BİR HƏDİS

BİR HƏDİS

عَنْ أَبِي ذَرٍّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: تَبَسُّمُكَ فِي وَجْهِ أَخِيكَ لَكَ صَدَقَةٌ، وَأَمْرُكَ بِالمَعْرُوفِ وَنَهْيُكَ عَنِ المُنْكَرِ صَدَقَةٌ، وَإِرْشَادُكَ الرَّجُلَ فِي أَرْضِ الضَّلَالِ لَكَ صَدَقَةٌ، وَبَصَرُكَ لِلرَّجُلِ الرَّدِيءِ البَصَرِ لَكَ صَدَقَةٌ، وَإِمَاطَتُكَ الحَجَرَ وَالشَّوْكَةَ وَالعَظْمَ عَنِ الطَّرِيقِ لَكَ صَدَقَةٌ، وَإِفْرَاغُكَ مِنْ دَلْوِكَ فِي دَلْوِ أَخِيكَ لَكَ صَدَقَةٌ

Əbu Zərdən (r.ə) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “(Müsəlman) qardaşının üzünə gülümsəməyin sədəqədir, yaxşılığı əmr edib, pisliklərdən çəkindirməyin sədəqədir, yolunu azmış birinə yol göstərməyin sədəqədir, gözləri görməyən birinə (kora) köməklik göstərmək sədəqədir, yoldan daşı, tikanı və sümüyü götürməyin sənin üçün sədəqədir, öz su qabından qardaşının su qabına boşaltmağın sədəqədir”. (Tirmizi, Birr, 36)

Allah rizası üçün və savabdan başqa bir əvəz gözləməyərək edilən bütün xeyirxahlıqların dinimizdə ortaq adı “sədəqə”dir. Sədəqə dedikdə ilk olaraq ağıla kasıblara verilən kiçik maddi yardımlar gəlir. Bunlar xeyrin çox yayılmış, ancaq kiçik bir hissəsidir. Əslində isə Allah rizası üçün görülən hər bir iş sədəqədir. Gülər üz, şirin söz, gözəl düşüncə və xeyirxah niyyət də sədəqədir. Rəsulullah (s.ə.s)  bir hədisi-şərifində: “Din qardaşını gülər üzlə qarşılamaq kimi bir yaxşılığı belə kiçik görmə”- buyurur. (Tirmizi, Ətimə 30) Bu hədisi-şərifdə Rəsulullah (s.ə.s) heç bir “mərufun” yəni Allaha itaət və insanlara xeyir və ehsan olaraq bilinən heç bir şeyin kiçik görülməməsini tövsiyə etmişdir. Çünki yaxşılığı kiçik görmək xeyirxahlığı dərk etməməkdən irəli gəlir. Allah-Təala belə buyurur: “Kim dünyada zərrə qədər yaxşı iş görmüşdürsə, onun əvəzini görəcəkdir”. (əz-Zilzal 99/7) Bu ayədən də görüldüyü kimi, edilən hər bir xeyri Allah bildiyi üçün onun ən kiçik yox olma ehtimalı belə yoxdur. Digər tərəfdən xeyrin faydasının onu işləyənə aid olduğu da bir həqiqətdir. Bu səbəblə də özünə xeyirxahlıq etmək istəyən kimsə böyük-kiçik demədən əlindən gələn yaxşılığı etməlidir. Xeyrin ilk faydasını başqaları görsə də, son faydası və mənəvi qazancı onu işləyənə aiddir.

Yuxarıda qeyd olunan hədisi-şərifdə Rəsulullah (s.ə.s) sədəqənin hər bir insanın gücünün çata biləcəyi bir mahiyyətdə olduğunu bildirmişdir. “Bütün yaxşılıqlar sədəqədir” (Buxari, Ədəb, 33) buyuran Allah Rəsulu (s.ə.s) sədəqəyə hər bir müsəlmanın edə biləcəyi bütün gözəl davranışları əhatə edən bir məna yükləmişdir. Güc-qüvvəti yerində olan gücü ilə, mal-dövləti olan malı ilə, elmi olan elmi ilə sədəqə verər. Çünki sədəqə vermək insanların imkan və fiziki vəziyyətləri ilə yaxından əlaqəlidir. Sədəqə imanda sədaqət və səmimiyyətin bir dəlilidir. Buna görə də Rəsulullah (s.ə.s) “Sədəqə bir dəlildir” (Müslim, Təharə, 1) hədisində sədəqənin verən şəxsin imanına və sədaqətinə bir dəlil olduğunu buyurmuşdur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz