BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

فَذَكِّرْ اِنْ نَفَعَتِ الذِّكْرَى

“Əgər nəsihət etmək fayda verirsə, öyüd-nəsihət ver!” (əl-Əla, 87/9)

Peyğəmbərlərin insanlara göndərilməsindəki əsas məqsəd Allah-Təalanın əmrlərini insanlara çatdırmaları və onlara öyüd-nəsihət vermələridir. Yuxarıdakı ayədə də Uca Allah ilk növbədə Hz. Peyğəmbərə (s.ə.s) xitab edərək Allahın vəhy etdiklərini, əmr və qadağalarını insanlara çatdırmasını və onlara öyüd-nəsihət verməsini istəyir, eyni zamanda da bu nəsihətin onlara böyük fayda verəcəyini xəbər verir. Peyğəmbərimizin (s.ə.s) həyatına nəzər saldığımız zaman onun həyatının öyüd-nəsihət verməklə keçdiyini görə bilərik. Hədis kitablarında nəql edilən hədislərə baxdığımız zaman Peyğəmbərimizin (s.ə.s) səhabələrinə fərqli-fərqli məkanlarda etdiyi bir çox öyüd-nəsihətlərlə qarşılaşırıq. Hz. Peyğəmbər öyüd vermə yeri olaraq sadəcə məscid və ibadət məkanını seçməmişdir. O, evində də, məscidində də, bazarda da, müharibədə də möminlərə öyüd verməkdən və doğru yolu göstərməkdən geri durmamışdır.

Öyüd-nəsihət hər kəsə mütləq surətdə fayda verməsə də, müəyyən dərəcədə faydalıdır. Biz heç kimi nəsihətə əməl etməyə məcbur edə bilmərik. Çünki Uca Allah digər bir ayeyi-kərimədə: “Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?” (Yunus, 10/99) – deyə buyurmuşdur.

Nəticə olaraq insan təbiəti etibarilə istənilən halda öyüd-nəsihətə möhtacdır. Bu baxımdan deyə bilərik ki, insanların əksəriyyəti nəsihətdən təsirlənirlər. Bu da bizə nəsihətin qaçılmaz olduğunu göstərir. Ona görə də Hz. Peyğəmbərin varisləri olan alimlər başda olmaqla, möminlər öyüd-nəsihət verməyə əhəmiyyət verməlidirlər. Çünki qəlbində Allah qorxusu olanlar mütləq öyüddən faydalanacaqlar. Ancaq bununla birlikdə etdiyimiz nəsihətlərin öz həyatımızda qarşılığının olub-olmadığına da baxmalıyıq. Çünki öz həyatımızda etmədiyimiz bir şeyi başqasına tövsiyə etdiyimiz təqdirdə bunun bir o qədər təsiri olmaz. Bununla bağlı olaraq Uca Allah: “Ey iman gətirənlər! Etmədiyiniz bir şeyi nə üçün deyirsiniz?!” (əs-Saff, 61/2) – buyurmuşdur. Yəni bir nəsihətin bərəkətli olması üçün əvvəlcə onu özümüz etməliyik. Nəsihət edərkən diqqət edilməsi lazım olan digər bir xüsus da budur ki, qarşımızdakı insanın qəlbini incidəcək bir tərzdə və onun xətalarını üzünə vuracaq bir üslubla danışmayaq. Öyüd verməkdə məqsəd insanlara faydalı olmaqdırsa, onda ən gözəl bir üslubla nəsihət vermək lazımdır. Əks təqdirdə, niyyətimiz yaxşı olsa belə, başqalarının qəlbinin qırılmasına səbəb ola bilərik. Çünki bu zaman o insan bizə qəlbi ilə yox, nəfsi ilə qulaq asacaqdır. Nəfs isə öyüdü rədd etməyi əmr edər. Beləliklə, etdiyimiz nəsihət də faydasız qalar. Bir ərəb atalar sözündə belə deyilir: “Qəlbdən çıxan söz qəlbə, ağızdan çıxan söz isə qulağa gedər!”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz