BAYRAQ BİZƏ NƏ DEYİR?
Bayraq mənsubiyyətdir. Bəşəri bir ehtiyac olan mənsubiyyət isə tarixən millətlərin və xalqların formalaşmasını şərtləndirib.
Qədimdə insanlar öz tayfalarına onların mənsubiyyətini bildirən bayraq seçirdilər. Hazırda leqal, dünya birliyi tərəfindən tanınan hər dövlətin bayrağı var. Bu bayraqlar o dövlətdə yaşayanların kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, tarixinin, bir sözlə ideologiyasının rəmzidir. Bayraq özündə keçmişini və bu gününü əks etdirən, eləcə də gələcəkdə atılacaq addımları müəyyənləşdirən bir atributdur. Bayrağı sevməyin yolu onun mənəvi-ideoloji mənasını dərk etməkdən keçir. Məhz bu məna sövq edir ki, vətən uğrunda canından keçmiş şəhidlərimizin nəşini bayrağa bələyib son mənzilə yola salaq, müqəddəs varlıq kimi ona əl basıb and içək; yaxud onu müqəddəs hesab edək, sevincimizi də, kədərimizi də, dövlətçiliyimizi də onunla ifadə edək.
Bayrağımızın müqəddəsliyi, ucalığı, mənəvi mahiyyəti və s. onun rəngləri və üzərindəki simvollarla kodlanmış mənalarla sıx bağlıdır. Bu baxımdan üçrəngli, ay-ulduzlu bayrağımız ayrı-ayrı rənglərin təsadüfi bir toplusu deyil, məhz bizim milli varlıq fəlsəfəmizdir. Bu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi yaransa da, onun üzərindəki rənglər və simvolların tarixi qədimdir. Rənglərinin ifadə etdiyi türk mənşəli olmaq, müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyi və İslam sivilizasiyasına mənsubluq əslində tariximizin xülasəsidir, bu günümüz və gələcəyimizi əhatə edir. Bayrağımızın ideya müəllifi Əli bəy Hüseynzadənin türk xalqlarının ortaq məfkurəsinə çevrilən “türkləşmək, islamlaşmaq və müasirləşmək” fikrinə sadiqlik nümayiş etdirən M.Ə.Rəsulzadə parlamentin ilk iclasındakı çıxışında üçrəngli bayrağın siyasi-ideoloji mənasını belə izah etmişdi: “Müstəqil Azərbaycanı təmsil edən üçboyalı bayrağı Milli Şura qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-əhraranəsini (azadlıqsevərliyi) təmsil edən bu üçboyalı baryaq daima başımızın üstündə ehtizaz edəcəkdir (dalğalanacaqdır). Bir kərə yüksələn bayraq, bir daha enməyəcəkdir!”
Azərbaycan bayrağı üzərində həkk olunan aypara və səkkizguşəli ulduz Şərq xalqlarının, xüsusilə Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşünü, inanc sistemini əks etdirir. Çünki aypara və ulduzun Türk xalqlarının dini-fəlsəfi dünyagörüşündə mühüm yeri vardır. Bunun əyani şahidi olmaq üçün arxeoloji qazıntılar nəticəsində tapılmış qədim türk dövlətlərinə məxsus pul və nişan sikkələrinə baxmaq kifayətdir.
Əslində tarixi baxımdan Ay və Günəşi simvolizə edən aypara və ulduzun istifadəsi antik dövrlərə gedib çıxır. Elə bu səbəbdən tarixi bir neçə yüz minilliyə gedib çıxan Qobustan qayaüstü rəsmlərində də vəhşi heyvanların şəkilləri ilə yanaşı, bir neçə yerdə Günəş şəkilləri də var. Qədim türklərdə Günəş səkkizguşə şəklində təsvir olunur və ona ehtiram göstərilirdi. İslamaqədərki dövrdə Ay kultuna da üstünlük verən türklər aya ilahi qüvvə kimi baxırdılar.
Səkkizguşəli ulduzun ayparanın yanında verilməsini isə “Azərbaycan” sözünün əski əlifbada səkkiz hərflə yazılması, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularının dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 əsas şərtə əsaslandırması: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilik ilə izah edənlər də vardır. Eləcə də bu ulduzu səkkiz türk xalqının mövcudluğu ilə, Azərbaycanda səkkiz etnik qrupun yaşaması ilə əlaqələndirənlər də vardır. Bu elmi-məntiqi baxımdan zəif bir versiyadır. Çünki Azərbaycanda səkkiz deyil, daha çox etnik qrup var, o cümlədən türk xalqları səkkizdən çox olmuşdur.
Nəticədə deyə bilərik ki, aypara və ulduz milli-mənəvi baxımdan Azərbaycan xalqının qədim maraqlarının ifadəsi və rəmzidir. Tarixən hilal və ulduz birlikdə atributlarımızda yer almış və mental həqiqətlərinin bir hissəsini ifadə etmişdir. O mental həqiqətləri ki, ümumtürk tarixinin bir parçası olmağı və İslam dünyasına mənsubluğu özündə cəmləşdirmişdir.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı bayraq haqqında qərarda deyilirdi: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin". Məhz bu tarixi yaddaşın yaşadılması və dövlətimizin suverenleyinin rəmzi olan bayrağımıza yüksək ehtiramın ifadəsi kimi 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Artıq hər il noyabrın 9-u ölkəmizdə “Dövlət Bayrağı Günü” qeyd olunur. Bayrağa sevginin təzahürü kimi ölkə başçısının birbaşa tapşırığı ilə salınmış Dövlət Bayrağı Meydanı memorial abidə-istirahət parkının 2010-cu ilin sentyabrın 1-də təntənəli açılışı olmuşdur.
Bütün bunlar milli bayraq məfkurəsini daha yaxından mənimsəməyə və ona sahib çıxmağa, bugünkü və gələcək nəsillərimizə milli ruhlu ideyaların aşılanmasına və onlarda bayraq sevgisinin yaradılmasına xidmət edir.
ŞƏRHLƏR