SƏMİMİYYƏT

SƏMİMİYYƏT

Türkiyəli soydaşımız şair Necip Fazıl Kısakürek çox ibrətamiz söz və davranışları ilə tanınır.

 Bizim kimi insanların baxış tərzindən fərqli baxardı həyata. O, hikmətli və xalq dili ilə desək, insanın yeddi qatından keçən kəlamları ilə məşhurdur. Hikmətli sözlərindən biri belədir: “Namaz məsciddən çıxandan, həcc Məkkədən qayıdandan, oruc isə ramazandan sonra başlayır”. Şair bizə deyir: onsuz da məsciddə səni hər kəs görür, əsas məsələ budur ki, Allah ilə baş-başa qaldığın zaman sənin üzərində bayaqkı ibadətinin bir təsiri qalacaqmı?! Yəni dünyalıq işində də namazdakı kimi diqqətli olacaqsanmı? Və ya həcdən qayıdan bir insanı götürək; oradan qayıdandan sonra üzərində həcdəki əməllərinin təsiri qalacaqmı? Yoxsa “onsuz da həccə gedib hacı titulunu əldə etdim, insanlar mənə güvənməlidir, bundan sonra mənə nə lazımdır, - deyərək əvvəlki əməllərindən betər əməllərmi edəcək? Ən nəhayət, dolu-dolu keçirdiyimiz Ramazan ayı; bu ayda tutduğumuz oruclar, verdiyimiz iftarlar, sədəqələr və gecələri yuxusuz qalaraq etdiyimiz digər ibadətlər... Görəsən, ramazandan sonra, insanların çox da diqqətini çəkmədiyi vaxtlarda necə olacağıq? Görəsən, hər ilki kimi “gözəl əməllər qovluğu”nu ramazan qurtaran kimi on bir aylığına yenə rəfə qoyacağıq?

Bu sualların ardı-arxası yoxdur onsuz da. Göstəriş hər kəsin ən zəif nöqtəsidir. Yaradılmışların hamısı istəyir ki, elədiyi istər maddi, istərsə də mənəvi gözəl əməlləri görülüb təqdirlə alqışlansın. Amma bunun bir riya, yəni göstəriş olduğunu və əməllərimizin aqibəti üçün çox təhlükəli olduğunu düşünməz. Riyakarlıq haqqında Peyğəmbərimizin (s.ə.s) bir çox hədisi-şərifi var. Biz sadəcə bir neçəsini xatırlayaraq yazımıza davam edək:

“Qiyamət günü ilk hesaba çəkiləcək insan olaraq, şəhid olmuş bir şəxs hüzura gətirilər. Allah-Təala ona verdiyi nemətləri xatırladar, o da xatırlayar və bunlara qovuşduğunu etiraf edər. Uca Rəbbimiz:

   “Bəs bunlara qarşılıq nə etdin?” - buyurar.

   “Şəhid olana qədər sənin yolunda cihad etdim”, - deyə cavab verər, həmin şəxs.

   “Yalan deyirsən! “Bu nə igid adamdır” desinlər deyə vuruşdun, o da deyildi”, - buyurular. Əmr olunar, o şəxs üzüstə cəhənnəmə atılar.

Bu dəfə elm öyrənmiş, öyrətmiş  və Quran oxumuş bir şəxs hüzura gətirilər. Allah-Təala ona da verdiyi nemətləri xatırladar, o da xatırlayar və bunlara qovuşduğunu etiraf edər. Ondan da:

  “Bəs bunlara qarşılıq nə etdin?” - deyə soruşar. Həmin şəxs:

   “Elm öyrəndim, öyrətdim və sənin rizan üçün Quran oxudum”, - deyə cavab verər.

Allah-Təala:

“Yalan deyirsən! Sən “alim” desinlər deyə elm öyrəndin, “Nə gözəl oxuyur” desinlər deyə Quran oxudun. Bunlar da sənin haqqında söyləndi”, - buyurar. Əmr olunar, o şəxs də üzüstə cəhənnəmə atılar.

Sonra Allahın hər cür mal və imkan verdiyi bir şəxs gətirilər. Allah verdiyi nemətləri ona xatırladar, o da xatırlayar və bunlara qovuşduğunu etiraf edər. Uca Rəbbimiz:

“Bəs bunlara qarşılıq nə etdin?” - buyurar.

“Verilməsini sevdiyin, razı olduğun heç bir yerdən əsirgəmədim, sadəcə sənin rizanı qazanmaq üçün verdim, xərclədim”, - deyər.

Uca Allah:

“Yalan danışırsan! Halbuki sən, bütün etdiklərini “nə comərd bir insandır” desinlər deyə elədin. Bu da sənin üçün onsuz da deyildi”, - buyurar. Əmr olunar, o şəxs də üzüstə cəhənnəmə atılar”.[1]

Yuxarıdakı hədisi-şərifə dəstək verən digər hədisi-şəriflər də belədir:

“Kim bir xeyir əməlini şöhrət qazanmaq üçün xalqa bildirərsə, Allah onun gizli işlərini bildirər. Kim də bir xeyir əməlini xalqın təqdirini qazanmaq üçün başqalarına göstərərsə, Allah da onun riyakarlığını üzə çıxarar”.[2]

“Əziz və cəlil olan Allahın xoşnudluğunu qazanmağa aid olan bir elmi sırf dünyalıq əldə etmək üçün öyrənən şəxs, qiyamət günü cənnətin qoxusunu belə ala bilməz”.[3]

“Əməllər niyyətlərə görə dəyər qazanar”.[4]

Bir şəxs məqam və şöhrət üçün faydalı bir əsər yazarsa və ya moizə deyərsə, içində Allah üçün səmimiyyət yoxdursa, heyif onun əziyyətindən; nə insanlara faydalı oldu, nə də axirətə bir şey göndərdi! Ona qalan sadəcə quru yorğunluq oldu.

Nəhayət, Qurban bayramının da içində olduğu həcc günlərinə yaxınlaşırıq. İstər həccə gedən, istərsə də gedə bilməyib burada qurban kəsən bizlər, əvvəla nəfsimizin bitməz-tükənməz arzularını qurban etməliyik. Bir heyvanı yıxıb kəsməyə nə var ki?!.. Əsas məsələ odur ki, işlədiyimiz əməllər sayəsində dərəcəmizin yüksəldiyini düşünərək təkəbbürə qapılmayaq və şeytan bizi nəfsimizə xoş gələn bu duyğu ilə aldatmasın!


[1] Müslim, İmarə 152

[2] Buxari, Riqaq 36, Əhkam  9; Müslim Zöhd 47-48

[3] Əbu Davud, Elm 12; İbn Macə, Müqəddimə 23

[4] Buxari, Bədiul Vəhy 1;  Müslim, İmarə 155

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz