YENİDƏN DİRİLİŞ

YENİDƏN DİRİLİŞ

Həyat insana hər gün yeni dərslər keçir, bilmədiklərini öyrədir, görmədiklərini göstərir. Bəzən çətin bir sınaqla qarşılayır insanı.

 O sınaqdan üzüağ çıxdığı gün də, dəmirçinin zindanında döyülmüş və döyüşə hazır hala gəlmiş qılınc kimi parıldayar sevinc dolu gözləri. Belə bir günün parlaq səhərinə şahid olmaq var imiş qismətimizdə, çox şükür. “Aprel döyüşləri” zamanı hər birimiz həyəcan və qürur hissi ilə dolub-daşmışdıq, günlərcə. O şərəfli günlərin yurdumuza ərməğan etdiyi zəfərin, Lələtəpənin yolunu tutduq bu səfər.

İnsanlar gördüm; gülər üzlü, özündən əmin, nikbin, həyat dolu. Həyətlərdə dayanan maşınlar, qurumaq üçün ipə sərilən rəngarəng paltarlar, yeni evlərin həyətyanı sahələrində əkilən qarğıdalı və digər tərəvəz bitkiləri... Torpaq çoxdan qucaqlayıb, bağrına basıb həsrətində qaldığı isti nəfəsi, istiqanlı insanları...

Ağsaqqallar gördüm; keçmişinə bağlı, yurduna sadiq, gələcək nəsillərə nümunə, tarix dolu. Bütün baş verənləri elə dünən baş vermiş kimi canlı-canlı, addım-addım xatırlayan, həyəcanla danışan, əzmkarlıqla gələcək nəsillərə üfüq göstərən...

Müəllimlər gördüm; inamlı, həvəsli, həyəcanlı... Tələbələri səliqəli, çalışqan, hazırcavab. Daha əvvəl şagirdi olduğu məktəbdə indi müəllim olmağın sevinci ilə fəxr edən o geniş və böyük ürəklərdə bütün tələbələrinə qayğı dolu yer açan insanlar gördüm, hörmətə layiq, etimada layiq...

Məktəblilər gördüm; danışıqları şən sədalı, gözləri sevinc dolu, baxışları xoş xəyallarla yoğrulmuş ümid dolu... Əl-ələ tutub məktəbdən çıxan yeni dostlar, kiçik qardaşının çantasını da çiyninə alıb evə qayıdan bacı-qardaşlar, müəlliminin tapşırığını yerinə yetirməyin təlaşı ilə qaçaraq içəri daxil olan balaca qəhrəmanlar...

Bir kənd gördüm; çoxdandır hərsətlə gözlədiyi hay-küyün, ayaq səslərinin, çəkiclərin, külünglərin, mişarların, baltaların, ocaqda qaynayan qazanların səsi ilə yenidən canlanıb, yenidən dirilib. Anasından ayrı düşən, sonra anasına yenidən qovuşan bir “cocuq” kimi şən əhvali-ruhiyyə içində olan bir kənd: Cocuq Mərcanlı.

Bir təpə gördüm; dağ boyda məsuliyyəti çiyinlərinə götürüb, qürurla. Şərəf dolu, izzət dolu, vüqar dolu duruşuyla alqış tutur onu saran qollara. Sinəsinə çəkdiyi neçə şəhidin müqəddəs qanı ilə abidələşən, ülviləşən vətən parçası. Başının üstündə dalğalandırdığı üçrəngli bayraqla vətənin başını uca edən qəhrəman... Alçaq düşmənin qarşısında sıldırım bir qaya kimi yüksələn və ona söykənən insanlara hüzur bəxş edən bir təpə: Lələtəpə...

Yeni tikilən məscidin qoşa minarəsindən yayılan yanıqlı azan səsi səmaya yüksələndə Həzrət Muhammədi xatırladım. Məkkədən Mədinəyə hicrət etmək məcburiyyətində qalanda hüzn və həsrətlə doğma şəhərinə baxaraq: “Ey Məkkə! Sən Allah qatında yer üzünün ən xeyirli və mənə ən sevimli yerisən. Vallahi, əgər səndən zorla çıxarılmasaydım, əsla ayrılmazdım!..”  buyurmuşdu. Sonra da sadiq dostu Əbu Bəkrlə bərabər Mədinəyə doğru çətin və məşəqqətli səfərinə başlamışdı. Arxada qoyduğu doğma yurdunu heç vaxt unutmadı, ümidini üzmədi. Çox çalışdı, çətin sınaqlardan keçdi... Bədir müharibəsi, Uhud müharibəsi, Xəndək müharibəsi, daha neçə-neçə ağrılı-acılı hadisələr onun Allahın vədinə olan ümidini sarsıda bilmədi. Nə aclıq, nə yoxsulluq, nə də üzləşdiyi itkilər, başına gələn fəlakətlər onu müqəddəs davasından yayındıra bilmədi. On il sonra, Məkkəyə yenidən qovuşduğu gün isə dəvəsinin üstündə, başını önə əymiş vəziyyətdə, Allaha şükür və minnət dolu təvazökar bir hal ilə daxil olmuşdu doğma şəhərinə. Allah vədini gerçəkləşdirmiş, Məkkəni ona, onu Məkkəyə yenidən bəxş etmişdi. Qovuşdurana şükür, qovuşdurana şükür...

Qul istədikdən sonra Allah ona mütləq bir yol açar. Allahın səbir edənlərə və öz davasına əmin olub inananlara vəd etdiyi zəfər nəsibimiz olsun! Tezliklə bu azan səsini Şuşada dinləmək diləyi ilə...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz