Bayraq Şərəfdir!
Tarixə məlum olan ilk bayraq qədim Çində aşkarlanıb. Çində Çjou sülaləsinin əsasını qoyan imperator qoşununun önündə onun saraya gəlişini xəbər verən ağ bayrağın aparılması əmrini verib. Beləcə, tarixdə müasir bayraqların ilk oxşarı qaldırılıb.
Bayraq ideyasının ilk dəfə qədim dövrlərdə bütləri bəzəmək üçün istifadə olunan parçalardan meydana gəldiyini iddia edənlər də var. Orta əsrlərdə, xüsusilə də Avropada krallar güclərinin əlaməti olaraq öz bayraqlarından istifadə edərdilər. Avropada ilk bayraq qədim Romada istifadə olunub. Sonralar tədricən hər bir dövlətin öz bayrağı yaranıb.
Günümüzdə bayraqlar müxtəlif cür olur. Dövlət bayraqları ilə yanaşı, xüsusi fərqləndirici bayraqlar da var. Onlar ayrı-ayrı rənglər və simvollar vasitəsilə əyalətləri, şəhərləri, silahlı qüvvələri, dövlət idarələrini, dini və etnik qrupları, idarələri, klubları, gənclər və kommersiya təşkilatlarını, hava və dəniz yollarını, regional birlikləri və beynəlxalq təşkilatları təmsil edir.
Müasir dövlətlərin milli bayraqlarında ən çox istifadə olunan rəng qırmızıdır. Daha sonra ağ, göy, sarı və qara rənglər gəlir. Bir çox ölkələrin baraqlarında ulduz, ay, günəş, heyvan, bitki simvolları və dini təsvirlər əks olunur. XVII əsrin ortalarında, Yelkənçilik dövrünün zirvəsində gəmilər ümumi olaraq bayraqla üzməyi adət halına gətirdilər (daha sonra bu, hüquqi öhdəlik olaraq qəbul edildi). Vaxt keçdikcə bu bayraqlar günümüzün milli bayraqlarına və dəniz bayraqlarına çevrildi. Texnologiyanın bu qədər inkişaf etmədiyi o dövrdə bayraqlar dənizdəki ən rahat ünsiyyət vasitəsi idi.
Azərbaycan Bayrağı tarixdən bu günə:
Milli tariximiz boyu qurulan hər dövlətin, xanlığın özünü təmsil edən atributları və bayrağı olub. Müasir Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı isə 1918-ci il iyunun 21-də verilib. Həmin qərarda Azərbaycan bayrağı qırmızı rəngdə, üstündə ağ aypara və səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilmişdi. İlk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağına bənzər şəkildə olub. Azərbaycan Xalq Cümhuriyyətinin bu ilk bayrağı 9 noyabr 1918-ci ilə qədər qüvvədə olub.
Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az müddət sonra bayraq haqqında ikinci qərar qəbul edildi. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında yeni qərar qəbul etdi. Ay və ulduz eyni şəkildə qalmaqla qırmızı fon üç rənglə: göy, qırmızı və yaşıl zolaqlarla dəyişdirildi. Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası üzərinə qaldırılmışdır. Sovet Rusiyasının XI Qızıl ordusunun Azərbaycanı işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi...
1920-ci il aprelin 28-də Bakıda Sovet hakimiyyəti quruldu və Azərbaycan İctimai Şuralar Cümhuriyyəti (Azərbaycan Sovet Sosialist Respublikası) elan olundu. İlk dövrlərdə inqilabi al bayraqlarla yanaşı, bayrağın sapına yönəlmiş yuxarı sol küncündə ağ beşguşəli ulduz və ağ aypara təsvirli al bayraqlardan da istifadə olunurdu. 1921-ci ildə Bakıda buraxılmış plakatda belə bayraq təsvir olunmuşdu.
1921-ci ilin may ayında Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin ticarət, dəniz və hərbi bayrağı al qumaş parçadan ibarət idi, onun sol küncündə, bayraq sapı tərəfdə yaşıl fon üzərində qızılı "AİŞC" və ya “Azərbaycan İctimai Şuralar Cümhuriyyəti" yazısı yerləşdirilmişdi. Azərbaycan SSR-in bayrağının RSFSR-in (Rusiya Sovet Federativ Sosialist Respublikası) bayrağından fərqi onda idi ki, RSFSR bayrağında yazılı sahə qırmızı idi, Azərbaycan SSR-də isə yaşıl verilmişdi. 1921-ci ildə Azərbaycan SSR-in dövlət dili türk dili, əlifbası isə ərəb əlifbası idi; odur ki, “AİŞC” abreviaturası da ərəb əlifbası ilə türk dilində verilirdi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud olan üçrəngli bayraq Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilmişdi. Bakıda 1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitusiya Aktı qəbul olundu və üçrəngli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi yenidən dalğalanmağa başladı.
ŞƏRHLƏR