KRAL KİMDİR!..

KRAL KİMDİR!..

Ustadımız Osman Nuri Topbaşın oğlu atası haqda danışarkən onun yatağında geydiyi paltarla Allahın hüzuruna çıxmadığını, namaz üçün xüsusi olaraq paltarını dəyişdiyini deyir.

 Uşaqlar ata-anasının səhərdən axşama qədər çöldə qarşılaşdıqları insanların görmədiyi, bilmədiyi hallarını görüb şahidi olurlar. Əziz səhabələr də Rəsulullahın (s.ə.s) evindəki halını öyrənmək istəyər, Aişə anamıza (r.anhə): “Rəsulullah evdə nə edir, nə ilə məşğul olur?” – kimi suallar verərdilər.

Evin qapısı döyüləndə bir çox insan əyin-başını səliqəyə salıb, hətta güzgüyə baxıb, saçını, üz-gözünü nəzərdən keçirib qapını açar. Həkimlər xəstəxanaya girəndə ağ xalat geyinər, aşpazlar mətbəxə girəndə ağ önlük taxarlar. Allahın hüzuruna çıxacağı zaman da insan özünü səliqə-səhmana salmalı deyilmi? Evə gələn qonağa hörmət səbəbi ilə üst-baş nizama salınır, saçlar daranır, ətraf təmizlənir və evdə səliqə-səhman yaradılır. Allahın hüzuruna çıxılacağı zaman da diqqət edilməli olan şeylər yoxdurmu? Selfi çəkiləndə, kamera qarşısında dayananda insanlar çox diqqətli olurlar. Batareya ilə işləyən kameraların qarşısında gözəl görünməyə diqqət ediriksə, hər şeyi bilən və görən Allahın hüzuruna çıxarkən də diqqət edilməli olan xüsusları bilirikmi?

Kəpənəyin qanadından çiçəyin ləçəyinə, aslanın yalından ilanın dərisinə, tovuz quşundan göyərçinin boynuna qədər hər sahədə Allahın yaratdıqlarında gözəllik və bərbəzək gözə çarpır. İnsanın bəzəyi nə olmalıdır? Əraf surəsinin 31-ci ayəsində “məscidlərə gedərkən bəzənmək” əmri yer alır. Məscidlərə bəzənərək getməliyik. Yer üzü bizim üçün məscid olaraq elan edilib. Elə isə yer üzünün hər tərəfində bəzənməli, gözəl görünməliyik.  

İnsanların qarşısına çıxarkən gözəl ətir saçmağa diqqət yetirilir. Ailə həyatında belə tərəflər bir-birinə qarşı gözəl ətirdən istifadə edirlər. Allahın hüzuruna çıxarkən də insanın üst-başını və ətrafını gözəl ətirlərlə bəzəməsi lazımdır.

Dünya alt paltarı bazarının 2010-cu il göstəricilərinə əsasən, bazar 40 milyard dollarlıq bir həcmə çatıb. Alt paltar ilə tərəflər bir-birinə təsir göstərməyə çalışır. Artıq alt paltar yalnız ehtiyac səbəbi ilə geyilən gigiyenik məhsul olmaqdan çıxmışdır. Mömin də təsəttürü və ya fəsi ilə özünü daha yaxşı, əhvalı yerində hiss edərək ibadətlərini daha gözəl yerinə yetirməyə çalışmalıdır. Şəhvani rahatlaşma üçün xüsusi geyimlər geyilirsə, qəlb hüzuru üçün niyə geyilməsin? Əraf surəsinin 26-cı ayəsində: “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bəzənəcək libas nazil etdik. Lakin təqva libası daha xeyirlidir...” – buyurularkən üç növ paltardan bəhs edilir:

1. Örtünmə ehtiyacını təmin edəcək paltar.

2. Örtünmənin zinət və bər-bəzəklə gözəlləşdirilməsi.

3. Təqva (Allahdan çəkinmək, ona hörmət göstərmək) libası.

Təqva libası təfsirlərdə “bədəni mühafizə edən paltar; zireh, dəbilqə və s. döyüş geyimləri”, məcazi olaraq da “saleh əməl, iffət, yaxşı xasiyyət, tövhid” kimi müxtəlif izahlarla açıqlanmışdır. (Razi, XIV, 52)

Mömin ədəb, əxlaq, iman, məhəbbət və ixlası ilə 24 saat geyinmiş halda olmalıdır. Təqva libası  yalnız məsciddə geyilməz. Bəlkə də, ona bazarda, küçədə, pul işlərində daha çox ehtiyac vardır. Təqva libası insanın içərisindəki iman və məhəbbətin, qul haqqı şüurunun  müşahidə edilə biləcək səviyyədə olmasıdır. Təqva libası cırılmamalıdır. Təqva libasını istehsal edən və satan heç bir firma yoxdur. Qadın olsun, kişi olsun, təqva libası barmaq izi kimi şəxsə məxsusdur və o paltarın istehsalçısı elə insanın özüdür. Təqva libası ruha, ağıla, davranışlara, təsəttür isə bədənə geydirilər. Təqva libasını geyməyən kəslərin saqqalı, fəsi, sarığı ya da çadrası itici gələr.

Bəqərə surəsinin 197-ci ayəsində namaz, oruc, həcc, zikr, zəkat və s. ibadətlərlə  axirət azuqəsinin  hazırlanması əmr edilmişdir. Burada axirət azuqələrinin ən xeyirlisinin, ən  bərəkətlisinin təqva, yəni məsuliyyət şüuru olduğu   ifadə edilmişdir.

Nəhl surəsinin 112-ci ayəsində: “Allah da onlara etdiklərinin qarşılığı olaraq aclıq və qorxu libasını (libasəl-cui vəl-xavf) daddırdı”, - deyə buyurulur. Necə ki, paltar dərini bürüyür və özünü başqalarına göstərir, aclıq və qorxu da onu yaşayan kimsənin üzündə və hərəkətlərində özünü göstərir. Təqva da aclıq və qorxu kimi insanın xarici görünüşündə özünü göstərməlidir.

Gəlinlik və bəylik seçimi tərəfləri neçə gün əvvəldən başlayaraq məşğul edir. Toyda geyiləcək paltar qədər insanın qəlbinin örtüsü olan təqva libasına da diqqət yetirilməsi lazımdır. Onlarla müxtəlif markalı geyim əşyasını yığdığımız qarderoblarda təqva libasına da yer ayırmaq lazımdır. Təqva libasından qeyrisi axirətdə fayda verməz.  

İllər boyu “kral çılpaqdır” nağılı ilə başımızı qatdılar. Müsəlman olduğumuz üçün şükür edirik. Sağlam bir inanca sahib olan hər bir möminin cənnətdə krallar kimi yaşayacağına da inanırıq. Dünyada “abdullah” olmaq cənnətdə krallar, sultanlar kimi yaşamaq deməkdir. “Kral çılpaqdır” deyərək başqasına baxıb danışacağımız yerdə özümüzə baxaraq “görəsən, təqva libasım varmı?” deyə sual verməliyik. Yoxsa o kral elə biz özümüzük?! Saqqalı, fəsi, baş örtüsü olduğu halda təqva libası olmayan kimsə hədisi-şərifdə tənbeh edilən “geyinmiş çılpaqlar” kateqoriyasına girərmi?

Könüllərin gündən-günə soyuduğu bu günlərdə işimizi möhkəm tutmaq, qalın geyinmək lazımdır...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz