HAQQ DOSTLARINDAN HİKMƏTLƏR; Həzrət Mövlana q.s -9-

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR; Həzrət Mövlana q.s -9-

Mövlana həzrətləri buyurur:

“Nemətə şükür etmək nemətdən daha xoşdur. Şükrü sevən kəs şükrü qoyub nemətə can atarmı?

Şükür etmək nemətin canıdır. Nemətsə dəri və qabıq kimidir. Çünki səni dostun qapısına aparan yalnız şükürdür.

Nemət insana ayıqlıqdan əlavə qəflət də verə bilər. Şükür etməksə daima ayıqlıq gətirir.

Ağlını başına topla, şükür neməti ilə əsil neməti ovla!”.

Bir dostumuz bizə saysız-hesabsız ikram etsə, ona qarşı kiçicik bir hörmətsizlik etməkdən utanarıq. Onun inciməsinə səbəb olacaq hər bir hərəkətdən həssaslıqla çəkinərik. Onunla gözəl rəftar edərək şükran və minnət hissimizi ifadə etmək istəyərik.

Allah-Təala yaşadığımız bu fani dünyada ona şükür etməmiz üçün biz bəndələrinə saysız-hesabsız nemətlər bəxş edir. Bu nemətlər vasitəsi ilə kimin şükür edib, kimin nankorluq edəcəyi xüsusunda bizi sınağa çəkir. Şükür edənlərin ilahi rəhmətə nail olacağını, nankorluq edənlərinsə ilahi qəhrə düçar olacağını bəyan edir.

Şükür sadəcə dil ilə: “Ya Rəbb, sənə şükürlər olsun”, - deməkdən ibarət deyil. Sözlü şükrün içini qəlbi və feli şükürlə də doldurmalıyıq.

Qəlbi şükür nemətlərin əsil sahibinin Allah-Təala olduğu şüurunu qəlbə yerləşdirməkdir.

Feli şükürsə o nemətləri Allahın razı olmadığı işlərə alət etməmək, əksinə, onlardan Allahın arzu etdiyi şəkildə istifadə edərək ilahi rizaya vəsilə qıla bilməkdir. İlahi riza isə insanın qovuşa biləcəyi nemətlərin ən böyüyüdür. Allah-Təalanın rizasına nail olmaqdan daha böyük nemət ola bilərmi?!

Allah-Təala Rəsulullah r -in yanındakı möminlərin seçkin vəsflərini sayarkən belə buyurur:

“…Onlar Allahdan riza və lütf istəyərlər…” (əl-Fəth, 29) Bununla da qəlblərdəki ən böyük hədəf və idealın rizasına nailiyyət olmasına işarə edir. Biz də bu etibarla Allahdan hiss, fikir və əməllərimizi daima rizayi-şərifi ilə birləşdirməsini niyaz etməliyik.

Bu bir həqiqətdir ki, bütün dünya bir insana verilsə, o da zövq-səfa içində min il səltənət sürsə, yenə də bir gün öləcək, sahib olduğu nemətlər də dünyada qalacaq. Fani nemətlərə görə Allaha şükür edib ilahi rizanı qazana bilməksə əsas həyat olan axirətdə əbədi səadət sərmayəsi olacaq.

Ona görə də Allaha şükür edə bilməyin özü şükrü tələb edən müstəsna bir nemətdir. Yəni qul nail olduğu maddi-mənəvi saysız nemətlə yanaşı, şükür edə bildiyi üçün də şükür etməlidir. Haqq-Təalanı zikr edə bildiyinə, Ona səcdə edə bildiyinə, Ona qul ola bildiyinə şükür etməlidir.

Unutmayaq ki, Allah-Təala bütün ehtiyaclardan uzaqdır. Bizim qulluğumuza da, şükrümüzə də əsla ehtiyacı yoxdur. Allah-Təalaya dua, zikr, şükür və həmd-sənalarla sığınmağa bizim ehtiyacımız var. Bütün bəşəriyyət Allaha səcdə etsə, bu hal Onun şənini azacıq da olsa artırmaz. Bunun əksinə, bütün insanlar Ona üsyan etsə, yenə də şəninə zərrə qədər xələl gəlməz.  

Necə ki, Allah-Təala da belə buyurur:

“Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)”. (əl-İnsan, 3)

Yəni şükür etməyin də, nankorluq etməyin də yalnız bəndəyə fayda və ya zərərinin olduğunu bəyan edir.

Elə isə fərqində olduğumuz və olmadığımız saysız nemətləri üçün Allaha şükür edərək Onun rizasını qazanmağa çalışmalıyıq. Ruzi ardınca düşüb Rəzzaqı unutmaq qədər böyük qəflət olmaz.

Yunus Əmrə həzrətləri nemətə baxıb onu ikram edəni görməyən, aynadakı yalanlara aldanıb qəflətə dalanlara belə səslənir:

Mal sahibi, mülk sahibi,

Hanı bunun ilk sahibi?

Mal da yalan, mülk də yalan

Var bir az da sən oyalan!..

Allah-Təala dünyaya əsir olub fani ilğımlara aldanan qəflət əhlinin halını ayeyi-kərimədə belə bildirir:

عَامِلَةٌ نَاصِبَةٌ : Çalışmış, (boş yerə) yorulmuşdur”. (əl-Ğaşiyə, 3)

Onu da əsla unutmamalıyıq ki, şükür edilməyən nemət əslində nemət olmaqdan çıxıb, ağır yükə çevrilmiş sayılır. Qulun nəfsinə sərmayə etdiyi, varlığına güvənərək azğınlaşdığı nemət əslində nemət deyil, axirət həyatını əzab fəslinə çevirəcək mənəvi bir fəlakətdir.

Necə ki, əsri-səadət zamanı Sələbə adlı abid bir səhabə kasıblıqdan bezərək, özü üçün xeyirli olub-olmayacağını bilmədən, israrla dünya sərvətinə sahib olmağı tələb etdi.

Hz. Peyğəmbər r:

“Ey Sələbə! Şükür edə biləcəyin az mal şükrünü ifa edə bilməyəcəyin çox maldan daha xeyirlidir”, - buyuraraq ona xəbərdarlıq etdi. Öz sadə və mütəvazi həyat tərzinə işarə edərək:

“Mənim halım sənin üçün gözəl bir misal deyilmi?” - deyə nəsihət etdi. Lakin Sələbə ona qulaq asmadı, israrla zənginlik tələb etdi. Nəhayət, arzusu həyata keçdi. Böyük bir sərvətlə imtahan edildi və nemətlərin əsil sahibi olan Rəbbini unutdu. Beləcə, dünya sınağından keçə bilməyənlərin düçar olacağı aqibətə ibrətamiz bir misal oldu. Ölüm döşəyində ikən:

“Kaş Hz. Peyğəmbərin nəsihətinə qulaq asaydım!” - deyərək əbədi həyatını məhv edən naşükürlüyünün, qənaətsizliyinin və ehtirasının peşmanlığını ifadə etdi.[1]

Bir sözlə, insana fayda verəcək həqiqi nemət yalnız şükrünü ifa edə bildiyi nemətdir. Şükür edilməyən, hətta üsyan və küfr yolunda istifadə olunan nemətlər əslində fitnə və müsibətdən başqa bir şey deyil. Qafil insansa bunu nemət zənn edib sevinir. Ondan məhrum qalsa, qəmə batır. Bu hal səfalətini səadət, səadətini də səfalət zənn edən bədbəxtlərin çaşqınlığıdır.

Haqq-Təala bir çox insanın düşdüyü bu qəflətə ayeyi-kərimələrdə belə işarə edir:

“İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: 'Rəbbim mənə ehtiram göstərdi!' –deyər.

Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: 'Rəbbim məni alçaltdı (mənə xor baxdı)!' – söyləyər”. (əl-Fəcr, 15-16)

Deməli, insan hər şeydən əvvəl nemətlərin mütləq surətdə xeyir vəsiləsi olduğunu zənn etməkdən vaz keçməlidir. Onun – iki uclu bıçaq kimi – xeyrə də, şərə də vasitə ola biləcəyini unutmamalıdır. Ancaq şükrünü ifa edə bildiyi halal nemətə sevinməlidir. Onu qəflətə sürükləyəcək bir nemətdən məhrum qalmağın əslində özü üçün ilahi bir lütf olduğunu düşünüb bu məhrumiyyətinə də şükür etməlidir.

Heç bir insana verilməmiş səltənət lütf edilən Həzrət Süleyman u bu nemətlərin əsil sahibi olan Rəbbini heç vaxt unutmadı, qəlbini dünya var-dövlətinə xəzinə etmədi. Allah-Təala da ona نِعْمَ الْعَبْدُ : Nə gözəl bir qul…”[2] iltifatını etdi.

Bunun müqabilində ağır iztirab, xəstəlik və kasıblıqla imtahan edilən Həzrət Əyyub u da səbir, riza və şükür halını əsla pozmadı. Haqq-Təala ondan da bəhs edərkən نِعْمَ الْعَبْدُ : Nə gözəl bir qul…”[3] iltifatını işlətdi.

Deməli, əğniyayi-şakirin və füqərayi-sabirin, yəni şükür edən zənginlərlə halına səbir edib riza göstərən kasıblar Allahın riza və məhəbbətinə nailiyyət baxımından eyni fəzilət zirvəsindədirlər.

Buna görə də həyatın eniş-yoxuşlarında, başa gələn acı-şirin hadisələrdə daima Allaha həmd və şükür etmək möminin dəyişməz vəsfi olmalıdır.

Mövlana həzrətləri buyurur:

“Allahın səxavət təcəllisinin təzahürü kasıblardır. O kasıblar ki, kərəm sahiblərinə müraciət edərlər. Dərdlərini onlara açarlar. Beləcə, himayədar zənginlər üçün səadət yollarını hazırlayarlar”.

“Yoxsul adam səxavət və yaxşılığa möhtac olduğu kimi, comərdlik və yaxşılıq da yoxsul adama möhtacdır. Gözəllər gözəlliklərini seyr etmək üçün hissiz-passız, parlaq güzgü axtardıqları kimi, comərdlik də yoxsulları və zəifləri axtarır”.

“Yoxsul adam səxavətlilərin güzgüsüdür. Əsla güzgüyə qarşı könül qırıcı sözlər söyləyərək onu buğlandırma”.

Allahın ehsan etdiyi nemətləri Onun rizası yolunda infaq etmək Rəbbimizə olan şükran duyğularımızı ifadə etməyin ən gözəl yoludur. Zənginliyin əsil səadət və səltənəti də nəfsi xəsislik və israfdan qurtararaq malı Allah yolunda infaq edə bilmək, ehtiyac sahiblərini ikram və ehsanlarla sevindirə bilməkdir. Mömin möhtacların üzünü güldürməyin sevinci ilə yaşayan, fədakar, qayğıkeş və səxavətli insandır. Qəlb hüzuru yalnız Allahın möhtac bəndələrini sevindirməklə əldə edilə bilər.

Bu da bir həqiqətdir ki, yoxsullar dünyada zənginə möhtacdır, axirətdə isə zənginlər yoxsulun duasına möhtacdır. Məhz bu cəhəti ilə yoxsullar varlılar üçün ələdüşməz nemətdirlər. Çünki imkan sahibləri həmin yoxsullar səbəbi ilə Allah-Təalanın rizasını qazanma imkanı əldə edərlər.

Necə ki, böyüklərimiz kiməsə pul yardımı edəcəkləri zaman bu şüur və həssaslıq içində verəcəkləri məbləği gözəlcə zərfə qoyar, üstünə də “Qəbul etdiyiniz üçün təşəkkür edirik” yazaraq verdikləri adamın könlünü alardılar.

Çünki hər şeydə olduğu kimi, infaqda da bir ədəb var. Ədəbinə riayətlə edilən infaqlar insanı fəzilətdə zirvəyə yüksəldərkən, bunun əksinə, başa qaxmaq və ya lovğalanmaq kimi çirkin davranışlar o müstəsna fəzilətin məhvinə səbəb olar.

