ondan sonrakı peyğəmbərlərə; İbrahimə, İsmayıla, İshaqa, Yaquba, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana vəhy etdiyimiz və Davuda Zəbur verdiyimiz kimi (Ey Həbibim), şübhəsiz, sənə də biz vəhy etdik”. (ən-Nisa, 4/163)
“Rəbbin göylərdə və yerdə olanları ən yaxşı biləndir. And olsun ki, biz peyğəmbərlərin bəzilərini bəzilərindən üstün etmişik. Davuda da Zəburu verdik”. (əl-İsra, 17/55)
“And olsun, Tövratdan sonra Zəburda da yazmışıq ki, yer üzərinə ancaq saleh qullarım varis olar”. (əl-Ənbiya, 21/105)
Hz. Peyğəmbər (s.ə.s) də bir hədisi-şərifində əhli kitabdan bir firqənin Zəbur oxuduğunu bildirmişdir. Kitabi-müqəddəs külliyyatında və Əhdi-ətiq içində yer alan, “Məzmurlar” deyə qeyd edilən kitabın içində 150 məzmur vardır.
Əlimizdəki Zəburda, ümumiyyətlə, Həzrət Davudun Allaha yalvarışları və ilahiləri (Allahın zatı və sifətlərindən, Allah ilə əlaqəli mövzulardan bəhs edən dini nəğmələr) yer alır. Zəburun ibranicə əsl mətni nəzm şəklindədir. Allahın birliyi (tövhid) təməlinə söykənən Zəbur doğruluğu tərk edən, əxlaqi qaydaları tanımayan, pislik və günah içində üzən yəhudi qövmünə haqq yolu göstərmək üçün nazil olmuşdur. Bundan əlavə, yəhudilərin: “Tövratdan sonra kitab gəlməyəcək” şəklindəki iddiaları da Zəburun endirilməsi ilə pozulmuşdur.
Zəburla müstəqil bir şəriət verilməmiş, Hz. Davud Hz. Musanın şəriəti ilə əməl etmişdir. Hz. Davud səsinin gözəlliyi ilə də bilinməkdədir. O, Məzmur deyilən Zəbur surələrini gözəl səsi ilə oxuyardı. Günümüzdə də gur, xoş və təsirli səslər üçün “davudi səs” ifadəsi işlədilir.
Zəbur əvvəllər ibranicə idi və ibrani-arami əlifbasıyla yazılmışdı. Xristianlığın yayılmasından sonra latın dilinə çevrilmişdir. Günümüzdə orijinal Zəbur nüsxəsinin mövcud olduğunu söyləmək mümkün deyil. Bu gün yer üzündə Zəbura tabe olan bir millət olmamaqla birlikdə yəhudilər və xristianlar ibadət və ayinlərində dua niyyəti ilə Zəburdan parçalar oxumaqdadır. Xüsusən xristianların bazar günü ayinlərində Məzmurdan seçilmiş parçalar oxunur.
İncil. Allah tərəfindən Hz. İsaya nazil olunan, Tövratın əslini təsdiqləyən, Qurani-Kərim tərəfindən təsdiq edilən və bir mənası da “yol göstərən, işıqlandırıcı” olan ilahi kitab İncildir. Yunanca “evangelion” şəklində yazılır və bu da yaxşı xəbər, müjdə deməkdir.
Qurani-Kərim İncili təsdiq etsə də, bugünkü İncillərin Hz. İsaya endirilən kitabın təhrif edilmiş şəkilləri olduğunu da ayələrdə bildirmişdir. (əl-Maidə 5/46-47; əl-Hədid 57/27)
Hz. İsanın sağlığında İncil yazılı kitab halına gətirilməmişdir. Çünki İsanın (ə.s) təbliğ müddətinin qısa olması və yaşadığı dövrün şərtləri buna imkan verməmişdi. Ən erkən yazılan İncillər Həzrət İsadan sonra 60-cı illərdə qələmə alınmışdır. Bu səbəbdən Hz. İsanın təbliğ etdiyi həqiqətlər o anda yazıla bilməmiş, sonradan yazılan İncillərə bəşər sözü qarışmış və beləcə, kitabın əsli təhrif olunmuşdur.
Hz. İsadan sonra istər onun köməkçisi olan həvarilər, istərsə də digər xristianlar tərəfindən yazıldığı güman edilən bir çox İncil meydana çıxmış, ağlın qəbul etməyəcəyi zidd ifadələrin var olduğu aşkarlanmışdır. Bu səbəblə həmin kitablardan dördü İznikdə (IV əsrdə) seçilərək etibarlı İncil olaraq qəbul edilmiş, digərləri isə məhv edilmişdir. Bunlar da yenə bir-biri ilə uzlaşmayan ifadələrlə doludur.
Dörd İncil və müəllifləri bunlardır:
Matta İncili: 28 babdır. Matta həvarilərdən biri olub, miladi 70-ci ildə xristianlığı yaymaq üçün gəldiyi Həbəşistanda vəfat etmişdir. İncildə Hz. İsanın məsihliyi üzərində durulur. Lakin onun yazdığı ibranicə və ya süryanicə nüsxə itmiş, yerini müəllifi bilinməyən yunanca nüsxə tutmuşdur. Bu İncil nüsxəsində Hz. İsanın nəsli Hz. Davuda qədər gedib çıxır.
Markos İncili: Markos həvarilərin başçısı olan Petrusun tələbəsidir. Xristianlığı yaymaq üçün gəldiyi Misirdə miladi 62-ci ildə vəfat etmişdir. İncili 16 bab olub daha çox Hz. İsanın həyatından və yəhudi adətlərindən bəhs etməkdədir. Onun tərəfindən, yoxsa başqası tərəfindən yazıldığı, hansı tarixdə qələmə alındığı dəqiq bilinmir.
Luka İncili: Həkim və ya rəssam olduğu bildirilən Luka Pavlosun tələbəsidir. Həvari deyil. İncili miladi 60-cı illərdə yazmışdır. 24 babdır. İsanın (ə.s) həyat və təbliğindən bəhs edir.
Yuhanna İncili: 24 bab olan bu İncili yazanın kim olduğu dəqiq bilinməməklə birlikdə, Yuhannanın tələbəsi olduğu təxmin edilməkdədir. Bu İncildə İsanın tanrının oğlu olduğu fikri xüsusi ilə vurğulanmışdır.
Əslində bu gün əlimizdə olan İncildə bu dörd kitabın xaricində 23 əlavə (elçilərin, həvarilərin məktubları və s.) daha yer alıb cəmi 27 kitabdan meydana gəlmişdir. Halbuki Allahın Hz. İsaya endirdiyi İncil bir kitab idi.
ŞƏRHLƏR