Xəstəlik də, Şəfa da Ondandır
İnsan təbiətində əsas olan səhhət və sağlamlıqdır.
Xəstəlik isə ya sonradan qazanılan bir hal, ya qədərin cilvəsi və ya müvəqqəti bir çətinlikdir. Təəssüf ki, bir çox insan içində olduğu səhhətin qiymətini bilməməkdə, özünü sağlam edən Uca Allaha haqqı ilə şükür etməməkdə, arada-sırada xəstələndikdə isə dərhal sızlanmağa, şikayət etməyə başlamaqdadır.
Bizə nümunə olaraq təqdim edilən peyğəmbərlərdən olan Əyyub (ə.s) amansız xəstəliyə tutulub uzun illər xəstə yatağında yatmasına baxmayaraq əsla şikayət etməmiş, sızlanmamış və daima səbir etmiş, xəstəliyinin ən şiddətli anlarında belə, dilindən şükrü düşürməyərək belə demişdi: “Uca Allahın mənə lütf etdiyi səksən illik bolluq və sağlamlığa qarşılıq, yeddi illik səbir çoxdurmu?!” (Razi, Təfsir, XXII, 206, Ənbiya 83-84)
Xəstəlik, ümumiyyətlə, xəstə olan insanın, yaxud ətrafındakı insanların bir sıra laqeydlik və səhvləri ucbatından meydana gəlir. Burada hər kəs xəstəliyə səbəb olma səviyyəsinə görə məsuliyyət daşıyır. Ətraf mühiti çirkləndirən, qəza və bəlalara səbəb olan, yaxud yoluxucu xəstəlikləri uşaqlarına miras buraxanlar laqeydlik və tədbirsizliklərinə görə məsuldurlar.
Nadir olaraq da olsa, hər hansı bir laqeydlik və qüsuru olmadan, imtahanın bir parçası olaraq insan xəstələnə bilər. Bu vəziyyətdə xəstəlik, onun günahlardan arınmasına, bişib imanda kamilliyə yetməsinə, başqa savablar qazanmasına və ya Allah qatındakı dərəcəsinin artmasına vəsilə ola bilər.
Hər hansı bir səbəblə xəstə olan insan xəstəliyindən xilas olmaq üçün müalicəvi əhəmiyyətli nə lazımdırsa onu etməli, mütləq şəfasını axtarmalıdır. Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Müalicə olunun, çünki Allah hər xəstəliyin şəfasını da yaratmışdır. Ancaq haram olan şeylərlə müalicə olmayın”. (Buxari, Tibb 1; Müslim, Səlam 69)
Hansı xəstəlik növü olursa olsun, ona şəfa verəcək olan Uca Allahdır. Allahın bir adı da “şəfa verən” mənasına gələn “əş-Şafi”dir. O, işlərin iç üzünü ən yaxşı şəkildə bilən və xəstəliklərə şəfa verəndir. Bütün maddi və mənəvi xəstəliklərin şəfası Ondadır. Uca Allah həm ruhların, həm də bədənlərin təbibidir. O, Təbibul-Qulubdur; eyni zamanda qəlblərin də təbibidir.
Bu həqiqət Hz. İbrahimin (ə.s) dilindən belə ifadə edilmişdir: “Xəstələndiyim zaman mənə şəfa verən Odur”. (əş-Şüəra, 80) Bu halda, xəstəlikdən xilas olmaq üçün lazım olan vasitələrə əl atdıqdan sonra şəfanı Allahdan istəməyi, Ona dua etməyi də ehmal etməməliyik.
Müalicə məsələsində xəta edən insanlar iki qrupa ayrılır. Bəzi insanlar müalicə olunmağı əsla qəbul etməz, Allah istərsə xəstəliyimizə özü şəfa verər deyə düşünərlər. Belələri səbəbləri və vasitələri Allahın şəfa verməsi üçün vəsilə olaraq görməzlər. Halbuki yuxarıda qeyd etdiyimiz hədis bizi müalicə olunmağa təşviq etməkdədir. İkinci qrup isə müalicə olunmaqda orta həddi qorumur, bu məsələdə icazə verilən-verilməyən nə varsa bütün yollara baş vurmaqdadır. Halbuki müalicəmizi yalnız halal yollara baş vuraraq axtarmalıyıq.
Mömin olaraq ilk baş vuracağımız şəfa qaynağı dua etmək, Quran oxumaq olmalı, daha sonra isə dava-dərmana müraciət etmək olmalıdır. Onu da qeyd edək ki, Allah Rəsulundan (s.ə.s) bizə qədər gələn, xəstəlik və müalicə olunmaqla əlaqədar hədislər hədis məcmuələrinin “Kitabut-Tibb” hissəsində toplanmış və bu mənada “Tibbun-Nəbəvi” (Nəbəvi Tibb) adı altında müstəqil kitablar yazılmışdır. Məsələn, Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurmuşdur: “(Sağlam olmanız üçün) Bu iki şeyə əhəmiyyət verin: Quran və bal”.( İbni Macə, Tibb, 7)
Haram yollarda şəfa olmadığı hədislərdə bildirilir. Haram yollar deyiləndə həm istifadəsi haram olan - spirt, şərab, yeyilməsi haram olan heyvanların əti və ya südü kimi vasitələr, həm də insanların Allahdan və ya halal yollardan deyil, şirkə, xürafata qapı açacaq yollardan imdad və şəfa umması mənalarına gəlir. Çox təəssüf ki, bu hal bu gün də bəzi insanların baş vurduğu yollardandır. Hər hansı bir ziyarətgahdan, pirlərdən, seyidlərdən, dünyasını dəyişmiş saleh insanların qəbirlərindən Allahı kənara qoyaraq birbaşa şəfa və imdad diləmək tövhid inancına heç bir şəklidə uyğun düşməməkdədir.
İslamdan əvvəl ərəblər ovsun (ruqyə) və bəzi kəlmələri oxuyub üfürməklə müalicə olunurdular. Allah Rəsulu (s.ə.s) bunları öyrənmiş, müəyyən şərtlərlə caiz görmüş və insanları bu şəkildə şirk-tilsim qarışığından uzaq tutmağa çalışmışdır: “Mənə (yazılı) ruqyələrinizi göstərin, şirk olub-olmadığına baxım. İçində şirk olmadıqdan sonra ruqyə etməkdə bir qorxu yoxdur”. (Müslim, Səlam 22)
Şəfanı yalnız Uca Allahdan görməli, dua edib, Quran oxumaqla yanaşı, peşəkar həkimlərə və halal dava-dərmana müraciət etməklə müalicə olunmalıyıq.
Uca Allah bütün xəstələrimizə şəfa versin və bizi çəkə bilməyəcəyimiz, çətin və dözülməz xəstəliklə imtahana çəkməsin. Amin!
ŞƏRHLƏR