Ayeyi-kərimələrdə belə buyurulur:

“Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır…” (əl-Bəqərə, 263)

“Elə isə yetimə zülm etmə! Dilənçini də (qapıdan) qovma!” (əd-Duha, 9-10)

Rəsulullah r əlinə dünyalıq bir mal keçdiyi zaman onu möhtaclara infaq etmədən rahatlıq tapmazdı. Yoxsullara infaq edəcək heç nəyi qalmayanda isə utandığından üzünü başqa tərəfə çevirərdi. Onun bu davranışına görə aşağıdakı ayə nazil oldu:

“Əgər Rəbbindən dilədiyin bir mərhəməti (ruzini) gözləmək məqsədilə onlardan üz çevirməli olsan, heç olmasa, onlara xoş bir söz de!”. (əl-İsra, 28)

Deməli, İslam əxlaqında möhtacı geri çevirmək yoxdur. Əgər möminin nə isə verməyə imkanı yoxdursa, heç olmasa, könül alıcı bir söz söyləyərək onu təsəlli etməlidir.

Çünki qəlb nəzərgahi-ilahidir. Allah-Təala qəlbiqırıqların yanındadır. Elə isə möhtac və məzlumlara qarşı həddən artıq diqqətli və nəzakətli olmaq lazımdır. Həmçinin unutmamaq lazımdır ki, incidici ifadələrin hüznlü könüllərdə açacağı yaranı heç bir məlhəm sağalda bilməz. Şüşə bir dəfə qırıldıqdan sonra nə qədər yapışdırılsa da, əsla əvvəlki kimi olmaz, ömür boyu izi qalar…

Mövlana həzrətləri buyurur:

“Oğul! Hər kəsin ölümü öz rəngindədir. Ölüm Allaha vüslət olduğunu düşünmədən ondan nifrət edənlərə və düşmən kəsilənlərə qorxulu düşmən kimi görünər. Ölümə dost olanların qarşısına da dost kimi çıxar.

Ey ölümdən qorxub qaçan can, işin əslini, sözün doğrusunu bilmək istəyirsənsə, əslində sən ölümdən qorxmursan, sən öz günah və qəflətindən qorxursan.

Çünki ölüm aynasında görüb qorxduğun ölümün çöhrəsi deyil, sənin çirkin üzündür. Sənin ruhun ağaca bənzəyir, ölümsə o ağacın yarpağıdır. Hər yarpaq ağacın cinsinə görə formalaşır”.

Ayeyi-kərimədə buyurulur:

“Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər”. (Yunus, 62-63)

Allaha iman gətirib təqva üzrə qulluq həyatı yaşayan möminlərə qəbirdə və qiyamətdə qorxu və hüzn olmayacağı kimi, fani dünya ilə vidalaşma anı olan son nəfəsdə də eyni hal təzahür edəcəkdir. Çünki əbədi aləmə açılan ölüm qapısından hər kəs mənəvi halına görə keçəcək. Kimisi çox asan, kimisi də məşəqqətlə…

Bir hədisi-şərifdə belə buyurulur:

“Müsəlman axirətə yaxınlaşıb dünyadan ayrılıq vaxtı çatanda ölüm mələyi gəlib başucunda oturar. Səmadan da üzü günəş kimi parıldayan mələklər enər. Özləri ilə cənnət kəfənləri və ətirləri də gətirərlər. Həmin adamın qarşısında, baxdığı yerdə oturarlar. Ölüm mələyi belə deyər:

“Ey hüzur tapan nəfs, Rəbbinin məğfirətinə və rizasına qovuşmaq üçün çıx!”

O da eynilə su damlasının qabdan axması kimi asanlıqla çıxar…

Günahkar adama gəldikdə, o da axirətə yaxınlaşıb dünyadan ayrılıq vaxtı çatanda ölüm mələyi gəlib başucunda oturar. Səmadan üzü qapqara, əllərində qıldan tikilmiş cod paltarlar olan mələklər enər. Onun qarşısında, gözünün baxdığı yerdə oturarlar. Ölüm mələyi:

“Ey pis ruh, Allahın hiddət və qəzəbinə uğramaq üçün çıx!” - deyər.

