Silahlar

Silahlar

XIII əsrdə hərbi imkanlar zənn etdiyimiz kimi məhdud deyildi. Əl qumbarası, top, raket və torpeda kimi  silahlar o dövrün də müzakirə mövzusu idi.

 Müsəlman alimlər hər sahədə olduğu kimi, hərb sahəsində də öz dövrünün ən böyük islahatlarını aparmışdılar. 1295-ci illərdə Həsən Rəmmah adlı alimin yazdığı “Süvarilik və hərbi mühəndislik alətləri” əlyazmasında qəribə silah növləri və bəhsi keçən silahların  təsvirləri öz əksini tapmışdır. Kitabda bəhsi keçən və ilk raket silahı olma xüsusiyyətlərini daşıyan bu icad hal-hazırda Amerika Birləşmiş Ştatlarının Vaşinqton əyalətindəki Milli Avia-kosmik muzeyində nümayiş olunur.

Bildiyimiz kimi qədim dövrlərdə Çinlilər barıtdan partlayıcı sursat kimi istifadə edə bilmirdilər.  Fişəng üçün emal olunan barıtı silahlarda istifadə etmək üçün içərisinə qatılan digər maddələri (kalium nitrat) düzgün hesablamaq və meyarını düz tutmaq lazım idi.

1412-ci ildə Huo Lunq Chinq partlayıcı meyarını təfsilatlı şəkildə çin dilində yazılmış risaləsində izah edir. Barıt hazırlama prosesində ən vacib elementlərdən biri olan nitratı durultmağını  ilk dəfə açıqlayan İslam alimi Rəmmah isə ondan iki yüz il əvvəl “Kitab-əl Fürusiyyə vəl-Mənasibul-Hərbiyyə” əsərində bu haqda geniş məlumat verir.

BBC kanalının “İslam dünyasının bizim üçün etdikləri” proqramında bu haqda çox geniş məlumat verilib. Belə ki, bu proqramın aparıcısı Amani Zaim belə deyir: “Araşdırmalardan belə çıxır ki, müsəlman kimyagərlər qüvvətli bir formul aşkar edib barıtı silahda istifadə ediblər. Baybarsın komandanlığında İslam ordusundakı müsəlmanlar işğalçı Xaçlılarla etdikləri müharibədə (m.1249)  barıtlı silahlardan istifadə edərək üstünlük əldə etmişlər.  Misirdə Mənsurə savaşında müsəlmanların əlindəki yanğın çıxaran silahlar o qədər dəhşət verici və dağıdıcı idi ki, Fransız Xaçlı ordusu darmadağın oldu və Kral IX Lüdovik əsir alındı”.

Demək olar ki, Həsən Rəmmahın ərsəyə gətirdiyi kitab olmasaydı, top silahını inkişaf etdirmək olmazdı.

İngiltərədə, Fort Nelson muzeyində 18 ton ağırlığında möhtəşəm bir top nümayiş etdirilir. Bu top 1464-cü ildə II Sultan Mehmed tərəfindən emal etdirilmişdir.  Fateh də İstanbulu mühasirəyə alanda bir mil uzağa güllə ata bilən top hazırlamağı tapşırmışdı. Belə silahlar o dövrdə görülməmiş nəhəng hərbi sursatlar idi. Həmin bu topun ağzında ərəbcə belə yazılır: “Mədəd ya Allah (c.c), Murad oğlu Sultan Mehmed Xan. Top Kəminə Əli tərəfindən Rəcəb ayında hazırlanmışdır. Hicri 868 (1464)”. İngilislər köhnə Osmanlı topu almaq üçün 60 il çalışmış, nəhayət, kraliça Viktoriya Avropa səyahəti zamanı Sultan Əbdüləzizdən şəxsən bu topu istəmişdir. Sultan da bir il sonra topu hədiyyə olaraq İngiltərəyə göndərmişdi. 1868-ci ildə Çanaqqaladan Londona aparılmış, muzeyə yerləşdirilmişdir. Bu qədər aramsız tələblərin səbəbi bu topa “Avropanın ən mühüm topu ” deyilməsi idi.

İslam tarixində silah sənayesi sahəsinə bir çox alim öz töhfəsini vermişdir. Həsən Rəmmahla yanaşı İbn Aranbuğa əz-Zərdaşın “Kitab əl-Əsliha” adlı əsəri də öz növbəsində müsəlmanlara böyük yeniliklər gətirmişdir.  

Müsəlmanlar hər zaman  ağlı, gücü və cəsarəti ilə istər döyüşdə, istərsə də sülh zamanında düşməni heyrətə gətirmişdir. Düşmənin təsəvvür belə edə bilmədiyi silahların icadı  müsəlmanları  hər zaman  savaş meydanında  fərqli qılan amillərdən biri olmuşdur.

İlk torpeda sayılan və “öz-özünə hərəkət edən yanan yumurta” mənasına gələn bir adla ifadə edilən silah partlayıcının köməyi ilə suyun üzündə hərəkət edərək düşmənə istiqamətlənirdi. Bu silahın qəribə sxemləri də Həsən Rəmmahın kitabında yer almaqda idi.

Hər zaman sülhdən yana olan müsəlmanların tarixində heç bir xalqa, irqə qarşı kütləvi bir zülm  olmamışdır. Fateh Mehmedin  İstanbulu mühasirəsi zamanı topun içərisinə güllə əvəzinə metal parçalar doldurub atardılar. Qalanın içərisində olan Konstantinopolun bir qrup əhalisi düşməni olan Fatehə bir məktub yazırlar. Məktubda deyilirdi ki, “Sənin atdığın toplardakı dəmir parçaları bizim evlərimizə və dinc əhaliyə zərər vurur, bunun qarşısı alınsın”. Fateh bu məktubu aldıqdan sonra top gülləsinin tək parça halında tökülməsini əmr edir. Çünki əsas məqsəd qala divarlarının dağıdılması idi.

Günümüz dünyasında baş verən müharibələrdə nə qədər məsum insanların bomba təsirindən həyatını itirməsinə şahid oluruq. Müsəlmanların döyüş tarixində isə sırf dinc əhali zərər görməsin deyə silahlara yeni dizayn verilmişdi. Məkkə fəthində Allah Rəsulunun ağaclara, heyvanlara, yaşlılara, uşaqlara, qadınlara və silahsız insanlara toxunulmaması haqqında verdiyi əmr bütün bəşəriyyətin meyar götürəcəyi ilahi düsturdur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz