BİR AYƏ
وَيُسْقَوْنَ فِيهَا كَاْسًا كَانَ مِزَاجُهَا زَنْجَبِيلًا
“Orada onlara zəncəfil qatılmış badə içirdiləcəkdir”. (İnsan surəsi, 76/17)
Qurani-Kərimdə dünya həyatından bəhs edildiyi kimi, eyni zamanda axirət həyatı haqqında da müəyyən məlumatlar verilmişdir. Bu minvalla “İnsan” surəsində xüsusilə cənnət təsvirləri yer almaqda və möminlərin orada necə bir mükafatla qarşılaşacaqlarına bir nəbzə işıq tutulmaqdadır. Məhz bu təsvirlərdən biri də yuxarıdakı ayədə qeyd olunan hadisədir ki, möminlərə cənnətdə belə bir içəcək təqdim olunacaqdır. Cənnətdə möminlərə hər cür naz-nemət bəxş olunacaq və bu nemətlərdən biri də içinə zəncəfil qatılmış içki olacaqdır. Bəs nə üçün Uca Allah burada, adı dilimizə də keçən zəncəfilin (ərəb dilində: zəncəbil) adını zikr etmişdir? Təfsir kitablarında qeyd olunduğuna görə, o dövrdə ərəblər içkilərinə zəncəfil qatmağı xoşlayırdılar. Çünki o, içkiyə gözəl dad və qoxu verirdi. Ancaq ayədə ifadə edilən içki növünün dünyada içilən içki ilə eyni olacağını deyə bilmərik. Çünki İbn Abbas Qurandakı cənnət nemətləri haqqında belə demişdir: “Allah-Təalanın Qurani-Kərimdə xəbər verdiyi cənnət nemətlərinin bu dünyada yalnız adları vardır”. Yəni cənnətdə bəxş ediləcək zəncəfil bu dünyadakından daha gözəl və çox fərqli bir keyfiyyətdə ola bilər.
Qurani-Kərim eyni zamanda bir çox elmi həqiqəti də içinə aldığı üçün, deməli, orada zikr olunan bitkilər dünya həyatımızda mühüm bir yerə malikdir. Allah həmin bitkinin adını Quranda zikr etməklə bir növ onun önəminə diqqət çəkir. Buna görə də zəncəfilin nə qədər faydalı bir bitki növü olduğuna nəzər salaq. Zəncəfil tropik iqlimdə yetişən, yumru köklü bir bitki növüdür. Xüsusilə Çin və Hindistanda 2000 ildən bəri bu bitkidən istifadə edilir. Hal-hazırda da başda Asiya ölkələri olmaqla ərəb və hind mətbəxlərində, eyni zamanda bir çox ölkənin mətbəxində yeməklərə dad qatmaq üçün istifadə edilir. Bir çox xəstəliklərə qarşı da qoruyucu təsirə malik olan və müalicəvi əhəmiyyət kəsb edən zəncəfilin faydalarını bu şəkildə sıralamaq mümkündür:
Zəncəfil iştah açıcıdır, qanın təmizlənməsini təmin edir, ürək bulanmasının qarşısını alır, tənəffüs yollarını açır, bağırsaq problemlərinin həllinə kömək edir, anti-oksiddir, qəlb ritmini tənzimləyir, baş ağrılarını aradan qaldırır, rahat yuxu verir. Eyni zamanda xərçəng xəstəliyi ilə mübarizədə də zəncəfil bitkisindən istifadə edilməkdədir. Bunun xaricində öskürəyin aradan qaldırılması və diş sağlamlığı üçün də bir çox faydası olduğu tibb elmi tərəfindən müəyyən edilmişdir.
Deyə bilərik ki, Uca Allah bütün bu xüsusiyyətləri bir bitkidə cəm etmiş və Öz müqəddəs kitabında ondan söz edərək bizə yol göstərmişdir. Allah-Təala bizləri bu nemətlərə layiqincə şükür edən, sağlam bir həyat sürən və axirətdə də bu və bənzəri nemətlərə qovuşan qullarından eləsin!
ŞƏRHLƏR