Haçalı şişin islaq yunun içərisindən çətinliklə çıxdığı kimi, ruh da cəsəddən o cür çıxar. Onunla birlikdə vücuddakı bütün damarlar və sinirlər də (sanki) qopar (o qədər iztirab çəkər)…” (Bax. Hakim, Müstədrək, I, 93-95/107. Qarşılaşdır. Əhməd, IV, 287, 295; Heysəmi, III, 50-51)

Yəni ölüm hər kəsin qarşısına yaşadığı həyatın mənəvi keyfiyyətinə uyğun surətdə çıxar.

Ölüm səfəri Allahın müstəsna ikramı olan ömür nemətini nəfsinin əsiri, şeytanın oyuncağı olaraq hədər edən kafir və fasiqlərə kabuslarla dolu əzab səfəri olacaq. Qəbir onu qaranlıq zindan və cəhənnəm çuxurlarından bir çuxur halında qarşılayacaq.

Allahın əmr və nəhylərinə riayət edib nəfsani arzularını aşan möminlərə isə son nəfəsdə bir bayram səadəti və məsud bir vüsal həyəcanı nəsib olacaq. Qəbir onu cənnət bağçalarından bir bağça olaraq qarşılayacaq.

Belə saleh insanlar üçün ölüm xəyal edilməyəcək gözəllik və idrakın fövqündəki mükəmməllik sahibi olan Rəbbimizə qovuşmanın məcburi şərti olaraq görünər. Beləcə, bir çox insanda soyuq ürpərtilərə səbəb olan ölüm qəlblərdə “Ən Ali Dost”a qovuşma həyəcanına çevrilər.

Necə ki, bir dəfə Rəsuli-Əkrəm r:

“Kim Allaha qovuşmağı sevərsə, Allah da ona qovuşmağı sevər. Kim də Allaha qovuşmaqdan xoşlanmazsa, Allah da ona qovuşmağı istəməz”, - buyurmuşdur.

Peyğəmbərimizin zövcələrindən biri:

“Ya Rəsulallah! (Ölümdən xoşlanmamaq halı da buna daxildirmi?) Hamımız ölümü mütləq surətdə pis görür, ondan xoşumuz gəlmir”, - dedi.

Peyğəmbərimiz r belə buyurdu:

“Xeyr, onu qəsd etmirəm. Lakin ölüm gəldiyi vaxt möminə Allahın rizası, comərdliyi və sonsuz ikramları ilə müjdə verilər. Artıq onun üçün qarşılaşacağı şeylərə qovuşmaqdan daha sevimli heç nə olmaz. Bu səbəblə Allaha qovuşmağa can atar. Allah-Təala da ona qovuşmağı sevər.

Kafirə ölüm gəldikdə isə Allahın əzabı və cəzası ilə müjdələnər. Artıq onun üçün önündəki şeylərlə qarşılaşmaqdan daha çirkin heç nə yoxdur. Bu səbəblə Allaha qovuşmaqdan xoşu gəlməz. Allah-Təala da ona qovuşmağı istəməz”. (Buxari, Riqaq, 41; Müslim, Zikr, 14)

Deməli, iman edib saleh əməllər işləmək surəti ilə bu dünyada ilahi məhəbbətə məzhər olan qullar son nəfəslərində Allahın rizası ilə müjdələnib Ona qovuşmağa can atacaqlar, ölüm keçidindən də hüzur və səadətlə keçəcəklər.

Əməvi xəlifələrindən Süleyman bin Abdulməlik bir gün zöhd və təqva sahibi alim Əbu Hazimdən soruşur:

“Allah-Təalaya gediş necə olacaq?”

Əbu Hazim həzrətləri bu cavabı verir:

“İtaətkar bəndənin Allaha getməsi evindən, ailəsindən ayrı qalan bir adamın səbirsizliklə onu gözləyən ailəsinə qovuşması kimidir. Amma asi birinin Allaha gedişi sahibindən qaçan kölənin yaxalanıb təkrar ona aparılması kimidir”.

Yəni bu dünyada son nəfəsini imanla verə bilmək təlaşı ilə yaşayan, əsas həyat olan axirətə hazırlığını tamamlama cəhdində olan bir bəndə üçün o biri düyaya gediş sanki qürbətdən vətənə dönüş sevincidir. Lakin bunun əksinə, bu dünyaya göndərilmə qayəsindən xəbərsiz kimi nəfsani arzuların ardınca düşüb, gününü gün edən, kimin mülkündə yaşadığını, haradan gəlib hara gedəcəyini düşünmədən ömrünü tükədən qafillər üçün ölüm qəfil gələn fəlakət kimi təzahür edəcək.

Vəhb bin Münəbbih həzrətləri bu həqiqətə belə bir misal verir:

Bir hökmdar getmək istədiyi yerə hazırlaşarkən əyninə geyinmək üçün saysız-hesabsız paltarların arasından ən gözəlini, minmək üçün də bir çox atı arasından ən qəşəngini seçdi. Adamları ilə birlikdə ehtişam və qürurla yola çıxdı. Yolda üst-başı bərbad bir adam atının yüyənindən yapışdı. Hökmdar hiddətlə:

- Sən kimsən, yolumu kəsmə, çəkil önümdən, - deyə qışqırdı.

O isə sakitcə:

- Sənə sözüm var, sənin üçün həyati məsələdir, - dedi.

Hökmdar maraq qarışıq hikkə ilə:

- De görək! - dedikdə adam:

- Sirdir, əyil, qulağına söyləyəcəyəm, - dedi.

Hökmdar əyildi, o isə:

- Mən Əzrayılam, canını almağa gəlmişəm, - dedi.

Hökmdar bir anda nəyə uğradığını bilmədi, təlaşa qapılıb aman diləməyə başladı:

- Nə olar, bir az möhlət ver! – dedi.

Əzrayıl u isə:

- Xeyr, sənə heç bir möhlət yoxdur. Ailəni də görməyəcəksən, - dedi və oradaca canını aldı.

Sonra yoluna davam edən Əzrayıl u saleh və mömin bir bəndə ilə qarşılaşdı. Ona salam verdikdən sonra:

- Səninlə işim var, amma bunu gizli söyləyəcəyəm, - dedi və qulağına əyilib Əzrayıl olduğunu bildirdi. Mömin buna sevinərək:

- Xoş gəldin, neçə vaxtdır səni gözləyirəm, - dedi.

Əzrayıl u:

- Elə isə gördüyün işi tamamla, - dedi. O isə:

- Mənim ən mühüm işim Allah-Təalaya qovuşmaqdır, - dedi. Bunun üzərinə ölüm mələyi:

- Hansı hal üzrə istəyirsənsə, canını o hal üzrə alım, - dedi. Adam:

- Buna imkan varmı? – deyə soruşdu. Mələk:

- Bəli, sənin üçün bununla əmr olundum, - dedi. O da:

- Elə isə dəstəmazımı təzələyim, namaza başlayım, alnım səcdədə ikən canımı al, - dedi və elə də oldu.[4]

Son nəfəsə hazırlıq görüb onu gözəlləşdirə bilən Həzrət Mövlana və onun kimi Haqq aşiqləri də ölümü ayrılıq və hicran deyil, “şəbi-arus” və vüslət sevinci kimi görmüşlər.

Rəbbimiz hər birimizi ölüm, qəbir və axirətə lazımi şəkildə hazırlanıb kamil iman, səlim qəlb və üz ağı ilə hüzuruna çıxan bəxtiyar bəndələrindən etsin.

Amin!..


[1] Bax. Təbəri, Camiul-Bəyan, XIV, 370-372.

[2] əs-Sad, 30.

[3] əs-Sad, 44.

[4] Qəzali, Əhya, c. 4, s. 834-835, Bedir Yay. İst. 1975.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz