QURANİ-KƏRİM
Qurani-Kərim son peyğəmbər Hz. Muhammədə (s.ə.s) Allah tərəfindən Cəbrayıl (ə.s) vasitəsi ilə nazil olmuş müqəddəs kitabların sonuncusudur.
Quranın adı məhz içindəki ayələrində bildirilmişdir: “Onlar hələ Quranı lazımi şəkildə düşünməyəcəklərmi?!” (ən-Nisa, 4/82)
Tövrat, Zəbur və İncil təhrif edildiyi halda Quranda hər hansı bir təhrif olmamışdır, Qiyamətə qədər də olmayacaq. Çünki Allah (c.c.) Quranın təhriflərdən qorunacağını vəd etmişdir. “Quranı biz endirdik , şübhəsiz ki, biz onu qoruyacağıq”. (əl-Hicr 15/9)
Quranın nazil olması (Lövhi-Məhfuzdan yer üzünə endirilməsi)
Peyğəmbərimiz 40 yaşında ikən, miladi tarixlə 610-cu il ramazan ayının 27-sində Cəbrayılın (ə.s.) “oxu” əmrini gətirməsi ilə Quranın nüzulu başlamış və Hz. Peyğəmbərin 63 yaşında tamamlanmışdır. O, ləfzi, mənası, üslubu və bütün yönləri ilə Allah kəlamıdır və əbədi bir möcüzədir.
Qurani-Kərim 114 surədən ibarətdir. Quranın ayələri barəsində isə alimlər fərqli görüşlər irəli sürmüşlər. Bəzi alimlər surə başlarındakı “bəsmələ”ləri və muqəttəa hərflərindən bəzilərini müstəqil ayə saymışlar. Bəziləri də səcavəndlə[1] ayrılmış olan ayələri iki ayrı ayə saydıqlarına görə ayələrin sayı müxtəlif olmuşdur. Bu, Quranın özündə bir əskiklik və ya artıqlıq deyil, var olanın müxtəlif şəkillərdə sayılmasıdır. İslam düşüncəsinə və təfsir alimlərinin ən məşhur görüşünə görə Quran ayələrinin sayı 6666-dır.
Quranın cəm olunması
Peyğəmbərimizə Quran ayələri və surələri gəldikcə o, bunları yanında olan səhabələrinə oxuyardı. Səhabələr həm eşitdiyi Quran ayələrini əzbərləyər, həm də bir yerə yazardılar. Bundan əlavə nazil olan ayələri yazmaqla məsul olan müsəlmanlar da vardı ki, bunlara “vəhy katibləri” deyilirdi. Qurani-Kərim Peyğəmbərimizin sağlığında çoxlu sayda müsəlman tərəfindən əzbərlənmiş və vəhy katibləri tərəfindən də yazılmışdı. Ancaq ayrı-ayrı olan səhifələr sonradan cəm olunmuşdu.
Peyğəmbərimizin vəfatından sonra ilk xəlifə Hz. Əbu Bəkr dövründə Yəmamə döyüşlərində 70 nəfər hafiz şəhid olmuşdu. Hz. Ömər Hz. Əbu Bəkrə müraciət edərək şəxsən Peyğəmbərin dilindən əzbərləyənlər ölüb-getmədən Quranın kitab halına gətirilməsini təklif etdi. Hz. Əbu Bəkr bir müddət düşünüb məsləhətləşdikdən sonra vəhy katiblərindən Zeyd ibn Sabitin rəhbərliyində bir komissiya quraraq fəaliyyətə başladı. Beləcə, ayə və surələr Hz. Peyğəmbərin vəhy katiblərinə bildirdiyi tərtib ilə cəm olunaraq kitab halına salındı.
Qurani-Kərimin bu nüsxəsi vəfatına qədər Hz. Əbu Bəkrin yanında saxlanmış, sonra ikinci xəlifə Hz. Ömərə, sonra da Hz. Ömərin qızı və Peyğəmbərimizin zövcəsi olan Hz. Hafsaya keçmişdir. Diqqətlə qorunan bu nüsxə müqəddəs bir əmanət olaraq Hz. Osmana gəldikdə, ilk nüsxə əsas alınmaqla ədədi çoxaldılaraq yeddiyə çıxarılmış və müsəlmanların əhali baxımından sıx olduğu böyük şəhərlərə göndərilmişdir. Bu çoxaldılan nüsxələr də diqqətlə mühafizə olunmuşdur. Qurani-Kərim bir tərəfdən əzbər (hifz) yoluyla, bir tərəfdən də toplanıb yazılaraq təvatürən (yalan danışmaları qeyri-mümkün olan çoxlu sayda camaat tərəfindən, bir hərf belə təhrif olunmadan) günümüzə qədər gəlmiş və qiyamətə qədər də bu halı ilə qorunacaqdır. Qurana sevgi və hörmət etmək, göstərdiyi yoldan getmək hər müsəlmanın borcudur. Quran yolu səadət və haqq yoludur.
Quranın əsas xüsusiyyətləri
-Kəlmə və mənası ilə Allah-Təala tərəfindən vəhy olunmuşdur. Bu mövzuda Cəbrayıl (ə.s.) və Muhamməd (s.ə.s) vasitəçi olmuşdur.
-Peyğəmbərdən (s.ə.s) zamanımıza qədər təvatür yoluyla nəql edilmiş, milyonlarla insan tərəfindən zamanımıza qədər oxunmuş və qiyamətə qədər oxunmağa davam edəcəkdir.
-Quran asan bir şəkildə öyrənilmə xüsusiyyətinə malikdir.
-Quran həm kəlmə, həm də məna baxımından möcüzədir. İnsanda heyranlıq oyandıran bir bənzərsizliyə malikdir və bənzəri insanlar tərəfindən gətirilə bilməyəcəkdir.
-İyirmi üç il kimi qısa bir zamanda əsrlər boyunca kökləşib yerləşmiş olan bütpərəstlik və buna bağlı yüzlərlə pis və əxlaqsız adətləri kökündən silmişdir. Quranın ən mühüm xüsusiyyətlərindən biri insan ruhunda meydana gətirdiyi böyük təsir və buna paralel olaraq etdiyi mənəvi inqilabdır.
-Quranda çox qısa ayələrdə çox böyük həqiqətlər dilə gətirilmişdir.
-Namazlarda zəruri olaraq, namaz xaricində də hökmlərini öyrənib-anlamaq və ibadət məqsədi ilə daim oxunur.
-Quran başqa kitablar kimi müəyyən bir millətə və müəyyən bir zamanın ehtiyaclarını qarşılamaq üçün deyil, bütün zamanların ehtiyacını qarşılamaq üçün və bütün insanlığa göndərilmişdir.
[1] Qurandakı ayələri oxuyarkən harada durmaq, harada durmadan keçmək lazım olduğunu bildirən işarələr. Səcavəndlər təcvid ve qiraət elmləri ilə əlaqədardır və oxunan yerin mənası nəzərə alınaraq qoyulmuşdur. Bu işarələri ilk dəfə Muhamməd b. Tayfur əs-Səcavəndi (öl: 560/1165) qoymuşdur. Sonradan qoyulan bəzi işarələrlə birlikdə hamısına, onun adı ilə “Səcavənd” deyilmişdir.
ŞƏRHLƏR