SUAL? - CAVAB!

SUAL? - CAVAB!

Sual: Kişilərin paltarlarının topuqdan aşağı olmasının bir günahı varmı?

Cavab: Dinimiz geyim məsələsində bədənin örtülməli olduğu yerlərinin örtünməsi, paltarın bədəni göstərəcək qədər şəffaf olmaması, qeyri-müsəlmanların dini simvollarını daşımaması və təkəbbürlüyə aparıb çıxarmaması kimi prinsiplər qoymuşdur.

Keçmiş ərəb cəmiyyətində geyilən paltarın yerdə sürünəcək şəkildə uzun olması təkəbbürlük əlaməti sayılırdı. Məhz bu səbəbdən bu kimi geyimlərə xoş baxılmamışdır. Hz. Peyğəmbərdən (s.ə.s) nəql edilən hədislərdə məzh bu həssasiyyət vurğulanaraq paltarların yerlə sürünəcək qədər uzun geyilməməsi tənbeh edilmişdir. Məsələn, bir hədisi-şərifdə Rəsulullah (s.ə.s) belə buyurur: “Allah təkəbbürlənərək paltarını yerdə sürüyən kəsin qiyamət günündə üzünə baxmayacaqdır”. Hz. Əbu Bəkr: “Ey Allahın Rəsulu, diqqətli olmadıqda mənim paltarım da yerdə sürünür”, – dedi. Bunun müqabilində Hz. Peyğəmbər (s.ə.s): “Sən bunu təkəbbürlük məqsədi ilə etmirsən”, – buyurdu (Buxari, Libas, 2; Müslim, Libas, 43, 44).  Başqa bir hədisi-şərifdə də Hz. Peyğəmbər (s.ə.s) nəsihət istəyənə paltarının yerlə sürünməməsini tövsiyə etmiş və bunun təkəbbürlük əlaməti olduğunu, Uca Allahın da bu kimi şəxsləri sevmədiyini vurğulamışdır (Əbu Davud, Libas, 28).

Qeyd olunan hədisi-şəriflərdən aydın olur ki, Hz. Peyğəmbərin (s.ə.s) sözügedən məsələ ilə bağlı qadağası məhz təkəbbürlük əlamətindən irəli gəlir. Əgər günümüzdə də belə bir anlayış ortaya çıxarsa, yaxud başqa formada eyni anlayış təzahür edərsə, müsəlman təkəbbürlük məqsədi ilə bu kimi hərəkətlərdən uzaq durmalıdır. Əks təqdirdə, paltarın yerlə sürünüb-sürünməməsində dini baxımdan hər hansı bir qəbahət yoxdur.

 

Sual: Yuxuda qurban kəsməyi əhd edən bunu yerinə yetirməlidir?

Cavab: Əvvəla qeyd edək ki, peyğəmbərlər xaric, insanların gördükləri yuxular qəti bir hökmə dəlalət etmədiyi kimi, hər hansı məcburetmə qüvvəsi də yoxdur. Belə olan halda yuxuda qurban kəsməyi nəzir edən kəsin bunu yerinə yetirməsi vacib deyil. Çünki Hz. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Üç nəfərdən məsuliyyət götürülmüşdür: yatan oyananadək, uşaq həddi-büluğa çatanadək və ruhi xəstə olan sağalanadək” (Əbu Davud, Hüdud, 16).

 

Sual: Əkin məhsullarının zəkatı necə verilməlidir?

Cavab: Hər cür əkin məhsulları ilə meyvələrdən ondabir və ya iyirmidəbir zəkat verilməlidir. Buna “üşr” adı verilir. Qeyd edək ki, əkin məhsulları və ya meyvələrdən zəkatın fərz olması üçün hədisdə qeyd olunduğu kimi, 5 vəsq miqdarında olmalıdır. 5 vəsq bəzi alimlərə görə 650 kq, digər bəzi alimlərə görə isə 1 tondur. Əbu Hənifəyə görə, məhsulların və meyvələrin miqdarından asılı olmayaraq üşrün verilməsi fərzdir. Əkin məhsulları və ya meyvələr tamamilə təbii yollarla sulanıb özbaşına əmələ gəlibsə: 1/10, ancaq sulanıb və xərc qoyulubsa: 1/20 miqdarında zəkat verilir. Hz. Peyğəmbər (s.ə.s): “Yağış və çay suları ilə sulanan əkin məhsullarında ondabir, vedrə ilə sulananlarda isə iyirmidəbir vardır”, – deyə buyurmuşdur (Buxari, Zəkat, 55). Üşrdən zəkat verilərkən günümüzdə əkinçinin əlavə xərcləri olan gübrə və s. kimi xərclər də hesablanıb çıxarıldıqdan sonra qalan miqdar nisaba çatarsa, yəni 650 kq, yaxud 1 ton olarsa, 1/10 və ya 1/20 üşr zəkatı verilməlidir.  

Bundan əlavə, qeyd edək ki, məhsul yığılmadan sahədə zay və tələf olarsa, əkinçinin üşr verməsi vacib olmaz. Ancaq məhsul yığıldıqdan sonra zay və tələf olarsa, üşrü verilməlidir. Uca Allah Qurani-Kərimdə: Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin”, – buyurur (Ənam, 6/141).

 

Sual: Ölü qurbanı deyə bir qurban növü varmı?

Cavab: Dinimizdə ölü qurbanı və ya qəbir qurbanı deyə bir qurban növü yoxdur. Ancaq savabı ölüyə bağışlanmaq üzrə qurban kəsilə bilər. Bundan əlavə, həyatda ikən qurban vəsiyyət edənin qoyduğu miras kifayət edərsə, varislər tərəfindən vəsiyyəti yerinə yetirilməlidir. Hz. Əlinin də Hz. Peyğəmbər (s.ə.s) vəfat etdikdən sonra onun adına qurban kəsməsi və bunun Hz. Peyğəmbərin (s.ə.s) vəsiyyəti olduğunu bildirməsi məhz buna dəlalət edir. Odur ki, bu hədis vəsiyyəti yoxdursa, ölən üçün varislərinin qurban kəsmə məcburiyyətlərinin olmadığına da dəlalət edir. Bir şəxs savabını ölən ana və ya atasına, yaxud digər yaxınlarına bağışlamaq üzrə kasıblara və yoxsullara yardım edə biləcəyi kimi, qurban da kəsdirə bilər. Əgər ölənin qurban kəsilməsi ilə bağlı vəsiyyəti yoxdursa, bu qurban ətini yoxsullara verə biləcəyi kimi, özü də yeyə bilər. Ancaq ölənin vəsiyyəti varsa, kəsilən qurbanın hamısı yoxsullara verilməlidir. 

 

Sual: Qurbanlıq heyvan çəki ilə alına bilərmi?

Cavab: Qurbanlıq heyvan canlı olaraq çəkilmək surətilə alınıb satıla bilər. Əgər cəmiyyətdə hər hansı bir aldatma və mübahisəyə yol verməyən bir adət-ənənə varsa, ətin qiymətini əvvəlcədən müəyyən etmək şərtilə kəsildikdən sonra əti çəkilərək pulunun ödənməsi yoluyla da satın alına bilər. Bunun etibarlı olması üçün kəsilmədən əvvəl tərəflər arasında müqavilə tamamlanmalı və ətin qiyməti müəyyən edilməli, kəsildikdən sonra da ətin miqdarındakı qeyri-müəyyənliyin aldatma və mübahisəyə yol açmayacaq şəkildə dəqiqləşdirilməsi şərtdir. Bundan əlavə, qurbanın başı, ayaqları və içalatı kimi bəzi yerlərinin satıcıda qalması şərti də qoşulmamalıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz