Günahkar ATA
Tanışlarımdan biri bir neçə binanın yerləşdiyi məhəllənin içərisində müştərisi elə də çox olmayan yeməkxana icarəyə götürmüşdü. Ayda bir-iki dəfə o tərəflərə gedib-gəldiyim üçün oradakı insanlarla istər-istəməz ünsiyyətim yaranmışdı.
Həmin yeməkxananın müştəriləri, adətən, yaxınlıqda fəaliyyət göstərən maşın ustaları və musiqi məktəbinin müəllimləri olurdu. Bəzi hallarda məhəllənin gəncləri də gəlib çay süfrəsi ətrafında vaxtlarını keçirirdilər. Hər zaman olmasa da, bir neçə dəfə istər dini mövzularda, istərsə də insan psixologiyası haqqında gənclərlə söhbətim olmuşdu. Artıq hər dəfə o tərəflərə gedəndə “psixoloqumuz” gəldi deyib yanımda otururdular. Bir neçə salam-kəlamdan sonra hamısı öz problemləri haqqında danışır və bir çıxış yolu axtarırdılar. Mən də əlimdən gəldiyi qədər onlara öz məsləhətlərimi verməyə çalışırdım.
İstər sosial, istərsə də psixoloji problemlər bataqlığına düşüb çıxış yolu axtaran onlarla gənc gördüyüm və problemlərini dinlədiyim üçün bu gənclərin də problemləri mənə onlardan biri kimi gəlirdi. Hər dəfə onların problemlərini dinləyir, suallarını cavablandırır, məsləhətlər verirdim. Buna görə də onların dərd ortağına çevrildim. Ən yaxın hesab etdikləri insanlara belə deyə bilmədikləri dərdlərini mənimlə rahatlıqla paylaşa bilirdilər. Çay süfrəsi ətrafında bir-iki söhbət seansından sonra illərlə birlikdə baş-başa yaşadıqları problemlərdən uzaqlaşdıqca özlərini daha xoşbəxt hiss edirdilər. Özlərindəki pozitiv enerjini kəşf edənlər hər dəfə başqa insanları da gətirib onun da dərdini dinləməyimi və məsləhət verməyimi istəyirdilər. İşin ən qəribə tərəfi də budur ki, gənclərin hər birinin yaşı iyirmi beşdən yuxarı deyildi. Demək olar ki, hamısından eştidiyim ortaq cümlələrdən biri də “dünyanın onlar üçün mənasız olması” idi. Dünyada heç nədə məna görə bilməyən bir gəncliyin yetişdiyinin şahidi olmaq da asanlıqla dözüləcək bir dərd deyil. Qeyd etdiyim kimi, onlar özlərinin ətrafında olan, problemləri ilə mübarizə apara bilməyib bir çox psixoloji xəstəliklərə düçar olan gəncləri də mənimlə görüşdürməyə çalışırdılar.
Günlərin bir günü gənclər həmin məkanın qonşuluğundakı binada yaşayan bir gənclə söhbət etməyimi xahiş etdilər. Dedilər ki, onun problemi bizimkindən bir az fərqlidir. Belə ki, biz yoxluqlar içərisində qalıb heç nəyə sahib olmadığımız üçün pulsuzluq və kasıblıqdan gileylənib bunları özümüzə dərd edirik, bu oğlan isə hər şeyi olduğu üçün yolunu azıb. Ancaq özü də düşdüyü çuxurdan çıxmaq istəyir. Gəlsin, dərdini dinlə, bəlkə, bir köməyin dəyər dedilər. Münasib bir vaxtda həmin gənclə bizi görüşdürdülər. Danışıq qabiliyyəti yerində, dediklərini çox gözəl analiz edən, boyu, yaraşığı yerində bir gənc idi. Ancaq məsələ ondadır ki, ailəsi tərəfindən illərdir müalicə olunmasına baxmayaraq narkotik maddə aludəçiliyindən əl çəkə bilmirdi. Söhbət edərkən göz yaşları içində, sanki yalvarırmışcasına “məni bu bəladan qurtarın” deyirdi.
Xeyli söhbət edib, bir çox suallarıma cavab aldıqdan sonra “sənin bu yola düşməyində günahkar olaraq kimi görürsən?” deyə sual etdiyimdə, “atamı” dedi. Təəccübləndim. “Atan? Atan səni niyə bu yola vadar etsin ki?” dedim. O, sözlərinə belə davam etdi: “Atam məni uşaqlıq vaxtımdan düzgün tərbiyə etməyib. Ürəyim nə zaman, nə istəyibsə, onu mənim üçün edib. İstədiyim heç bir şeyin olmayacağını düşünməmişəm. Etdiyim bütün cinayət tərkibli hərəkətlərimdə belə atamın pullu əli köməyimə yetişib. Bu gün özümü pis hiss etməyimin səbəbi isə artıq atamın və ətrafımdakı insanların mənə pul verməməsidir. Heç bir yerdə işləyə də bilmirəm. Bu gün bu vəziyyətdə olmağımda sadəcə atamı günahkar hesab edirəm”. (Qeyd: atasına da “atam” deyil, atasının adı ilə müraciət edirdi) Hərdən şəhərin müxtəlif yerlərindəki lüks evlərindən danışır, hərdən də heç bir şeydən həzz ala bilmədiyini deyirdi. Həyatda hər şey onun üçün öz qiymətini itirmişdi. Bəlkə də, atası hər şeyi övladının daha yaxşı yaşaması üçün etmişdi, ancaq sahib olduqlarının qədrini bilməyi öyrətməmişdi, hər halda. Onunla sadəcə bir dəfə görüşdük. Aldığım xəbərlərə görə hal-hazırda xəstəxanada müalicəsi davam edir.
Adətən heç nəyi olmayan gənclərlə danışıb onları uğursuzluq depressiyasından çıxarmaq o qədər də çətin olmur. Yaşadığı mühitə görə bir yol xəritəsi çəkilir və uğur qazanması üçün hədəfləri müəyyən edilərək hərəkətləri izlənir. Ancaq hər şeyi olub heç nəyin qədir-qiyməti haqda bir fikri olmayan gəncləri yola gətirmək müşkül bir məsələyə çevrilir. Çox vaxt bu şəkildəki psixoloji xəstələrə tibbi müdaxilənin də təsiri olmur. Çünki o, fiziki cəhətdən nə qədər böyüsə də, psixoloji cəhətdən hələ də ata-ana qayğısına möhtac olan bir uşaq olaraq qalır.
Son olaraq, hər şey övladlarımızın istədiyi kimi olsun deyib, onlar üçün hər şeyi edən valideynlər! Bir gün övladlarınızın gözündə günahkar kimi görünmək istəmirsinizsə, tədbirinizi bu gündən alıb onlara istədiklərini deyil, lazım olan şeyləri verin.
ŞƏRHLƏR