KİMDİR?
Şotland əsilli həkim və yazıçı Dr. Kronin bir xatirəsində belə deyir: “Londonda tanınmış bir alimin “Dünyamızın başlanğıcı” adlı konfransında iştirak edirdim.
Alim böyük okean dalğalarının yer qabığına çırpılması ilə ilk canlıların meydana gəldiyini desə də, bunu tam mənada izah edə bilmədi.
Konfransın sonunda iştirakçılar arasından azyaşlı bir uşaq alimə sual verdi:
- Dalğaların sahilə vurmasını çox yaxşı izah etdiniz. Bəs o dənizi və ya okeanı ora qoyan kimdir?
Saflıq və məsumluqla verilən bu sual dinləyiciləri düşünməyə vadar edərkən, alimin də bütün izahatlarını puça çıxarmışdı”.
Burada dünyanın yaradılışı ilə bağlı ağılın vəhyə əsaslanmayan bütün izahlarının bəsit və primitiv bir sualla yerlə-yeksan ola biləcəyini müşahidə edirik. Əslində bəsit kimi görünsə də səmimi verilən “kim?” sualı kainatın və bu möhtəşəm nizamın yaradıcısına aparır insanı. Elə isə gəlin görək sonuncu dəfə nə zaman ətrafımızda baş verənləri müşahidə edib öz-özümüzə bu sualı vermişik?
Bir gerçək var ki, baş verən hadisələrin və yaradılışın zəncirvari prosesini araşdırarkən nəticəni təbiətə bağlamaq istəyənlər heç vaxt ağıl laboratoriyasının sıxıcı dəhlizlərində var-gəl etməkdən qurtula bilməmişlər. Yalnız elmin çata bildiyi ən son nöqtədə vicdanına səmimiyyətlə “kim?” sualını verənlər bu acı aqibətə düçar olmaqdan xilas olmuş, həqiqi qurtuluşun yolunu tapmışdırlar.
Qurani-Kərimin Vaqiə surəsi bizi bu suallarla təfəkkürə dəvət edir: “Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa Biz?! Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məəttəl qalıb: “Biz ziyana uğramış, bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz). Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın nemətlərinə) şükür etmirsiniz? Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?”. (əl-Vaqiə, 63-72)
Həqiqətən, əkdiyimiz toxumu cücərdən, yer qabığının yumşaq və ya sərtliyindən asılı olmayaraq boy atıb gün üzünə çıxmasını təmin edən Allah deyilmi? Cansız gördüyümüz, üzərində heç bir həyat nişanəsi olmayan, xırda qum dənəsindən fərqsiz, hətta bəzən toxum olub-olmadığını ayırd edə bilmədiyimiz dənələrdən qocaman çinarlar bitirən kimdir axı? Kimdir “habbə”[1]yə həyat “hubb”[2]unu verən, bir toxumdan minlərlə toxum yaradıb cinsini davam etdirən? İnsanlara ikram edəcəyi meyvə-tərəvəzi kiçicik toxumun içində proqramlaşdıran kimdir? “Ol” əmri ilə zərif yarpaqlı gül-çiçəyi qayaların içindən çıxararaq dünyaya al-əlvanlıq bəxş edən kimdir?..
Suyun yaradılışını nə qədər düşünürük? Hansı ki, içərək tərkibindəki minerallarla qidalanırıq, yedikərimizin həzmini təmin edir, sayəsində maddələr mübadiləsi deyilən mürəkkəb bir proses gerçəkləşir. Sonra vücudumuzdan atdığımız həmin su torpaqda süzülür, dənizə tökülür, buxar olub göy üzünə qalxır, beləcə, Rəbbimizin təbiətə yerləşdirdiyi bir çox ilahi filtrdən keçərək təkrar şirin su halında önümüzə gəlir və bir daha doya-doya içirik. Sonra bir də içirik, bir də içirik, bir də içirik...
İnsan əlindəki bir stəkan suyun Adəm (ə.s)-dan bəri dəfələrlə istifadə olunduğunu düşünməzmi? Kimdir axı yerdə kirlətdiyimiz suyu göyə qaldırıb paklayaraq təkrar bizə göndərən? Kimdir çirkaba dönən, üfunət qoxusu ilə bizi narahat edən suyu ilahi iradəsi ilə buxarlandıraraq təkrar büllur kimi rəngsiz və qoxusuz qılan? Kimdir axı onu daimi dövrana tabe edib canlıların xidmətinə verən? Kimdir eyni suyu içərək, eyni torpaqda yaşayan bitkiləri əlvan çiçəklərlə bəzəyən? Eyni suyu içsə də birinin meyvəsini şirin, digərini turş yaradan... Hər birinə özünəxas dad bəxş edən kimdir? Yanar qaz olan oksigenlə partlayıcı təsirə malik hidrogeni bir araya gətirib içimizdəki susuzluq yanğısını söndürən kimdir?..
Allah qulunu təfəkkürə dəvət edir: “(Yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz?”. İlahi hikmət gərəyi yaş halda yanmayan ağac fotosintez prosesi nəticəsində atmosferi istənilən yanğına təkan verən oksigenlə zənginləşdirir. Məhz bitkilərdən ifraz olunan oksigen sayəsində istənilən bir şeyi yandıra bilirik. Əks halda insanlıq nə ocaq qalaya, nə qızına, nə də yediklərini bişirə bilərdi. Bəs bütün bunları yaradan, bir-birindən asılı halda incə dəqiqliklə kainata yerləşdirən kimdir? Əlbəttə ki, Allah! Elə isə insanı “Ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!” (əl-Vaqiə, 74) ilahi əmrindən uzaqlaşdıran nədir?
Bu surə dünya təlatümləri içərisində özünü və Rəbbini unudan insana bir çağırışdır. Həqiqətən, hara gedirik biz? Kimin mülkündə yaşadığımızdan xəbərsiz halda ömür sürərək verilən əmanəti zay etdiyimizin fərqindəyikmi? Allaha iman etdiyimizi deyirik. Amma gəlin görək yediklərimizi təbiətin bəxşişi olaraq görürük, yoxsa təbiətin özünün bizim üçün açılan ilahi süfrə olduğunu dərk edirik? İçdiyimiz suyu düşünərək onu bizə verənə şükür edirik, yoxsa hər fürsətdə ucuzluğu ifadə etmək üçün “su qiymətinə” deyərək qiymətsiz maye olduğunu dilə gətiririk? Şəfanın Allahdan olduğunu söyləyirik, amma can təlaşı ilə getdiyimiz xəstəxana binasının girişində gördüyümüz ağxalatlıları görər-görməz Onun Şafi ismini unudurqmu? Ruzini verən Allahdır deyirik, amma dolanışıq dərdi bizə Rəzzaqı unutdurursa, nəyə inanırıq o zaman? Verən də Odur, alan da, - deyirik, amma verəndə və alanda eyni təslimiyyəti sərgiləyə bilirikmi? Mülkün sahibi Odur, deyirik, amma mülk üçün dünya məliklərinin qapısında sürünərkən imanımızı sorğulayırıqmı?..
Əslində hər birimiz vicdanımızla baş-başa qalıb bu və bu kimi sualların cavabını verdiyimiz zaman kimə, yaxud nəyə inandığımızı öyrənmiş olacağıq.
ŞƏRHLƏR